Proqnoz: Gələn il qlobal böhran sürətlənəcək

Proqnoz: Gələn il qlobal böhran sürətlənəcək Faizlər getdikcə artacaq və dünya iqtisadiyyatı daha da ağır böhranla üzləşəcək
Analitika
16 Dekabr , 2016 17:51
Proqnoz: Gələn il qlobal böhran sürətlənəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Dünyanın mərkəzi bankları (MB) 2016-cı ildə maksimum dərəcədə çalışsalar da, qlobal iqtisadiyyata müsbət impuls verə bilməyiblər. 

"Report" xəbər verir ki, MB-lərin atacağı addımlar 2017-ci ildə dünya iqtisadiyyatında böhran vəziyyətini daha da ağırlaşdıracaq. Belə ki, cari ildə zəif qlobal iqtisadi artımı dəstəkləmək üçün həyata keçirdikləri siyasət MB-lərin fəaliyyətinə əksinə, mənfi münasibətin yaranmasına səbəb olub. Qeyd edək ki, 2016-cı ildə mərkəzi banklar mənfi faiz tətbiq etməklə, maliyyə bazarlarından qiymətli kağızlar alaraq bazarda likvidliyi artırmaqla iqtisadi canlanmaya nail olmaq əvəzində spekulyativ əməliyyatların genişlənməsinə səbəb olublar.

"Report"un analitik qrupu bildirir ki, 2016-cı ildə Yaponiya Mərkəzi Bankı (BoJ) və Avropa Mərkəzi Bankı (ECB) mövcud monetar siyasəti tətbiq etməklə iqtisadi artım əldə edə bilməyəcəklərini anlayıb. ABŞ Federal Ehtiyat Sistemi (FES) isə aşağı faizlərin iqtisadiyyatda təklifi artırmadığını görərək faizləri artırmaq qərarına gəlib. 

Honq-Konqda yerləşən "HSBC Holdings Plc." bankının Asiya şöbəsinin İqtisadi araşdırmalar Departamentinin rəhbəri Frederik Nyuman (Frederick Neuman) hesab edir ki, mərkəzi bankların "yanacağı" bu il bitib: "Monetar ekspansiya 2016-cı ildə maksimal səviyyəsini gördü və mərhələli şəkildə azaldılacaq". 

Xatırladaq ki, MB-lər tərəfindən maliyyə bazarlarına ötürülən əlavə maliyyə vəsaitləri birbaşa iqtisadiyyat əvəzində əsasən portfel investisiyalarına, xüsusilə də səhm bazarına axıb. İndi isə mərkəzi banklar mövcud vəziyyəti dəyişmək qərarı alaraq faizləri yüksəltməklə iqtisadiyyatda tələb amilini artırmağa üstünlük verməyə başlayıb. 2017-ci ildən MB-lərin siyasət dəyişikliyi dünya maliyyə bazarlarında likvidlik probleminə gətirib çıxaracaq. Bu səbəbdən, indiyədək MB-lər tərəfindən dəstəklənən dünya birjalarında sərt satış tendensiyası yaşanacaq, faizlər isə getdikcə daha da yüksələcək. Nəticədə, dünya iqtisadiyyatı daha da ağır böhranla üzləşəcək.

Son xəbərlər

Orphus sistemi