“İyul ayında Tovuzda baş verən hadisələr fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri bu qrupun bayrağı altında keçirilən bir çox danışıqlar kimi formal, sıradan olmamalıdır. Özü də Azərbaycanda, elə müşahidəçilərin özlərində də bu struktura çox sayda sual yığılıb qalıb”.
Bu fikirləri “Report”un Rusiya bürosuna rusiyalı politoloq, “Avrasiya İdeyaları Emalatxanası” Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk deyib.
“Bakıya bu səfər çərçivəsində Minsk Qrupunun nümayəndələrinə bütün bu suallar veriləcək. Daha dəqiqi, qrupun iyul döyüşlərində kimi təcavüzkar sayması soruşulacaq. Onlar, yeri gəlmişkən, 2016-cı ilin aprel döyüşlərinə də cavab verməyiblər. Bundan əlavə, bundan sonra Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan danışıqları hansı formada və hansı sürətlə aparılacaq kimi vacib suala aydınlıq gəlməlidir. Və nəhayət, qrup Nikol Paşinyanın artıq iki ildən çox müddətdə danışıqlar prosesinə zidd olan bütün açıqlamalarını necə qiymətləndirdiyini bildirməlidir”, - o bildirib.
ATƏT-in Minsk Qrupunun danışıqların gedişatına real olaraq təsir göstərə bilib-bilməyəcəyinə dair sualı cavablandıran Q.Trofimçuk belə deyib: “Qrup buna qədər danışıqların gedişatına və sürətinə təsir göstərə bilməyibsə, o zaman çətin ki, eyni tərkibdə yaxın gələcək və strateji perspektiv üçün yeni bir şey təklif edə bilsin. Məsələn, bir mütəxəssis kimi hesab edirəm ki, hansısa səbəbdən qrupun tərkibini dəyişdirmək mümkün deyilsə, heç olmasa bu danışıqlar masasının ətrafında olan mütəxəssislər dairəsi genişləndirilməlidir. Hər bir halda danışıqların sürətlənməsinə və konkretləşdirilməsinə kömək edə biləcək təklifləri nəzərdən keçirmək lazımdır”.
“Ancaq ATƏT-in Minsk Qrupunun qarşıdakı səfərində buna yaxın belə şeylərin olmadığı məlum olarsa, Azərbaycan artıq bu strukturla belə uzunmüddətli rejimdə danışıqları davam etdirməyə dəyib-dəymədiyinə qərar verməlidir. Bəlkə də yalnız Qarabağ məsələsinə baxılmasını sürətləndirmək üçün yox, həm də ATƏT-in Minsk Qrupunun bu cür fəaliyyətsizliyi nəticəsində bütün bölgənin partlamaması üçün bəzi başqa variantları təklif etməsi məqsədilə birbaşa BMT-yə mürəciət etmək lazımdır”, - ekspert fikrini tamamlayıb.