Yuxarı
    Bağlamaq

    ​Putin "S-300"lə İranı əldə saxlamaq istəyir - ŞƏRH

    Sanksiyalar ləğv olunacağı halda Tehranın Rusiyadan S-300dən başqa alacağı yoxdur

    Bakı. 17 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin aprelin 16-da "birbaşa xətt"də ölkə vətəndaşları, yerli və xarici KİV-i maraqlandıran sualları cavablandırarkən İranın nüvə probleminə dair müzakirələrdən və "S-300" qurğusunun İslam Respublikasına göndəriləcəyindən də danışıb. 

    V.Putin vurğulayıb ki, İrana "S-300" zenit-raket komplekslərinin satılması haqda müqavilə 2007-ci ildə imzalanıb, 2010-cu ildə isə satış birtərəfli qaydada dayandırılıb. O qeyd edib ki, hazırda iranlı tərəfdaşları nüvə proqramı üzrə kompromis əldə etmək üçün böyük səy göstərir və istək nümayiş etdirir: "Əslində, prosesin bütün iştirakçıları bəyan edib ki, razılaşma əldə olunub, sadəcə, bəzi texniki detalların tamamlanması qalıb".

    Aprelin 15-16-da Moskvada səfərdə olmuş İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında da "S -300"-lə bağlı məsələdən danışıb: "Bu məsələ həll edilib. Müqavilə var. İndi raketlərin tədarükünün tarixi müzakirə olunur".

    Xatırladaq ki, 2010-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev bu qurğunun İrana tədarükünün dayandırılması haqda sərəncam imzalamışdı. Onda bu, BMT Təhlükəszilik Şurasının İrana tətbiq etdiyi sanksiyalarla əlaqələndirilirdi.

    Cari il aprelin 13-də isə Rusiya prezindeti Vladimir Putin Tehrana "S-300" raketlərinin tədarükünə dair sərəncam imzalayıb.

    Qeyd edək ki, 5 il öncə İran sövdələşəməyə əməl etmədiyi üçün Rusiyanı məhkəməyə verməklə hədələmişdi. Məhkəmə olub-olmadığı haqda xəbər çıxmasa da, Tehran rəsmiləri bir milyard dollara yaxın ödəniş etdikləri "S-300"ü Rusiyadan tələb edirdilər.

    Rusiya prezidenti bu sərəncamı hansı siyasi-hərbi şəraitdə imzaladı? Yəməndə döyüşlər qızışdıqdan təxminən bir ay sonra. Moskva bəyan edir ki, qurğu müdafiə xarakterlidir və Orta Şərq dövlətlərinin təhlükəsizliyini təhdid etmir, İran "S-300"ü hava hücumundan müdafiə məqsədilə tədarük edir.

    Bunun daha çox bəhanə olduğu ilk baxışdan da görünür. Çünki 2010-cu ildə Ukraynada vəziyyət Rusiyanın əleyhinə deyildi, Avropa İttifaqı və ABŞ Kremlə qarşı sanksiya tətbiq etməmişdi. Digər tərəfdən Yəmənlə İran qonşu deyil. Fikrimizcə, Rusiya İraq və Suriyadakı İŞİD-i bəhanə etsəydi, daha ağlabatan olardı.

    Odur ki, indki vəziyyətdə Rusiyanın İranla "S-300" sövdələşməsini yenidən gündəliyə gətirməsi aşağıdakı ehtimalları irəli sürməyə əsas verir:

    - Rusiya Qərbə bu yolla təzyiq göstərir;

    - Bununla, Vladimir Putin Rusiya hərbi-sənaye kompleksini silah satışı ilə bağlı fəallaşdırmaq istəyir;

    - Rusiya Yaxın Şərqdə varlığını qorumağa çalışır;

    - Kreml İranın qərbə meyillənməsinə mane olmaq istəyir;

    - Rusiya İranla müttəfiqliyini nümayiş etdirməyə səy göstərir;

    - Moskva Tehranla münasibətlərini möhkəmləndirmək istəyir;

    - Rusiya dünyanın silah bazarına mesaj yollayır;

    - Kreml silah ticarətində etibarlı tərəfdaş olduğunu sübut etmək istəyir və s.

    İranın nüvə proqramı ilə bağlı razılaşmada Rusiya iştirak etsə də, bu yöndə oyunlar daha çox Qərblə İslam Respublikası arasında gedir. Bu baxımdan sanksiyalar ləğv olunacağı halda İranın Rusiyadan "S-300"dən başqa alacağı yoxdur. Ancaq sanksiyalar aradan qalxacağı halda, Tehran Qərbdən milyard dollarlarını alacaq, əlavə olaraq, ölkə iqtisadiyyatına xarici sərmayə cəlb etmək imkanları qazanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi