“Report”: “Apple”ın müsbət göstəriciləri digər texnologiya nəhənglərinin səhmlərinə də marağı artırır - ANALİTİKA

“Report”: “Apple”ın müsbət göstəriciləri digər texnologiya nəhənglərinin səhmlərinə də marağı artırır - ANALİTİKA “Amazon”, “Alphabet” və “Microsoft” kimi korporasiyaların da bazar dəyəri 1 trln. dollara çata bilər
Analitika
6 Avqust , 2018 14:57
“Report”: “Apple”ın müsbət göstəriciləri digər texnologiya nəhənglərinin səhmlərinə də marağı artırır - ANALİTİKA

Bakı. 6 avqust. REPORT.AZ/ Bu günlərdə ABŞ-ın “Apple” korporasiyasının səhmlərinin qiyməti 207 dollara çatdı və bununla da şirkətin bazar dəyəri 1 trld. dolları ötdü.

“Report”un analitik qrupu bildirir ki, 10 il bundan əvvəl “Apple”ın səhmlərinə cəmi 1 000 dollar investisiya edənlər həmin məbləği qiymətli kağızların bahalaşması və korporasiyanın ödədiyi dividentlər hesabına 9 200 dollara çatdırıb.

“Apple” ABŞ-ın tarixində bazar dəyəri 1 trln. dollar çatmış ilk şirkətdir. Amma onun nailiyyəti dünya üzrə ilk sayılmır. Belə ki, 2007-ci ildə Çinin neft nəhəngi “PetroChina” Şanxay və Honkonq birjalarında 1,1 trln. dollarlıq bazar dəyərinə sahib olmuşdu. Lakin şirkətin bu uğuru çox davam etməmiş, 2008-ci ilin sonundakı qlobal iqtisadi böhran nəticəsində “PetroChina” 260 mlrd. dollara qədər ucuzlaşmışdı.

“Apple”a gəlincə, onun səhmlərinin kəskin bahalaşmasına səbəb gəlirlilik göstəricilərinin gözləniləndən çox olmasıdır. Bu da “Iphone X” smartfonlarının “Apple” tarixində ən yaxşı satılan mobil telefon modeli olmasından irəli gəlir. Tələbatın yüksək olması özünü smartfonların qiymətində də göstərir. Lakin satış həcminin proqnozlardan az olması investorları narahat etməkdədir.

Bu arada maliyyə bazarlarındakı hər hərəkəti ilə trend yaradan ABŞ-ın “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Bafet 75 mln. ədəd “Apple” səhmi almaqla investorları həvəsləndirib. Amma Donald Tramp hökumətinin bir sıra idxal məhsullarına gömrük rüsumu tətbiq etməsi “Apple” üçün də mənfi nəticələr doğura bilər.

Hələlik isə texnologiya nəhəngi müsbət göstəricilər nümayiş etdirir və investorları onunla yanaşı, “Amazon”, “Alphabet” və “Microsoft” kimi korporasiyaların da səhmlərini almağa sövq edir. Bu trend davamlı olsa, “Apple”la yanaşı, adları çəkilən nəhənglərdən də 1 trln. dollarlıq bazar dəyəri gözləmək olar.

Son xəbərlər

Orphus sistemi