Proqnoz: FED dolları möhkəmləndirəcək

Proqnoz: FED dolları möhkəmləndirəcək Ekspertlər FED-in gələn ilin sonuna yaxın daha sürətli addımlar atacağını düşünür
Analitika
178
20 Sentyabr , 2017 12:34
Proqnoz: FED dolları möhkəmləndirəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gun başlayan 2-günlük iclasının nəticələrinə dair analitiklər müxtəlif proqnozlar verir. "Report" xəbər verir ki, sabahkı açıqlamalarda FED-in uçot dərəcəsini artıracağı gözlənilmir. Lakin FED 4,5 trln. dollar həcmində olan balansını azaltmağa başlayacağı tarixlə bağlı məlumat verə bilər.

Əgər FED balansını nə zaman azaldacağını açıqlayarsa, o zaman dolların məzənnəsində kəskin artım baş verə bilər. Belə ki, dollar son aylarda əsas rəqibləri olan avro və funt sterlinqə qarşı ciddi ucuzlaşma göstərib. İnvestorlar hər hansı az əhəmiyyətli bir açıqlamanı dolların ciddi möhkəmlənməsi lehinə istifadə edə bilər. Bu durumda USD/EUR məzənnəsi 1,15-ə, USD/GBP isə 1,30-a kimi geriləyə bilər.

Əks halda, yəni FED bu dəfə də iqtisadi artım, inflyasiya, əmək haqları, işsizlik kimi göstəricilərin izlənməsi və dayanıqlı yaxşılaşma görmək istədiyini bildirərsə və balansın azaldılması mövzusuna toxunmasa, o zaman avronun dollara qarşı məzənnəsi 1,23 USD/EUR səviyyəsinə yüksələ bilər.

"Report"un analitik qrupu FED-in dolların möhkəmlənməsi istiqamətində açıqlamalar verəcəyini proqnozlaşdırır. ABŞ-da inflyasiyanın dayanıqlı olaraq 2%-dən yuxarı olması üçün 12 aylıq perspektivdə dolların avro ilə müqayisədə 1,15 USD/EUR orta səviyyəsində qalacağı ehtimal edilir. İnflyasiyanın sürətlənməsi 2018-ci ilin II yarısından etibarən FED-i uçot dərəcəsini daha sürətlə artırmağa və balansı daha iri həcmdə azaltmağa başlamasına gətirib çıxaracaq. Bu zaman dolların məzənnəsi avro ilə müqayisədə yeni yüksəliş trendinə daxil olacaq və məzənnə paritetdən də aşağı düşəcək. 

Son xəbərlər

Orphus sistemi