Prezidentin müşavirinin istefası - ABŞ-Rusiya münasibətlərində yeni gərginliyin başlanğıcı - ŞƏRH

Prezidentin müşavirinin istefası - ABŞ-Rusiya münasibətlərində yeni gərginliyin başlanğıcı - ŞƏRH Flinninin istefası məsələsi ABŞ-la Rusiyanı bir-birinə yaxınlaşdırmaqdansa uzaqlaşdırır
Analitika
14 Fevral , 2017 12:48
Prezidentin müşavirinin istefası - ABŞ-Rusiya münasibətlərində yeni gərginliyin başlanğıcı - ŞƏRH

Bakı. 14 fevral. REPORT.AZ/ Dünyanın təhlükəsizliyinin keşiyində durduğunu bildirən ABŞ-ın özünün təhlükəsizlik məsələsində axsaqlıq aşkarlanıb. Düzdür, bu çatışmazlığı başqalarının deyil, özlərinin tapması müsbət hal kimi dəyərləndirilə bilər.

Fevralın 13-də ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verib. İstefada olan general-leytenant Cozef Kit Kelloqq isə müvəqqəti olaraq, onun yerinə təyin edilib.

Maykl Flinnin istefasına səbəb ötən ilin dekabrında rəsmi Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Dünyanın siyasi mənzərəsində vacib yer tutan məsələnin detallarına nəzər salaq.

Maykl Flinn

Bir müddət əvvəl Flinni Kislyakla ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara dair məsələni telefonla müzakirə etdiyi haqda xəbərlər yayılmışdı. Onda Flinn bunu təkzib edərək, səfirə dekabrın 25-də qəzaya uğrayan təyyarə ilə bağlı baş sağlığı verdiyini bildirmişdi.

O, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pensə söyləmiş, o da öz növbəsində müşaviri müdafiə etmişdi. Ancaq ölkə KİV-i bununla sakitləşməyib, məsələni ötən həftə yenidən gündəmə gətirib. Media müşavirlə diplomat arasında sanksiyalara dair məsələnin müzakirə edildiyini iddia etmişdi.

Bundan sonra Flinn istefa məktubu yazaraq, "Ağ ev" administrasiyasını düzgün məlumatlandırmadığı üçün üzr istəyib: “Prezident və onun müavinindən üzr istədim. Üzürümü qəbul etdilər”. O, istefa ərizəsində Donald Tramp komandasını da xeyli tərifləyib.

Flinn istefa ərizəsində prezident Trampın andiçmə mərasimi ərəfəsində Rusiya səfiri ilə telefon danışığı barəsində vitse-prezindent Mayk Pensə və başqa rəsmilərə ehtiyatsızlıq edərək, tam məlumat vermədiyini yazıb.

ABŞ prezidentinin müşaviri Kellian Konuey Donaldın Flinnə sözün əsl mənasında inandığını bildirmişdi.

Donald Tramp və Maykl Flinn

Qeyd edək ki, Flinnlə Kislyak arasında telefon danışığı dekabrın 29-da ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyi vaxt olub.

Hadisənin ən incə məqamı isə ABŞ Ədliyyə Nazirliyinin məsələ ilə bağlı xəbərdarlığıdır. Nazirlik bildirib ki, Flinn Kislyakla təmasda olduğu üçün Rusiya tərəfindən şantaj hədəfi ola bilər.

Əslində nazirlik bununla bir sıra mətləblərə aydınlıq gətirib.

Bu yerdə bəzi xatırlamalar edək. Donald Trampın prezident seçilməsinə ən çox sevinənlərdən biri Rusiya siyasətinin simalarından sayılan Jirinovski idi. Tramp seçiləndən sonra RF-də sanki dərindən nəfəs aldılar. ABŞ-ın tətbiq etdiyi sanksiyaların aradan qalxacağına ümidlər artdı. ABŞ-ın yeni seçilən prezidentinin ünvanına Rusiya KİV-i müəyyən mənada təriflər də yağdırmağa başladı.

Ancaq bütün bunların qarşılığında Tramp sanksiyaları ləğv etməyəcəyi ilə bağlı açıqlama verdi. Ötən gün isə o, Yaponiyanın baş naziri Sindzo Abe ilə Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini də müzakirə edib.

