​Putinin İran səfəri: tərəflər bir-birinə vədlər verir - ŞƏRH

​Putinin İran səfəri: tərəflər bir-birinə vədlər verir - ŞƏRH İran zənginləşdirdiyi 4 faizli 9 ton uranı Rusiyaya satacaq, əvəzində qarşı tərəfdən 140 ton uran idxal edəcək
Analitika
25 Noyabr , 2015 12:31
​Putinin İran səfəri: tərəflər bir-birinə vədlər verir - ŞƏRH

Bakı. 25 noyabr. REPORT.AZ/ Təbii Qaz İxrac edən Ölkələrin Forumunun üçüncü zirvə toplantısı başa çatıb.

Bu toplantının mahiyyəti və orada müzakirə edilən məsələlərdən diqqəti daha çox Rusiya prezidenti Vladimir Putinin tədbir çərçivəsində Tehrana işgüzar səfəri, oradakı görüşləri və İranla əldə etdikləri razılaşmalar cəlb edir.

Rusiya lideri səfər çərçivəsində İranın ali lideri, ayətullah Seyid Əli Xamənei, ölkə prezidenti Həsən Ruhani və forumda iştirak edən başqa dövlətlərin rəhbərləri ilə görüşüb.

Bu, Vladimir Putinin 2007-ci ildən sonra İrana ilk səfəri idi.

Həmin səfərin bəzi məqamlarına münasibət bildirəcəyik.

Öncə tədbir haqda. Bu toplantı noyabrın 21-də başlayıb. Sammitdə 9 dövlət başçısı - Boliviya, Rusiya, Nigeriya, Venesuela və İraq prezidentləri, Əlcəzairin baş naziri iştirak edib, Türkmənistan prezidenti isə xüsusi qonaq sifəti ilə tədbirə qatılıb. Bundan başqa, bir sıra beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak ediblər.

İştirakçılar təbii qaz bazarında qlobal vəziyyət və onun perspektivlərindən danışıblar.

Xatırladaq ki, forum 2008-ci il dekabrın 23-də Moskvada təsis edilib. Qurumun qərargahı Qətərin paytaxtı Dohada yerləşir. Təşkilatda Boliviya, Venesuela, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trinidad və Tobaqo, Qətər, İran və Rusiya təmsil olunur.

Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi ölkələridir. Tehran toplantısında Azərbaycana da müşahidəçi statusu verilib.

Forumun yekununa dair bəyanat qəbul edilib. Sənəddə sərmayə qoyuluşu ilə bağlı üzv dövlətlərin fəaliyyətlərinin uzlaşdırılması, qarşılıqlı əməkdaşlığın artırılması vurğulanıb.

Yeri gəlmişkən, dünyada istehsal olunan təbii qazın 42 faizi, ehtiyatının isə 67 faizi, boru vasitəsilə nəqlinin 38 faizi, mayeləşdirilmiş təbii qazın 85 faizinin foruma üzv dövlətlərin payına düşdüyü iddia edilir.

Növbəti görüşün 2016-cı il noyabrın 17-də keçirilməsi planlaşdırılıb.

Bu tədbirin beynəxalq miqyasda təbii qazın şaxəli ixracına, qiymətinə və başqa bu sayaq məsələlərə təsiri olmayacağını indidən ehtimal etmək olar. Toplantı ilə Rusiya və İran bir-birinə sadiq olduqlarını və gələcək fəaliyyətlərində daha sıx əməkdaşlıq edəcəklərini nümayiş etdirdilər.

Rusiya prezidenti İrana əliboş getməmişdi. O, "Qurani Kərim"in qədim çaplarından birini İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə hədiyyə edib.

V.Putin İranla iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını və iki ölkə arasındakı ticarət dövriyyəsində milli valyutadan istifadəyə üstünlük veriləcəyini söyləyib. O, İrana 5 milyard dollar həcmində kredit ayırmaq niyyətində olduqlarını da vurğulayıb.

Bundan başqa, səfər ərəfəsində Rusiya "S-300" zenit-raket qurğularının İrana tədarükünün detallarının müzakirəsinə başlayıb.

Rusiya prezidenti qeyd edib ki, Moskva və Tehran əməkdaşlığı 35 prioritet layihə üzərində yürüdüləcək.

Həmçinin, Avrasiya İqtisadi Birliyi ölkələri də İranla azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar aparacaq.

Məlumatlara görə, İran zənginləşdirdiyi 4 faizli 9 ton uranı Rusiyaya satacaq, əvəzində qarşı tərəfdən 140 ton uran idxal edəcək.

Suriya ilə bağlı məsələlərə də Moskva və Tehranın yanaşması oxşar olduğundan tərəflərin bu problemə dair verdikləri bəyanatlar, atdıqları addımlar eynidir.

Rusiya və İran perspektivdə Suriyadakı vəziyyətlə bağlı danışıqlarda Bəşşar Əsədin daha üstün mövqedə olmasını təmin etmək istəyirlər. Bura Əsədə bağlı silahlıların nəzarəti altında olan ərazinin də çox olması daxildir. Elə Suriyada türkmənlərin doğma yurdlarının Rusiya qırıcıları tərəfindən bombalanması, İranın isə həmin əməliyyatlarda iştirakı bunu təsdiqləyir.

Rusiyanın da sanksiyalara məruz qaldığını nəzərə alsaq, Moskvanın Tehranla əməkdaşlığı gücləndirməsilə mənzərə daha aydın görünər. İran rəsmiləri bəyan edir ki, 2016-cı ildən ölkəyə güclü sərmayə axını olacaq. Belə bir halda, Tehran müttəfiqi Kremlə "atmayacaq"? Əslində, Moskvanı narahat edən başlıca məsələ budur. Çünki İran çoxdandır Vladimir Putinin İrana səfərini arzulayır və istəyir. Bölgədə və beynəlxalq arenada Moskva üçün heç də xoş olmayan bir şəraitdə Kremlin indiki yiyəsinin Tehran səfəri qarşı tərəfdən təzyiqlərə birlikdə müqavimət göstərəcəklərilə bağlı təminat almaq idi. Mövcud vəziyyətə uyğun olaraq, Tehran bu təminatı versə də, iki aydan sonrakı olaylar qarşılıqlı münasibətlərə təsir də göstərə bilər.

Beləliklə, bölgədəki və beynəlxalq aləmdəki siyasi vəziyyət Vladimir Putinin İslam Respublikasına səfəri zamanı tərəflərin bir-birinə vədlər verdiyini ehtimal etməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi