Yuxarı

“Qara bazar ertəsi” və yaxud tarix təkrar olunur - ANALİTİKA

​“Qara bazar ertəsi” və yaxud tarix təkrar olunur

Maliyyə bazarları tarixinə “Qara bazar ertəsi” kimi daxil olmuş 1987-ci ilin 19 oktyabrında ABŞ-ın aparıcı fond birjası indeksi “Dow Jones” bir gündə 22,6% geriləmişdi. Belə kəskin azalmanı o vaxtlar yalnız 1929-cu ilin oktyabrında Böyük Maliyyə Böhranı ərəfəsində baş verən 12,8%-lik geriləmə ilə müqayisə edirdilər. Həmin gün dünyanın bütün aparıcı birjaları günü kütləvi satışa başa vurdu. Müqayisə etsək, 80-ci illərdəki geosiyasi və iqtisadi vəziyyətlə bu il avqustun 5-də yaranmış vəziyyət arasında oxşarlıqlar müşahidə edə bilərik.

Bu dəfə proseslər Honq Konqda başladı. Bu ölkənin birja indeksi, birja açılar-açılmaz çökdü. Daha sonra Avropanın maliyyə bazarları, xüsusən də Böyük Britaniya bazarları ciddi satışlara məruz qaldı. Nəhayət, ABŞ bazarı açıldı və investorlar əllərindəki səhmləri nəyin bahasına olursa olsun satmağa başladılar. O gün səhmlər ən lazımsız investisiya kimi görünürdü. Bəzi iqtisadçılar, dünya iqtisadiyyatının bu böhrandan 4-5 ilə çıxacağı qənaətində idilər. İqtisadi zəmində, 1985 və 1986-cı illərdə sürətlə inkişaf edən ABŞ iqtisadiyyatınin, 1987-ci ildə inkişaf tempi zəiflədi, inflyasiya azaldı. Buna baxmayaraq, 1987-ci ilin avqust ayında “Dow Jones” indeksi əvvəlki ilə nəzərən 44% artaraq tarixi rekord qırdı. Eyni zamanda, 1986-cı ildə neft qiymətləri 50% dəyər itirmişdi və əslində iqtisadiyyatda neftə olan tələbatın azaldığını və daralmanın baş verdiyini göstərirdi.

Fars körfəzində gedən proseslər də günümüzü xatırladır. Oktyabrın 14-ü İran ABŞ-a aid supertankeri vurdu. Ertəsi gün daha bir gəmi İran tərəfindən atəşə tutuldu. ABŞ körfəzdəki İran neft platformasını hərbi gəmiləri vasitəsi ilə mühasirəyə aldı.

Beleliklə “Qara bazar ertəsi” başlayan azalmalar oktyabr ayı ərzində davam etdi və bütün aparıcı dünya indeksləri ayı mənfi zonada başa vurdular.

Ümumiyyətlə isə 2017-18-ci illərdəki yüksək inkişaf tempi və optimizm 2018-ci ilin sonuna doğru zəifləməyə başladı. Biznesin aktivliyi İndeksi və faiz dərəcələrindəki azalma dünya iqtisadiyyatlarının zəifləyəcəyi siqnallarını verməyə başladılar. Buna paralel olaraq, ABŞ – Çin ticarət münaqişəsi gərginləşməyə və dünya ticarətini zəiflətməyə başladı. 2018-ci ilin sonuna doğru “Brent” markalı neftin qiyməti 80 dollardan 50 dollara geriləyərək 40%-ə yaxın dəyər itirdi. 

Mənbə: İnteractive Brokers

2019-cu il may ayının 19-u Tramp administrasiyası 200 milyard dəyərindəki Çin malına 25% gömrük rüsumu tətbiq edəcəyini açıqladı və iki ölkənin ticarət əlaqələri böyük zərbə aldı. İyunun 20-si İran ABŞ-a məxsus hərbi dronu vurdu. İyulun 20-si İran Britaniyaya məxsus tankeri həbs etdi. İyul ayı ərzində ABŞ Fars körfəzinə ABŞ hərbi təyyarələri və Britaniya hərbi gəmisi göndərildi. Honq Konqda isə bir neçə aydır davam edən kütləvi etiraz aksiyaları kütləvi tətillərə və ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsinə gətirib çıxardı. Honq Konq fond birjası indeksi keçən həfə 8% dəyər itirdi və günə -2,8%-lik azalma ilə başladı. 

Mənbə: HK33 indeksi. Tradingview.com

Eyni zamanda, ABŞ prezidenti daha 300 milyard dəyərində Çin malına 10% rüsum tətbiq edəcəklərini açıqladı. Əvəzində isə Çin ABŞ kənd təsərrüfatı məhsullarının dövlət şirkətləri tərəfindən alınmasını qadağan etdi. Çinin milli valyutası yuan ABŞ dolları qarşısında kəskin ucuzlaşaraq son 10 ilin ən aşağı səviyyəsinə gerilədi. 

Çin yunanının ABŞ dolları qarşısında məzənnəsi

Mənbə: tradingview.com

Nəhayət investorlar tərəfindən yaxından izlənilən ABŞ-ın aparıcı indeksi S&P500 günə 1,7% itki ilə başladı. Bu günü “Qara bazar ertəsi” adlandırmaq hələ ki tezdir, lakin hadisələrin oxşar şəkildə cərəyan etməsi investorlarda eyni qorxuları yarada bilər. 

Nəriman Yaqubov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi