Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 16%-dən 14%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8% səviyyəsində saxlanılması yerli bankları kreditləşdirməni genişləndirməyə məcbur edəcək.
“Report”un analitik qrupu hesab edir ki, son qərarlar ölkə iqtisadiyyatını canlandırma, iqtisadi inkişaf tempini artırma cəhdi kimi qiymətləndirilməlidir.
Azərbaycanda uçot dərəcəsi uzun müddət kredit faizlərinin formalaşmasında təsir gücünə malik olmayıb. Uçot dərəcəsi ilə bazardakı faiz dərəcəsi bir-birindən kəskin fərqlənib. Manatın devalvasiyasından sonra Azərbaycanda pul-kredit siyasəti çərçivəsində müəyyən rıçaqlardan istifadə olunsa da, milli valyuta ilə cəlb olunan vəsaitlərin faiz dərəcələrinin yüksəldilməsi də vacib məsələ idi.
AMB-nin uçot dərəcəsini kəskin artırmasının iki fundamental səbəbi vardı. Bunlardan biri odur ki, qurum manata olan inamı bərpa etmək istəyirdi və bunun üçün milli valyutanın gəlirliliyi yüksəldilməli idi. Yalnız bu halda insanlar vəsaitlərini manatda saxlamağa üstünlük verəcəkdilər və bu addım özünü doğrultdu. Artıq manata qarşı təzyiqlər azalıb və tənzimləyici qurum yumsaq pul-kredit siyasətinə keçmək, kreditləşmənin xərcini azaldaraq bankları iqtisadiyyatı kreditləşdirməyə stimullaşdırmaq istəyir. Son vaxtlar bank sektorunun kredit verməyə marağı artsa da, faiz dərəcələrinin yüksək olması kreditləşməni genişləndirməyə mane olur. AMB faiz dəhlizinin aşağı həddini kredit təşkilatını qane edən səviyyədə (8%) saxlasa da, banklar vəsaitlərini təkcə not və depozit hərraclarına yönəltməyəcəklər, həm də kredit verməyə çalışacaqlar.
Azərbaycanda uçot dərəcəsinin kəskin artırılmasının digər səbəbi isə iqtisadiyyatdakı aktivliyin müvəqqəti azaldılması və inflyasiyanın tənzimlənməsi istəyi ilə bağlı idi. Amma iqtisadi aktivliyin onsuz da aşağı olduğu və milli valyutanın dəyərdən düşdüyü şəraitdə bu bir qədər çətin və yararsız qərar idi. Artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. Əminlikdə demək olar ki, AMB-nin yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırması qiymətləri nəzərəçarpacaq dərəcədə artırmayacaq.