Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiya mütəmadi olaraq yeni sanksiyaların təsiri altına düşür. Bu prosesə okeanın o tayında ABŞ, bu tayında isə Avropa İttifaqı (Aİ) liderlik edir. Aİ ölkələri artıq Rusiyaya qarşı 5-ci paket sanksiyaları razılaşdırdı. Buna baxmayaraq Rusiyanın ixrac gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynayan enerjidaşıcılarına (təbii qaz, neft və neft məhsulları, kömür) qarşı embarqonun tətbiqi məsələsində uzun müddət konsensus əldə etmək mümkün olmurdu.
Lakin proses deyəsən ölü nöqtədən tərpənib. Belə ki, Aİ Rusiyadan kömür alışına və onun tranzit daşımalarına qadağa qoyub. Bu, Rusiyanın cəmi kömür ixracının ¼-nə təsir edəcək və şimal qonşumuz üçün 8 milyard avroya başa gələcək. Ötən il Rusiya Avropaya 47,2 milyon ton enerji istehsalı üçün istifadə olunan kömür, 3,4 milyon ton kokslaşdırılmış kömür (metallurgiyada istifadə olunur) tədarük edib. Bu, şimal qoşumuzun cəmi (223,3 milyon ton) kömür ixracının 23 %-ni təşkil edir. Hesabat dövründə ixracın əsas hissəsi (129 milyon ton) Asiya-Sakit Okeanı regionuna gedib.
Rusiya sanksiyalardan ondan başqa hamının zərər görəcəyi taktikasına sadiq qalaraq öz kömürünə yeni tədarük bazarları tapacağını iddia edir. Qərbdən əli üzülən Rusiya bütün diqqətini Şərqə yönəldib. Burada potensial alıcılardan biri ənənəvi olaraq Yaponiya olub. Bu ölkə dünyanın üçüncü ən böyük kömür tədarükçüsüdür. Ukraynadakı münaqişə fonunda Yaponiya aktiv şəkildə anti-Rusiya sanksiyalarını dəstəkləyir. Bu əsnada ölkə Rusiyadan kömür alışını dayandıracağını da bəyan edib. Yaponiyanın Rusiyadan kömür tədarükündə artıq fevraldan bu yana azalma tendensiyası müşahidə edilir. Belə ki, fevralda bu göstərici 1,57 milyon ton, martda 871 min ton olub. Bu aydakı ixracın isə 687 min ton həddində olacağı gözlənilir. Yaponiya ötən il Rusiyadan ümumilikdə 19,73 milyon ton kömür tədarük edilib. Belə olan halda Rusiya Avropa istiqamətindən azad olan 50 milyon tondan əlavə 20 milyon tona da yeni alıcılar tapmalı olacaq.

Rusiya hesab edir ki, azad olan kömür həcmləri dünyanın ən böyük kömür tədarükçüləri olan Çin və Hindistan qəbul edə biləcək. Lakin Rusiyanın bu niyyətinin reallaşmasının “sualtı daşlar”ı mövcuddur. Hindistan ötən il Rusiyadan cəmi 5 milyon ton kömür alıb. Elə həmin ildə iki ölkə arasında Rusiyadan 40 milyon ton kömürün tədarükü haqqından memorandum imzalanıb. Lakin söhbət metallurgiyada istifadə olunan kömürdən gedir. Aİ-nin imtina etdiyi Rusiya kömürünün isə 93 %-ni enerji istehsalı üçün istifadə olunan kömür təşkil edir. Həmin kömürə isə Hindistan maraq göstərmir. Belə olan halda əsas güc Çinin üzərinə düşür. Ötən il Çin xaricdən 300 milyon ton kömür alıb ki, onun da 53 milyon tonu Rusiyanın payına düşüb. Yəni nəzəri olaraq Rusiyanın bu bazarda pay almaq imkanları var. Lakin logistika kanallarının müəyyən ötürücülük qabiliyyəti var və ondan artığını göndərmək sadəcə mümkün deyil. Hər şey hazırda məhz bu yöndə cərəyan edir. Çin istiqamətində Baykal-Amur magistralı və Trans-Sibir Dəmir Yolu xətti maksimal dərəcədə yüklənib. Belə olan halda tədarükü Şimal-Qərb və ya Qara dəniz limanlarına yönləndirmək lazım gələcək. Bu isə nəticə etibarı ilə daşınma xərclərini 7 dəfəyə kimi artıracaq. Bu da nəticə etibarı ilə kömürün son qiymətinə təsir edəcək. Çinin bu cür bahalı kömürü alacağı mümkünsüz görünür. Yəni Rusiya istənilən halda Avropanın imtina etdiyi kömürün bir qisminə belə ən azından qısa zamanda alıcı tapa bilməyəcək.
