Yuxarı
    Bağlamaq

    Qərbi Azərbaycan ərazisində fəallaşan terrorçular - çomağın o biri başı - ŞƏRH

    İraq və Suriyanın timsalında onların bu istiqamətdə fəaliyyəti aydın görünür

    Bakı. 7 avqust. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətində keçirdiyi əməliyyat nəticəsində 2 silahlı zərərsizləşdirilib, 4-ü yaralanıb.

    Bunu SEPAH-ın quru qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.

    Məlumata görə, terrorçulardan xeyli silah-sursat aşkar edilərək götürülüb. M.Pakpur terrorçuların hansı qruplaşmanın üzvü olmaları haqqında açıqlama verməyib.

    Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində terrorçu PKK-nın İslam Respublikası ərazisində fəaliyyət göstərən qolu PJAK, “Komilə” terrorçuları ilə İran hakimiyyətinin hərbçiləri arasında uzun illərdir silahlı qarşıdurma mövcuddur. 

    Bundan başqa, İran Kürdüstan Demokrat Partiyası da İrandakı hakimiyyətə qarşı silahlı mübarzə aparacağını açıqlayıb. İranda kürdlərə aid “milli siyasi fəallar” birbaşa və dolayı yolla bu terrorçuları dəstəkləyir. Onlar Qərbi Azərbaycan əyalətinin böyük bir hissəsinin adıçəkilən etnik qrupa məxsus olduğunu iddia edirlər. Uzun illər İran hakimiyyətinin yardımı ilə İraq ərazisində yaşayan kürdlər Azərbaycanın bu bölgəsinə köçürülüb. Ona görə də həmin əyalətdə kürdlərin sayının süni şəkildə dəyişdirilməsinə nail olunub.

    Qərbi Azərbaycan əyaləti Türkiyə və İraqla həmsərhəddir.

    Xatırladaq ki, İran hakimiyyəti 60 ildən sonra Kandil dağının ona aid hissəsinə dövlət bayrağını sancdığını bildirib. Dağın böyük bir hissəsi İraq ərazisində, qalanı isə İranda yerləşir. Terrorçu PKK qruplaşmasının İrandakı qolu olan PJAK və “Komilə”nin qanunsuz silahlı dəstələri ilə İslam Respublikasının hərbçiləri arasında uzun illərdir silahlı qarşıdurma mövcuddur. 2011-ci ildə PJAK-la İran hərbçiləri arasında atışma bir neçə ay davam etmiş, bundan sonra rəsmi Tehranla terrorçu PKK arasında atəşkəsə dair razılıq əldə edilib.

    İran hakimiyyətində bir sıra qüvvələr uzun illər İraq ərazisindəki terrorçu PKK qruplaşmasından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Hətta İraqın o vaxtkı prezidenti Səddam Hüseynə təzyiq etmək üçün İraq Kürdüstan Vətənpərvərlər İttifaqının sədri Cəlal Talabani İrana sığınaraq bir müddət Tehran hakimiyyətinin imkanlarından faydalanıb.

    Səddam Hüseyn hakimiyyətindən sonra İraqdakı kürd etnik qruplaşmasının fəalları ölkənin siyasi səhnəsində önə çıxarıldı. Cəlal Talabani 2005-ci il aprelin 6-dan 2014-cü il iyulun 24-dək İraqın prezidenti oldu.

    İraqın şimalındakı muxtariyyətdəki hökumətə isə İraq Kürdüstan Demokratik Partiyası və onun lideri Məsud Bərzani başçılıq edir.

    Onlar bu ilin payızında bölgənin müstəqilliyi ilə bağlı referendum keçirmək niyyətindədirlər. İran rəsmiləri isə dəfələrlə bu separatçı ideyaya qarşı olduqlarını bildiriblər.

    Əvvəllər İraqdakı Səddam Hüseyn hakimiyyətinə və Türkiyəyə qarşı istifadə etməyə çalışdığı həmin terrorçu qruplaşmalar bir neçə ildir İrana qarşı silahlı fəaliyyətini artırıb. Ona görə də ehtimal etmək olar ki, İraqın şimalındakı separatçı ideyanın həyata keçməsi üçün terrorçu PKK-nın və bu yöndə fəaliyyət göstərən terrorçu qruplaşmaların İranda da fəaliyyəti artacaq.

    Beləliklə, İran hakimiyyətinin Qərbi Azərbaycan torpaqlarında yerləşdirdiyi, Türkiyəyə qarşı istifadə etmək istədiyi qruplaşma hazırda ona, bu dövlətin ərazi bütövlüyünə qarşı çıxır. İraq və Suriyanın timsalında isə onların bu istiqamətdə fəaliyyəti aydın görünür. Başqa sözlə, çomağın o biri başı öz işini görməkdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi