Yuxarı
    Bağlamaq

    ​Rəy: Dünya bazarında neftin ucuzlaşması müvəqqəti prosesdir

    Müşahidəçilər yaxın perspektivdə vəziyyətin düzələcəyini proqnozlaşdırırlar

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Son vaxtlar dünya neft bazarında qiymətlərin kəskin düşməsi obyektiv və subyektiv siyasi və iqtisadi amillərlə bağlı olan müvəqqəti prosesdir. Məlum olduğu kimi, 2014-cü ilin sentyabr ayından dünya bazarlarında neftin qiyməti enməyə başlayıb və oktyabrın əvvəlində qara qızılın qiyməti 1 barelə görə 90 dollardan aşağı düşüb.

    "Report" agentliyinin analitik qrupunun ekspertləri hesab edirlər ki, uzunmüddətli perspektivdə neftin qiyməti artacaq: "Birincisi, dünyada neft yataqları məhduddur, ikincisi, enerjiyə olan tələbat ildən-ilə artır, neft bərpa olunan enerji mənbəyi deyil. Bununla yanaşı, bir çox ölkədə istifadə edilən alternativ enerji imkanları məhduddur və dünya iqtisadiyyatının artan tələbatını təmin etmək iqtidarında deyil. Bundan başqa, bu gün alternativ enerjinin istehsal texnologiyası olduqca bahalıdır və bu sahə üçün hələ də dotasiyalar ayrılır".

    "Report" agentliyinin analitikləri dünya bazarlarında neftin qiymətinin düşməsi ilə bağlı vəziyyətin şişirdilməsinin əleyhinədir və ucuzlaşmanın Azərbaycanın büdcə gəlirlərinə ciddi təsir etməyəciyini qeyd edirlər. Belə ki, 2014-cü ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/barel səviyyəsində götürülüb. "Dünya bazarında mənfi dinamikaya baxmayaraq, 2014-cü ilin oktyabr ayının ortalarına olan məlumata görə, dünya bazarında Azərbaycan neftinin orta qiyməti hələ də 100 dollardan artıqdır. Yəni, hazırda ölkənin əsas maliyyə sənədi üçün bu proses real təhlükə daşımır. Ehtimal etmək olar ki, bu göstərici hələ uzun müddət ərzində Azərbaycan üçün əlverişli olan həddə qalacaq", - deyə agentliyin ekspertləri qeyd ediblər.

    Analitiklərin rəyinə əsasən, hətta ən bədbin ehtimallarla - neftin dünya qiymətlərinin uzunsürən enmə prosesi müşahidə olunacağı təqdirdə, Azərbaycan ölkə iqtisadiyyatının sabitliyini təmin edəcək kifayət qədər maliyyə vəsaitlərinə sahibdir. Belə ki, 2014-cü il oktyabrın 1-nə Dövlət Neft Fondunun ehtiyatları 37,3 mlrd. ABŞ dollarını keçib, Mərkəzi Bankın ehtiyatları isə 15 mlrd. dollar təşkil edir və bu, toplam olaraq ölkənin 33 aylıq idxalına bərabərdir. 

    "Neftin 140 dollar/bareldən təxminən üç dəfə ucuzlaşdığı 2008-ci ildəki dünya iqtisadi böhranının başlamasını xatırlamaq yetərlidir. Hətta belə mürəkkəb vəziyyətdə Azərbaycan iqtisadiyyatı sarsılmadı", - deyə "Report"un ekspertləri vurğulayıblar.

    Bundan əlavə, son illər Azərbaycan hökuməti iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün kompleks tədbirlər görür. Belə ki, 2013-cü ildə qeyri-neft ÜDM-in payı 56% təşkil edirdisə, 2014-cü ilin 9 ayı nəticəsində bu göstərici 58%-ə çatıb. 

    Digər tərəfdən, agentliyin analitikləri qeyd edirlər ki, neftin ucuzlaşması prosesinin uzanması və dərinləşməsi istehsalçı ölkələrə sərf etmir. Beynəlxalq müşahidəçilərin rəyinə əsasən, idxalçı ölkələr üçün ən əlverişli qiymət 100 dollar/barel təşkil edir. Öz növbəsində, neft dövlətlərinin gəlirlərinin azalması karbohidrogen ixrac edən ölkələrə müasir avadanlıq və yeni texnologiyalar satan Qərb ölkələri üçün də sərfəli deyil.

    Həmçinin, nəzərə almaq lazımdır ki, dünya neft hasilatının 40%-nə nəzarət edən Neft İxracatçıları Ölkələri Birliyi (OPEC) əvvəlki illərdə olduğu kimi, kartelin üzv ölkələri üçün hasilat kvotasının azaldılması ilə bağlı tədbirlərə əl ata bilər. 

    Bundan başqa, son illər ABŞ hökuməti ölkədə neft və qaz şist yataqlarının işlənməsinə xüsusi diqqət ayırır. Həmin sahənin mütəxəssislərinin hesablamalarına görə, şist yataqlarının işlənməsi neftin dünya qiymətinin 75 dollar/bareldən az olmayacağı təqdirdə iqtisadi baxımdan sərfəlidir. Yaxın zamanlarda Rusiyadan enerji asılılığını minimallaşdırmaq istəyən Avropa ölkələri də şist yataqlarının işlənməsinə başlamağı planlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi