Yuxarı

Proqnoz: Donald Tramp prezident seçilərsə dollar zəifləyəcək, fond birjaları kəskin düşəcək

Onun seçilməsi ən çox Çinə mənfi təsir göstərəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın noyabrın 8-də keçiriləcək prezident seçkilərində qalib gəlməsi ehtimalları artıb. 

"Report"un analitik qrupu xəbər verir ki, ehtimalların D.Trampın lehinə artması ilə investorlar səhmləri və dolları satmağa başlayıblar. Belə ki, ABŞ-ın əsas fond birjası indeksi "Dow Jones" bu il avqustun 15-də tarixi rekord səviyyə olan 18 688 bəndə çatdıqdan sonra geriləməyə başlayıb və dünən 17 930 bəndə çatıb. İndeksdəki azalma 4% təşkil edib. Bu gün də "Dow Jones" futures kontraktları indeksin azalacağını göstərir. Dolların məzənnəsi isə digər inkişaf etmiş ölkələrin valyutaları ilə müqayisədə zəifləməyə başlayıb. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi 25 oktyabrdan etibarən 2% artım göstərib, yəni dollar zəifləyib.

"Report"un analitik qrupu hesab edir ki, D.Trampın prezident seçilməsi durumunda inkişaf etməkdə olan ölkələrin (emerging markets) fond birjaları indeksləri və milli valyutaları kəskin azalma göstərəcək. İnkişaf etmiş ölkələrin valyutaları isə dollarla müqayisədə möhkəmlənəcək. Dünya fond birjalarının indekslərinin hamısını isə azalma gözləyir. 

Analitik qrupun fikrincə, dolların zəifləməsi müvəqqəti olacaq və bir müddətdən sonra dollar möhkəmlənmə prosesinə başlayacaq. Amma fond birjası indekslərində azalma trendi 2017-ci ildə daha da kəskinləşəcək.

Xatırladaq ki, sərmayədarlar Donald Trampın seçki öncəsi səsləndirdiyi iqtisadi sahədə qərarlarını hansı dərəcədə tətbiq edəcəyini izləmək istədiklərini bildiriblər. Buna qədər isə onlar maliyyə bazarlarından kənarda qalmağa üstünlük verirlər. D.Trampın seçki öncəsi açıqladığı iqtisadi qərarları arasında ən çox diqqəti çəkən isə Çinlə ticarət əlaqələrinin sərtləşdirilməsidir. Belə olarsa, Çin fond birjası və milli valyutası yuanı çətin günlər gözləyəcək. Nəticədə yuanın devalvasiyası baş verəcək ki, bu da öz növbəsində dünya valyutalarına mənfi təsir göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi