Bakı. 21 aprel. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ABŞ-da hasilatın azalması səbəbindən 50 dollar/barelə qədər yüksələ bilər. "Report"un analitik qrupu hesab edir ki, ABŞ neft hasilatının uzun müddətdən sonra ikinci həftə ardıcıl olaraq 9 mln. barel/gün səviyyəsindən aşağı olması neft bazarında tələb və təklifin balanslaşacağı ehtimallarını artırıb.
Qeyd edək ki, aprelin 2-9-da ABŞ-da gündəlik neft hasilatı 8,977 mln. barel, aprelin 9-15-də isə 8,953 mln. barel olub. Yəni ABŞ-da gündəlik neft hasilatı 9 mln. barel səviyyəsinin altında olması artıq reallığa çevrilib. ABŞ-da hasilatın azalmasına səbəb şist neft hasilatçılarının aktiv quyularını rentabelli olmaması səbəbindən müvəqqəti bağlaması olub. Bu amil həmçinin onu deməyə əsas verir ki, neftin qiyməti 50 dollar/barel səviyyəsini keçərsə, ABŞ-da aktiv neft quyuları yenidən fəaliyyətini bərpa edə və hasilat 9 mln. barel/gün səviyyəsini keçə bilər. Məhz bu səbəbdən yaxın 6 ay ərzində neft qiymətlərinin 40-50 dollar/barel diapazonunda qalacağı proqnozlaşdırılır.
Digər tərəfdən, neftin hazırkı qiymət səviyyəsi digər ölkələrə neft hasilatını artırmaq üçün əlavə investisiyalar yatırmağa imkan yaradır. Rusiya və Səudiyyə Ərəbistanının hasilatı artırmaq barədə fikirləri də buna deməyə əsas verir. Bundan başqa, ilin sonuna qədər İranın neft hasilatını 4 mln. barel/günə çatdırması gözlənilir ki, bu da neft qiymətlərinin həddindən artıq yüksəlməsinin qarşısında əngəl yaradır.
Neft qiymətlərində azalma IV rübdən etibarən başlaya bilər. Buna səbəb böyük ehtimalla Çin iqtisadiyyatında yaranmış çətinliklər olacaq. Çində iqtisadi artımın yavaşlaması səbəbindən ən böyük neft alıcısı olan bu ölkənin "qara qızıl"a tələbatının azalması neft qiymətlərinə neqativ təsir edə bilər. Neft qiymətlərinin düşməsinə səbəb ola biləcək digər amil isə Səudiyyə Ərəbistanının hasilatı qısa müddət ərzində 2 mln. barel artıra biləcəyi barədə bəyanatını həyata keçirmək istəyi ola bilər. Bundan başqa, Səudiyyə Ərəbistanının gündəlik hasilatı 20 mln. barelə qədər yüksəltmək imkanları da neft bazarında qiymətləri təzyiq altında saxlayır.