Yuxarı
    Bağlamaq

    ​Qızın öz doğma bacısını öldürməsinin əsl səbəbi nədir? – PEŞƏKAR RƏYİ

    Qətl hadisəsi isə təkcə xəbər başlıqlarını yox, bir ailənin cəmiyyətdəki mövqeyini də tamamilə dəyişdi...

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda ötən həftə hər kəs qanlı bir olayın şokunu yaşadı. “Bacı bacının başını kəsdi” başlığı demək olar ki, bütün KİV-lərin manşetinə çevrildi.

    Hadisənin sarsıdıcı təsir bağışlamasının bir səbəbi cavan qızın öz doğma bacısını amansızcasına qətlə yetirməsi idisə, digər tərəfdən hadisə nüfuzlu, tanınmış biznesmenin ailəsində baş vermişdi. O ailədə ki, həmin ailə haqqında mətbuatda indiyədək də yazılar çap olunub. Lakin bu yazılar xoş ab-havada olub...

    Məsələn, “525-ci qəzet”də çap edilmiş “Nuriyevlər ailəsinin böyük sevinci” adlı məqalədə bacıların (hansı ki, sonradan onlardan biri digərini öldürəcəkdi) qazandıqları təhsil uğurlarından bəhs edilirdi.

    Baş verən qətl hadisəsi isə təkcə xəbər başlıqlarını yox, bir ailənin cəmiyyətdəki mövqeyini də tamamilə dəyişdi. 20 yaşlı Günel Nuriyevanın, yaşadığı Xudu Məmmədov küçəsi, ev 20, mənzil 39 ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti tapıldı. Sonra bu qətli onun bacısının - 19 yaşlı Pərvanə Nuriyevanın törətdiyi məlum oldu. Bir insanın ölümü, digərlərinin (qatil bacı, valideynlər, ailənin digər üzvləri, qohumları) faciəsi qaldı bir yana. Çoxlarını düşündürən isə yalnız cinayətin hansı zəmində baş verməsi və hadisənin motivi oldu. Pərvanə Nuriyeva öncə istintaqa verdiyi ifadədə özündən bir yaş böyük bacısını “Allahın tələbi ilə öldürdüyünü” deyib. O bildirib ki, “qeybdən səs eşidir” və bu səs ona bacısını “öldürməyin vaxtı olduğunu” deyib. Daha sonra Pərvanə Nuriyeva başqa səbəblər gətirib...

    Bəs, bu cür dəhşətli hadisənin baş verməsinə əsl səbəb nədir?

    Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev “Report”a bildirib ki, ümumiyyətlə Azərbaycanda ağır cinayət hadisələrində artım var.

    “Son 10 ilin məhkəmə istintaq təcrübəsinə əsasən, ağır cinayətlərdə, xüsusən də ağır qətllərin sayında artım baş verib. Ən acınacaqlı hal odur ki, bu qətllərin böyük əksəriyyəti ailə münaqişəsi zəminində baş verir. Məsələn, bacı bacını, qardaş bacını, qayınata gəlini, oğul atanı, nəvə nənə və babanı qətlə yetirib. Bu tip cinayətlərdə artımdan  sonra keçirilən tədbirlərlə bağlı dünya təcrübəsində bir qayda var. Sosioloqlar, psixoloqlar və hüquq mühafizə orqanlarının əməkdaşları bir araya gələrək artımın daha çox hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar və təhlillər aparmaqla ortaq məxrəcə gəlirlər”.

    Psixoloq Elnur Rüstəmov isə “Report”a açıqlamasında bildirib ki, bu kimi hadisələrin baş verməsinin əsas səbəblərindən biri də psixi sağlamlığın pozulmasıdır: “Son baş verən hadisə bir daha onu göstərdi ki, insanlar özlərinin psixoloji durumunun qayğısına qalmalıdırlar. Ailələr bu sahədə xüsusən diqqətli və təşkilatçı olmalıdırlar. Əgər bir insan fiziki cəhətdən sağlamdırsa, psixoloji cəhətdən də sağlam olmalıdır. Amma son zamanlar müşahidə olunan odur ki, fiziki sağlamlıqdan daha çox psixi sağlamlıq öndə olmalıdır. Cinayət törədənlərin əksəriyyətinin fiziki cəhətdən sağlamlıq problemləri yoxdur. Onların əsasən psixoloji cəhətdən problemləri var. Ailələr ailə daxilində baş verən narahatçılığı çox zaman diqqətə almırlar, gözləyirlər və zamanın axarına buraxırlar “zamanla düzələr” deyirlər. Bəzən bu “düzəlmə” prosesi elə cinayət tərkibli bir hadisənin baş verməsindən sonra olur. Bu isə düzəlmək sayılmır”.

    Elnur Rüstəmov qeyd edib ki, əksər hallarda qız uşaqlarının çox olduğu ailələrdə əxlaq kodeksi daha ciddi olur.

    Ailə bir şeyi nəzərə almalı idi ki, o üç qız uşağını böyüdür. Söhbət ailə modelindən gedir ki, bu üç qız, ata və anadan ibarətdir. Bu tip ailədə əxlaq kodeksini ailə başçıları, xüsusilə analar həyata keçirməlidir. Böyük ehtimalla qətli törədən qız bacısı ilə münasibətdə hansısa bir münaqişə yaşayıb. Psixoloji durumu elə bir səviyyədə olub ki, o öz hərəkət və davranışlarına nəzarət edə bilməyib. Nəticədə, bu cinayət hadisəsi baş verib. Ailə başçıları gərək öz övladlarının, ümumilikdə ailə üzvlərinin psixoloji sağlamlığına və psixoloji durumlarına diqqət yetirsinlər

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi