Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri bəzi mətləblərə də aydınlıq gətirib. Bu ölkələr sovetlərin tərkibində müttəfiq respublika olduğundan bir çox baxımdan daha yaxındır. SSRİ dağıldıqdan sonra hər iki ölkədə silahlı toqquşmalar baş verib. Hər iki ölkə MDB, İslam və İqtisadi Əməkdaşlıq Təşkilatlarında birgə uğurla fəaliyyət göstərirlər.
Tacikistan tarixi Türküstan ərazisində türk olmayan yeganə dövlətdir. Sovetlər dağılandan sonra İrandakı rejim ona “böyük qardaşlıq” etməyə illər uzundur səy göstərir. Amma rəsmi Düşənbə İran hakimiyyətinin yürütdüyü bu siyasətin arxasında xoş məramın olmadığından xəbərsiz deyil. Məsələn, Tehran Əfqanıstan, Tacikistanla birlikdə ortaq telekanal yaratmağa səy etdi. Ancaq onda aparıcının geyimi məsələsində razılıq əldə olunmadığı üçün layihə baş tutmadı. İllər əvvəl rəsmi Düşənbə İran və Əfqanıstanın Tacikistandakı səfirlikləri yanında fəaliyyət göstərən ümumtəhsil məktəblərində tacikistanlı uşaqların oxumasını yasaqlayıb.
Halbuki onda Tacikistanda Tacikistan-Türkiyə bir neçə ortaq liseyi fəaliyyət göstərirdi. Yaxud, ölkə rəhbərliyi İranda təhsil alan vətəndaşlarının təcili olaraq vətənə qayıtması ilə bağlı göstəriş vermişdi.
Problem təhsildə deyil, yaxud dil ortaqlığı belə yaxınlaşmaq üçün əsas sayılmır. Rəsmi Düşənbəni ehtiyatla davranmağa vadar edən Tehran rejiminin mahiyyətidir.
Vaxtı ilə rəsmi Düşənbə Tehrandan İslam Respublikasının dini mədrəsələrində, başqa ali təhsil ocaqlarında oxuyan 200–ə yaxın tacikistanlının geri qayıtmasını istəyib. Onlar İranın rəsmi olmayan təhsil müəssisələrində (belə müəssisələri rejimin siyasi ideologiyası üçün “kadrlar” hazırlayır), özəlliklə Tehran, Qum və Məşhəd şəhərlərindəki “Cəmaət-ül-Mustafo-əl-Ülamiyyə” Beynəlxalq Universitetində təhsil alırdı.
Digər tərəfdən bu ölkə din pərdəsi adı altında vətəndaş müharibəsini yaşayıb. Əfqanıstanda “Taliban” hökuməti dünyəvi Tacikistan Respublikasının az qala gözü önündə çoxsaylı arzuedilməz əməllər törədib.
Xatırladaq ki, tacikistanlı tələbələrin ölkəsinə qayıtması üçün yardım göstərməsini xahiş edilsə də elə ciddi nəticə əldə olunmayıb. Bundan başqa həmin illərdə Tacikistandan İranda təhsil almağa gedən tələbələrin də bu ölkəyə buraxılmasının qarşısı alınıb.
Onda Tacikistan Prezidenti İmoməli Rahmon ölkə vətəndaşlarından xaricdə çeşidli islam təhsil müəssisələrində oxuyan övladlarını geri çağırmalarını istəmişdi:
“Təəssüflər olsun ki, onların çox mollalıq öyrənmir, əksinə terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq”.
Məlumatlara əsasən, İran mədrəsələrində, özəlliklə ölkənin Əfqanıstanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda çoxlu sayda tacik yeniyetmə təhsil alır. İndiyə qədər İranda təhsil alan Tacikistan vətəndaşlarının dəqiq sayı müəyyənləşməyib. Onlar bir qayda olaraq, İrana turist vizası alaraq gedir. Bir neçə il heç yerə çıxmadan təhsil alır, təlimatlanırlar.
İran 20 ilə yaxındır Tacikistanda tikməyə başladığı su elektrik stansiyası və su anbarı layihəsini başa çatdıra bilmir. Heç bu iki dövlət arasında iqtisadi əlaqələrdə yüksək səviyyədə deyil. 2020-ci ildə İranla Tacikistan ticarət dövriyyəsinin həcmi 60 milyon dollar, bir il sonra isə 121 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, Ermənistanla İran arasında ticarət dövriyyəsi ötən il 400 milyon dollara yaxın olub.
Düşənbə və Tehran bu göstəricini yaxşılaşdırmaq üçün cəhdlər göstərsə də hələ də arzu olunan nəticə əldə edilməyib.
Prezident İlham Əliyevin Düşənbəyə səfəri Tacikistana Türk Dövlətləri Təşkilatının da dostluq və əməkdaşlıq əlinin uzadılmasıdır. Dostluq, qardaşlıq və əməkdaşlığa dair məsələni Tacikistan lideri Emoməli Rəhmon da vurğulayıb: “Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub”.
Prezident İlham Əliyev də iki ölkə arasında xoşməramlı münasibətlərdən bəhs edərək hər iki ölkə xalqlarının əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq etdiklərini vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil”. Dövlət başçısı Ömər Eldarovun Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaratdığını qeyd edərək deyib: “Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər”.
Dövlət başçısı Tacikistana səfəri həm də Mərkəzi Asiyada qarşılıqlı əməkdaşlıq və dostluğun inkişaf etməsinə də töhfə verəcək. Pozuculuq fəaliyyəti səbəbindən Ermənistan Cənubi Qafqazda reallaşan bir çox layihələrdən kənarda qalıb. Azərbaycan Prezidenti Tacikistana səfəri ilə əməkdaşlığın və qarşılıqlı dialoqun region üçün daha faydalı olduğunu da nümayiş etdirib. Tacikistan səfəri onu da göstərdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın Ermənistandan daha çox tərəfdarı var. Bu, dostlara və düşmənlərə sübut etdi ki, İran rejiminin özü üçün “arxa dayaq” saydığı Tacikistan daha çox Azərbaycanla əməkdaşlığa və əlaqələr üstünlük verir. Çünki Emoməli Rəhmonun dediyi kimi rəsmi Bakı Düşənbənin suya və iqlimə dair irəli sürdüyü qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycan regional və bölgələrarası əməkdaşlığa üstünlük verir. Səfər əməkdaşlıq, dialoq, qarşılıqlı anlaşma münaqişə və müharibədən daha faydalı olduğunu təsdiqləyib. Bunu Azərbaycan çoxdan isbatlayıb. Tacikistan səfərinin də əsas ismarışı əməkdaşlıq, tərəfdaşlıq, mədəni əlaqələrin genişlənməsi idi...