Avropa kömürə olan ehtiyacını ABŞ, Kolumbiya, Avstraliya, CAR hesabına ödəməyə çalışacaq. Ötən ay Aİ ABŞ-dan 809 min ton (ötənilki martla müqayisədə 30 % artıb), Kolumbiyadan 1,3 milyon ton (+47,3 %), CAR-dan 287 min ton (idxal olmayıb) enerji istehsalı üçün istifadə olunan kömür tədarük edib. 2022-ci ilin ilk rübündə Avstraliyadan 537 min ton kömür alınıb, halbuki, Aİ ötən ilin yanvar-mart aylarından bu ölkədən tədarük həyata keçirməyib. ABŞ bu il 2018-ci ildən bu yana rekord həcmdə enerji istehsalı üçün istifadə olunan kömürü ixrac etməyə hazırlaşır. Söhbət 45 milyon tondan gedir. Kolumbiya da xarici bazarlara tədarükü artırmağı planlaşdırır. Onun ixracı bu il 14 milyon ton artaraq 67 milyon ton ola bilər. Aİ-nin kömürü bu qədər uzaqdan gətirməsi daha baha başa gəlir. Lakin təbii qazın qiymətləri ilə müqayisədə hətta bir ton üçün 300 ABŞ dolları ödəmək Aİ iqtisadiyyatı üçün dözülən həddir.
Eynisini isə Rusiya haqqında demək olmur. Hər ötən gün sanksiyalar onun iqtisadiyyatını daha da sarsıdır. Valyuta ehtiyatları “əriyir”, ixrac gəlirləri azalır, inflyasiya əhalinin gəlirlərini “yeyir”, ölkə defoltun astanasındarır. Bütün bunlar azmış kimi neft-qaz embarqosu "Damokl qılıncı" kimi onun başının üstündə sallanır. Rusiyanın Ukraynada sarsıdıcı zərbə endirmək üçün qüvvələrini yenidən təşkil etməsi ətrafındakı iddialar ona qarşı ən sərt addımların masada olması deməkdir. Kömür embarqosu Ukraynanın Buça şəhərində rus hərbiçilərinin dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamın dünya mediasının gündəminə oturması fonunda baş verdi. Alternativlər baxımından Rusiya neftindən imtina təbii qazdan imtinadan daha tez reallaşdırıla bilən prosesdir. Ona görə Rusiya enerjidaşıyıcılarına qarşı növbəti qadağanın məhz neft və neft məhsullarını əhatə edəcəyi şübhə doğurmur. Burada qırmızı xətt rolunda isə Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi ola bilər. Bunun yolverilməzliyini həm ABŞ prezidenti həm də Avropa liderləri dəfələrlə vurğulayır. Lakin Ukrayna ərazisində formalaşdırılan qondarma respublikaların birinin sözçüsünün bu məsələdə səsləndirdiyi fikirlər narahatlıq doğurur. Həmin şəxsə görə Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” müəssisəsinin ərazisində döyüşən Ukrayna hərbçilərinin neytrallaşdırılmasının ən effektiv yolunun kimyəvi silahdan istifadə olunmasıdır. Artıq dünən Ukrayna tərəfi “Azovstal” ərazisində Rusiyanın kimyəvi silahdan istifadə etməsi barədə məlumat yaydı. Bu ssenarinin reallaşması dünyada Rusiyaya qarşı yeni sanksiyalar dalğasını qaldıracaq. Onun hədəfində isə növbədə neft embarqosu duracaq.