Məsələnin başqa tərəfinə gəldikdə isə qeyd etməliyik ki, ABŞ qanunvericiliyi də prezidentin Rusiyaya qarşı sanksiyaları təkbaşına ləğv etməsinə imkan vermir.

Flinnin istefasından Rusiyanın da narahat olduğu hiss edilməkdədir.

Maykl Flinn və Vladimir Putin

Əvvəlcə onu qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Flinn ilə Kislyakın sanksiyaların aradan qaldırılmasına dair müzakirə aparmadıqlarını bildirmişdi.

İstefadan sonra isə hakim “Vahid Rusiya” Partiyasının üzvü, senator Alksey Puşkov “Twitter” səhifəsində yazıb ki, bu məsələ Rusiya-ABŞ münasibətlərinə ciddi təsir göstərə bilər. Onun bildirdiyinə görə, bu məsələdə hədəf müşavir deyil, Rusiya ilə münasibətdir.

Müşavirin istefası ABŞ tarixindəki nadir, təəssüfləndirici hadisələrdən sayılır. Çünki Flinn bu vəzifədə fəaliyyət göstərməsinin bir ayı hələ tamam olmayıb.

Bir neçə kəlmədə Maykl Flinnin ömür yolu haqda məlumat vermək istərdik.

O, 1958-ci ildə anadan olub. ABŞ ordusunun istefada olan general-leytanantıdır. 2012-2014-cü illərdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin 18-ci direktoru olub. Bundan başqa hərbi kəşfiyyatda müxtəlif vəzifələrdə çalışıb.

Donald Tramp 2016-cı il noyabrın 18-də Maykl Flinni Milli Təhlükəsizlik məsələləri üzrə müşavir seçdiyini açıqlamışdı.

Demokratlar Partiyasından olsa da 2016-cı ilin fevarlından Donald Trampın seçkiqabağı kampaniyasında müşavir işləyib.

Flinnlə bağlı şübhələrin əsasında isə Rusiya prezidenti Vladimir Putinlə çəkdirdiyi bir fotonun dayandığı da istisna edilmir. 2015-ci ildə “Russia Today” teleşirkətinin yaranmasının 10-cu ildönümünə həsr edilən ziyafətdə o, Rusiya dövlət başçısının sağ tərəfində oturub.

Müşavirin istefasının belə sakitliklə başa çatmayacağını ehtimal etmək olar. Çünki bu kimi hadisə ABŞ qanunları ilə ağır cinayətlərdən sayılır. Başqa sözlə, Trampın komandasında Rusiyanın adamı aşkarlandığı qənaətinə də gəlmək olar.

Donald Tramp

Belə ki, 1798-ci ildə ABŞ-da qüvvəyə minən və hələ də qüvvədə olan “Loqan aktı” var. Həmin sənədə əsasən, rəsmi səlahiyyəti olmayan ABŞ vətəndaşına Ştatlarla fikir ayrılığında olan xarici ölkələrin nümayəndələri ilə danışıqlar aparması qadağandır. Bu qanunu pozmaq ağır cinayətdir. ABŞ tarixində “Loqan aktı” əsasında cinayət məsuliyyətinə hələ heç kim cəlb edilməyib.

Bu aktın Maykl Flinnə tətbiq ediləcəyi də gözlənilmir. Çünki öz dövləti qarşısında keçmiş müşavirin böyük xidmətləri olub.

Beləliklə, hesab etmək olar ki, dünyanın supergücü böyük bir qalmaqaldan qurtulsa da, ölkədə yenisinin başlanğıcı qoyuldu. Demək olar ki, Flinninin istefası məsələsi ABŞ-la Rusiyanın bir-birinə yaxınlaşdırmaqdansa uzaqlaşdırır. Bu, həm də Federasiyaya qarşı yeni sanksiyaların tətbiqini tezləşdirə bilər. 

Trampın prezident seçilməsi ilə iki ölkə arasında suların durulacağını gözləyənlər isə bir müddət də səbr etməli olacaqlar. Çünki vəziyyət qəlizləşməyə başlayıb. Bunun isə yeni gərginliyin yaranmasına səbəb olacağı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi