"Report": "Boeing"in səhmləri yenidən rekord vuracaq - ANALİTİKA

"Report": "Boeing"in səhmləri yenidən rekord vuracaq - ANALİTİKA Martın 10-da Efiopiyada Boeing 737 MAX 8 tipli sərnişin təyyarəsinin qəzaya uğramasından və 137 nəfərin həlak olmasından sonra qiyməti kəskin aşağı düşmüş ABŞ-ın Boeing korporasiyasının səhmləri yenidən dəyər qazanmağa başlayıb.
Analitika
1 Aprel , 2019 09:33
Report: Boeingin səhmləri yenidən rekord vuracaq - ANALİTİKA

Martın 10-da Efiopiyada "Boeing 737 MAX 8" tipli sərnişin təyyarəsinin qəzaya uğramasından və 137 nəfərin həlak olmasından sonra qiyməti kəskin aşağı düşmüş ABŞ-ın "Boeing" korporasiyasının səhmləri yenidən dəyər qazanmağa başlayıb.

"Report"un analitik qrupu bildirir ki, ötən həftə bu qiymətli kağızlar 5,25% bahalaşıb.

Belə ki, "Boeing"in 1 səhminin qiyməti 362 dollardan 381 dollara yüksəlib. Bununla belə, indiki qiymət bu il martın 1-də qeydə alınmış pik həddən, təxminən, 60 dollar azdır.

Xatırladaq ki, həmin gün "Boeing"n səhmləri 441 dollara qədər bahalaşaraq tarixi rekord vurmuşdu. Amma məlum qəzaya qədər qiymət 400 dollara qədər azalmışdı. Efiopiyadakı hadisədən sonra isə korporasiya bazar dəyərini təxminən 40 mlrd. dollar itirdi. Tədricən bu itkinin məbləği azalmaqdadır.

"Boeing 737 MAX 8" ABŞ-ın təyyarə istehsaçısının ən məşhur modellərindəndir. Hazırda dünyanın 59 aviaşirkəti 387 ədəd "Boeing 737 MAX 8"-ə malikdir. Bu rəqəm 400-ü keçə bilərdi, əgər qəza olmasaydı. Çünki "Boeing" korporasiyası qəzadan dərhal sonra həmin təyyarələr üçün verilmiş 49 sifarişdən məhrum olub. Bu isə milyardlarla dollar potensial gəlirin itirilməsi deməkdir.

Məlumat üçün bildirək ki, təkcə İndoneziyanın milli aviadaşıyıcısı - "Garuda" "Boeing"lə bağladığı 5 milyard dollarlıq müqaviləni ləğv edib və bu məsələdə ilk addımı atıb. "Garuda"nın sərnişinlərinin "Boeing"ə inamı itib və onlar "Boeing 737 MAX 8"də uçmaq istəmirlər", - deyə aviaşirkətin sözçüsü İhsan Rosan bildirib.

Oxşar addımı Çinin də atacağı bildirilir. Əgər rəsmi Pekin "Boeing"in sözügedən modellərinin ölkəyə idxal olunmasına qadağa qoysa, bu, ABŞ korporasiyası üçün 25 milyard dollar itki deməkdir. "Boeing" bu gəliri 3 ay ərzində əldə edir.

Bununla belə, ekspertlər hesab edirlər ki, Çinin həmin təyyarələrdən imtina etməsi ehtimalı azdır. Çünki təyyarə bazarında seçim imkanları məhduddir. "Boeing 737 MAX 8" modelinə yeganə alternativ "Airbus A320neo" ola bilər. Amma Avropanın təyyarə istehsalçısı meydanda tək qalsa, istədiyi qiyməti diktə edəcək və çinlilər onunla bazarlığa gedə bilməyəcək.

"Airbus"dan söz düşmüşkən, son vaxtlar onun səhmləri sürətlə bahalaşmaqdadır. Bu il yanvarın 3-də qiyməti 81 avroya düşmüş qiymətli kağızlar ötən həftəni 118 avroda yekunlaşdırıb. Başqa sözlə, ilin əvvəlindən bəri "Airbus"un bazar dəyəri təxminən 45% artıb. Amma bunu "Boeing"in uğursuzluğu ilə əlaqələndirmək düzgün olmazdı. Çünki martın 10-dan sonra "Airbus"un səhmlərində kəskin bahalaşma olmayıb və qiymət artımı təxminən 5 avro təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, həm "Airbus"un, həm də "Boeing"in səhmləri bahalaşmaqda davam edəcək. Amma investorların seçimi daha çox ABŞ korporasiyası olacaq. Yaxın 1 ay ərzində "Boeing"in səhmlərinin qiymətinin yenidən 400 dolları keçməsi, il ərzində hətta 500 dollara çatması proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi