Qlobal fond bazarında vəziyyət ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının xeyrinə dəyişir - ANALİTİKA

Qlobal fond bazarında vəziyyət ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının xeyrinə dəyişir - ANALİTİKA Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrin avrobondları isə dəyərdən düşməkdədir
Analitika
28 Mart , 2018 15:09
Qlobal fond bazarında vəziyyət ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının xeyrinə dəyişir - ANALİTİKA

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün dünya səhm bazarında növbəti dəfə ucuzlaşma qeydə alınıb.

“Report”un analitik qrupu bildirir ki, fond birjalarında “S&P500” indeksi 1,7% azalıb.

Bununla da investorlar ötən gün qeydə alınmış 2,7%-lik artımın hesabına əldə etdikləri gəlirin bir hissəsini itiriblər. Səhm bazarının volatillik indeksi olan “Cboe Volatility” (VIX) isə son 4 gündə 3 dəfə artaraq 22,5-ə çatıb. Bu isə onun keçənilki səviyyəsindən, demək olar ki, iki dəfə yüksəkdir.

“MSCI Asia Pacific” indeksində də azalma müşahidə olunur. ABŞ-ın texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması tendensiyası artıq Asiya bazarlarına keçib. Buna səbəb kimi prezident Donald Trampın Çini intellektual mülkiyyət hüquqlarının qorumamaqda ittiham edərək bu ölkənin texnologiya bazarına investisiyaları dayandırmaq niyyəti göstərilir. Yeri gəlmişkən, ABŞ rəhbərinin son qərarları dünyada ticarət müharibələrinə gətirib-çıxarıb ki, bu da səhmlərin ucuzlaşmasının səbəblərindən biridir. Bundan başqa, son vaxtlar “Samsung Electronic Co.”, “Tencent Holdings”, “Nvidia Corp”, “Facebook” kimi texnologiya nəhəngləri barədə yayılan xəbərlər də texnoloji səhmlərə tələbatı azaldıb.

Bununla belə, bir sıra mütəxəssislər səhmlərin ucuzlaşmasını fond bazarının adi korreksiya mexanizmi kimi qiymətləndirirlər. Onlar bu prosesin azı 7 ay davam edəcəyini proqnozlaşdırırlar. Məsələ ondadır ki, “S&P 500” indeksi bu ilin əvvəlindən bəri 6 dəfə 2%-dən çox azalma nümayiş etdirsə də, bu, 2008-ci ildəki vəziyyətlə müqayisədə elə də pis deyil. Həmin il sözügedən indeksdə 9 dəfə və indikindən daha çox azalma müşahidə edilmişdi. VİX volatillik indeksi isə həmin günlərdə 80 civarında idi. Rəqəmlər maliyyə bazarının böhrandan çox uzaqda olduğunu və ciddi narahatlıqlara səbəb olmadığını göstərir.

Hələlik isə səhm bazarındakı ucuzlaşma investorların daha təhlükəsiz olan ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarına tələbatı artıb. Bu isə onların bahalaşmasına səbəb olub. 10 illik istiqrazlarda qiymət artımı ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından 1 həftə keçməmiş baş verib. Yeri gəlmişkən, sözügedən qiymətli kağızların bahalaşmasında uçot dərəcəsinin artırılması hesabına onların gəlirliliyinin yüksəlməsi də rol oynayır. 

Əvəzində inkişaf etməkdə olan ölkələrin avrobondlarına olan maraq azalmaqda, onlar ucuzlaşmaqdadır. Türkiyə, Braziliya kimi ölkələrin avrobondları ilə bərabər 10 il müddətinə Azərbaycan avrobondları da dəyərdən düşməkdədir və nominal dəyərindən aşağı qiymətə alınıb-satılır. 

Xatırladaq ki, sözügedən qiymətli kağızları Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə dövriyyəyə buraxıb. Bunlar hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1,25 mln. ədəd istiqrazdır. 

Orphus sistemi