“Report”: Dünya bazarında gümüş yenidən bahalaşacaq - ANALİTİKA

“Report”: Dünya bazarında gümüş yenidən bahalaşacaq - ANALİTİKA Qiymətli metalın ixracatçılarına onun 1 unsiyasının 15 dollardan ucuz olması sərf etmir
Analitika
26 Noyabr , 2018 14:49
“Report”: Dünya bazarında gümüş yenidən bahalaşacaq - ANALİTİKA

Bakı. 26 noyabr. REPORT.AZ/ Təxminən, 5 ay bundan əvvələ qədər dünya bazarında gümüşün 1 unsiyasının qiyməti 16-17 ABŞ dolları arasında dəyişirdi. Hazırda isə əmtəə birjalarında qiymətli metal 14-15 dollar arasında realizə edilir.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Danimarkanın aparıcı investisiya bankı - “Saxo Bank”ın əmtəə strategiyasının rəhbəri Ole Hansen hesab edir ki, gümüş həqiqi və yüksək qiymətini tapa bilmir və bu, ilk növbədə investorların qlobal iqtisadi artımın sürətlənməsi ilə bağlı narahatlığından irəli gəlir. Çünki, gümüş də daxil olmaqla qiymətli metallara investisiyalar adətən iqtisadi böhran ərəfəsində və yaxud dövründə artır. Hələlik isə belə bir təhlükə yoxdur, odur ki, gümüşün qiymətindəki ümumi tendensiya onun azalması istiqamətindədir.

Fransanın aparıcı investisiya bankı – NATİXİS-in qiymətli metallar üzrə analitiki Bernard Dahta da bu qənaətdədir ki, gümüşün qiymətindəki azalma müvəqqətidir və o, 2019-ci ildən qiymətli metal bazarında “ulduz” olacaq: “Biz qızılı və gümüşü investorlar üçün “təhlükəsiz liman” kimi görürük”.

“Report”un analitik qrupu da hesab edir ki, gümüş getdikcə bahalaşacaq və gələn il onun orta qiyməti 16,5 dollar/unsiyadan az olmayacaq. Qiymətin maksimal həddinin isə 18 dollar/unsiyaya çatması mümkündür. Müşahidələr göstərir ki, gümüşün qiyməti qızılın qiyməti ilə müqayisədə daha çox “dalğalanır” və bunun hesabına onun kəskin bahalaşaraq sonradan yenidən ucuzlaşması istisna deyil.

Bundan başqa, gümüş ixracı ilə məşğul olan ölkələr onun 1 unsiyasının qiymətinin ən azı 15 dollar olmasında maraqlıdırlar və buna nail olmaq üçün hasilatı (həm də ixracı) azaldıb, bazarda süni qıtlıq yarada və bahalaşmaya nail ola bilərlər. Əgər qiymət 15 dollarlıq psixoloji həddi keçsə, növbəti “dayanacaq”ların 16-17 dollar olması mümkündür. 

Son xəbərlər

Orphus sistemi