"Report": Azərbaycandakı "qara valyuta bazarı" yox olmaq üzrədir

"Report": Azərbaycandakı "qara valyuta bazarı" yox olmaq üzrədir Bu il ərzində hər hərraca orta hesabla 50 mln. dollar çıxarılmalıdır
Analitika
24 Yanvar , 2017 12:38
Report: Azərbaycandakı qara valyuta bazarı yox olmaq üzrədir

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda son bir ildə valyuta qıtlığı səbəbindən yaranan "qara bazar" artıq yox olmaq üzrədir. "Report" xəbər verir ki, bunun əsas səbəbləri valyuta bazarında yaranan bolluq və kommersiya banklarının spred, yəni valyuta alış-satışı arasındakı fərqi azaltması amilləri ilə bağlıdır. 

Məsələn, bu gün "Azərbaycan Sənaye Bankı" ASC spredi artıq 2 qəpiyə, yəni hər 100 ABŞ dollarında 2 manata qədər azaldıb. Bu isə "qara bazar"ın getdikcə yox olmasına, bankların valyuta alqı-satqısında fəallaşaraq gəlirlərini artırmasına səbəb olacaq. 

Yaxın günlərdə bankların alış-satış məzənnələri arasında fərqi 1 qəpiyə qədər endirəcəyi ehtimal edilir. Bunun üçün mütəşəkkil bazar valyuta ilə tam təmin edilməlidir. "Report"un analitik qrupu hesab edir ki, bunun üçün Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarları, xüsusilə bankların fəaliyyətini diqqətlə izləyir. Buna misal olaraq, kommersiya banklarının balans qalıqları haqqında AMB-yə gündəlik hesabat göndərməsi barədə qərarı göstərmək olar. Belə ki, AMB qalıqların həcminə görə dövriyyədə olan nağd pul kütləsinin həcmini daha çevik müəyyənləşdirə biləcək, manat kütləsinin banklarda və əhalidə paylaşma payına görə dolların məzənnəsindəki artımın hansı səviyyədə dayandırılmasına qərar verəcək.

"Report"un analitik qrupu hesab edir ki, AMB-nin qarşısında duran əsas vəzifə ölkəyə idxal həcminin bir qədər azaldaraq tədiyyə balansında tarazlığa nail olmaqdır: "Bunun üçün Azərbaycanın 2017-ci ildə idxal həcminin 7-7,5 mlrd. dollara, yəni 2016-cı illə müqayisədə orta hesabla 15% azaldılması lazımdır. Bunun üçün Azərbaycanda dolların məzənnəsinin 2,00 AZN/USD-yə yaxınlaşdırılması və bir qədər sərt monetar siyasətin həyata keçirilməsi kifayətdir. Lakin bunun iqtisadi artım tempini yavaşladacağı da qeyd olunmalıdır". 

Analitiklərin fikrincə, idxalın ÜDM-in artımında payı azaldılaraq, bu kəsir turizm sektorunun inkişafı ilə kompensasiya olunacaq: "Qeyd edək ki, idxalın azaldılması baş tutsa belə, valyuta bazarı hər hərracda 50 mln. dollar vəsaitlə təmin edilməlidir. Belə ki, ildə 52 həftə və hər həftə 3 hərrac keçirilir. Bu da öz növbəsində sadə hesablamalarla 150-ə yaxın hərrac deməkdir. İdxalın azalmadan sonra 7,5 mlrd. dollara düşəcəyini ehtimal etsək, hər həraca 50 mln. dollar çıxarılması zərurəti yaranır. Yanvar-fevral ayları bir qədər iqtisadi fəallıq baxımından bir qədər zəif dövr olduğuna görə, mart ayından etibarən maliyyə bazarlarını izləmək daha maraqlı olacaq".

Son xəbərlər

Orphus sistemi