Yuxarı
    Bağlamaq

    "Report": ARDNF-in səhmlərə investisiyalarını artırmaq istəməsi yanlış addımdır

    Fond birjası indeksləri artıq maksimal səviyyəyə yaxındır

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaxın zamanlarda səhmlərə investisiyalarını 15%-dən 25%-dək artırmaq qərarına gəlib. 

    "Report"un Yaponiyanın "Nikkei Asian Review" nəşrinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "Nikkei Veritas" həftəlik maliyyə qəzetinə ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov verib. Onun sözlərinə görə,  ARDNF daşınmaz əmlaka yatırılan kapitalın məcmu investisiya portfelində xüsusi çəkisini də hazırkı 5,5%-dən 10%-ə qədər artırmağı planlaşdırır.

    Nəşrdə həmçinin qeyd olunub ki, yaponiyalı iqtisadçıların fikrincə, hazırda qlobal maliyyə bazarlarında qiymətli kağızların aşağı faiz dərəcəsinə sahib olması ARDNF-in maliyyə portfelini riskli vəziyyətə gətirib çıxarıb. Bu səbəbdən, ARDNF daha riskli qiymətli kağızlara investisiya qoymaq qərarına gəlib.

    "Report"un analitik qrupu qlobal fond bazarlarının cari vəziyyətini və qlobal iqtisadi perspektivləri təhlil edərək hazırda ARDNF-in riskli qiymətli kağızlara, xüsusilə də səhmlərə investisiyalarını artırmasını düzgün addım kimi qiymətləndirmir: "Son illərdə dünya fond birjalarının qiymət indeksləri sürətlə yüksələrək tarixi maksimal hədlərinə çatıb və hazırda bu səviyyəyə yaxın həddə qərarlaşıb. Buna səbəb isə inkişaf etmiş ölkələrin monetar ekspansiya həyata keçirərək öz iqtisadiyyatlarını canlandırmaq istəməsi olub. 

    Bununla yanaşı, həmin ölkələr uçot dərəcəsini minimum səviyyəyə, hətta mənfi həddə salaraq real iqtisadiyyata maliyyə vəsaitlərinin yönəlməsini təşviq edir. Lakin, gördüyümüz kimi, bu vəsaitlər real iqtisadiyyata deyil, birbaşa spekulyativ olaraq fond birjalarına axıb. Yəni, iqtisadi artım olmadan, şirkətlər kifayət qədər mənfəət açıqlamadan fond birjaları əsassız olaraq artıb".

    "Yaxın gələcəkdə isə iqtisadi artımın inkişaf etmiş ölkələrdə sabitləşəcəyi, bununla da monetar ekspansiyanın dayanacağı və uçot dərəcəsinin yüksələcəyi proqnozlaşdırılır. Lakin fond birjalarının bundan sonra yaxın 1-3 ildə artması mümkün deyil. Ona görə ki, fond birjaları artıq "köpük" səviyyəsinə yaxındır və bir qədər sonra fond birjalarından maliyyə vəsaitlərinin çıxaraq faizlərin artması gözlənilən istiqraz bazarına yönəlməsi gözlənilir. Bu fonda "Report"un analitik qrupu inkişaf etmiş ölkələrin fond bazarı indekslərinin 10-15% azalacağını ehtimal edir", - deyə analitiklər bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi