Qərəz onları ruhdan sala bilər

Qərəz onları ruhdan sala bilər Pandemiya ilə mübarizə üçün hazırda karantindən effektiv yol yoxdur
Analitika
1612
10 İyul , 2020 21:53
Qərəz onları ruhdan sala bilər

Yaydır, insanlar pandemiya ilə bağlı tətbiq olunan karantin rejimində evdə qalmaqdan bezib. Bu, Operativ Qərargahın bugünkü brifinqində də etiraf edildi. Lakin pandemiya ilə mübarizə üçün hazırda karantindən effektiv yol yoxdur, əks halda hamımızı faciə gözləyər.

Paradoksal olsa da, evdə olanlar bütün gününü çöldə keçirməyi arzulayırsa, işdə olanlar da yumşaq şəkildə desək evdən ötrü darıxır, ailə üzləri ilə daha çox vaxt keçirmək istəyir. Bu cür peşə sahibləri ilə bağlı “Biz işləyirik, siz evdə qalın” şüarı da işlədilir. Lakin bu şüar lağlağıya çevriləndə, yaxud pandemiya müddətində gecə-gündüz çalışan qurumlar barəsində qərəzli yanaşmalar olanda müvafiq peşə sahibləri də ruhdan düşə bilər.

Bu sıraya TƏBİB-dən tutmuş Bakı Nəqliyyat Agentliyinə qədər bütün qurumları aid etmək olar. Koronavirus xəstəsini müalicə edən həkimdən, simptomsuz xəstələrlə ünsiyyətdə olan polis, avtobus və taksi sürücüsü, market satıcısı, kanalizasiya işçisi, zibilləri daşıyan, neft və qaz təsərrüfatının işçiləri, sosial xidmət müəssisələrinin baxıcılıq xidməti göstərənlər və digər peşə sahibləri... Onlar doğrudan da işləyir ki, başqa insanlar evdə qalsın. Başda həkimər olmaqla sadaladığımız digər peşə sahibləri hər an COVID-19-a yoluxma riski ilə üz-üzədir. Əlbəttə, problem varsa deyilməlidir. Necə ki, bir sıra problemlər deyilir və nəticəsi də olur: dövlət qurumları həmin məsələlərə reaksiya verir, həll edir. Lakin qərəzli münasibət yolverilməzdir. Pandemiya dövründə həmin qurumlar, onların insanları barəsində yazarkən həssas yanaşma sərgiləməliyik. Onlar bizim “klavyatura qəhrəmanlığımıza”, yerli-yersiz qınağımıza layiq deyil.

Odur ki, daha diqqətli olmalı, pandemiya dövründə gecə-gündüz çalışanları nəinki ruhdan salmamalı, onları həvəsləndirməliyik.