Prezidentdən ermənilərə və havadarlarına mesaj - ŞƏRH

Prezidentdən ermənilərə və havadarlarına mesaj - ŞƏRH Təəssüf ki, Ermənistan və dünya erməniləri hələ də 150 il əvvəl onlara danışılan xülya və nağıllara inanırlar.
Analitika
2908
23 İyul , 2021 13:46
Prezidentdən ermənilərə və havadarlarına mesaj - ŞƏRH
İlham Əliyev

Təəssüf ki, Ermənistan və dünya erməniləri hələ də 150 il əvvəl onlara danışılan xülya və nağıllara inanırlar. Bir dəfə kimsə indiki ermənilərin babalarını aldadıb, deyib ki, filan torpaqlar guya onlarındır, bu etnik qrup əzabkeşdir və s. Nəticədə bu cəmiyyət də həmin yalana inanıb. Ən pisi həmin miflər, əfsanələrin ardınca düşüb Türkiyə, Azərbaycan, İran və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edir, yuxuda da görə bilməyəcəkləri “Böyük Ermənistan” “arzusu” ilə yaşayırlar. Heç uzağa getmək lazım deyil, Ermənistan 30 il idi Azərbaycan torpaqlarını havadarlarının yardımı ilə işğal altında saxlayırdı. Ora yerləşdirilən ermənilər elə zənn edirdilər ki, üstündə gəzdikləri torpaq onlarındır. Hətta həmin ərazilərdən çıxanda (nə qədər gülünc olsa da) “qayıdacaqları"nı deyirdilər. Həmin ermənilərin, yaxud ora süni şəkildə məskunlaşdırılanlar, bu pis niyyəti həyata keçirənlər o torpaqların yiyəsinin Azərbaycan olduğunu undurdular. Niyə? Çünki saxta ideyalarla uydurulmuş, qəflət yuxusuna dalmışdılar. 44 günlük Vətən müharibəsi həm bölgədəki pisniyyətli insanları, erməniləri, Cənubi Qafqazda və bölgədə marağı olan gücləri silkələdi. Onlara reallığı qəbul etdirdi. Bu gerçəkliyi onlara Azərbaycan dövlət olaraq, əsgərindən, zabitindən, hərbçi ata-anasından, ailəsindən Ali Baş Komandanınadək hər kəs “Şəhidlər ölməz, Vətən bölünməz!” deyərək mübarizə edib başa saldı. Yeri gəlmişkən, Azərbaycan əhalisi 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdiyinə və əzminə görə beynəlxalq ictimaiyyətin diqqətində olub.

Azərbaycan Prezidenti İlham Əliyev torpaqların işğal altında olduğu vaxtlarda bütün çıxışlarında dünyanın aparıcı dövlətləri və ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti çatdırıb. O, bu məsələdə öz dövlətinin mövqeyini açıqlayıb. Bildirib ki, Azərbaycan öz torpaqlarında “ikinci erməni dövlətinin yaranmasına razı olamayacaq”, “buna imkan verməyəcək”. Əfsuslar olsun ki, Ermənistan dövlət olaraq, ermənilər bir etnos kimi, bu reallığı başa düşmək istəmirdi. İndi isə bir çoxları reallığı başa düşməyə başlayıb. Hətta Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel belə İrəvanda ermənilərə danışdığı nağılları Bakıda dilinə gətirmədi. Niyə? Çünki gerçəkliyi daha obyektiv mənbədən aldı. Şarl Mişelin belə davranışı bir daha sübut etdi ki, Ermənistan, ermənilər, onların diaspor nümayəndələri və lobbiləri yalan danışıb, Şarl Mieşl kimi siyasətçiləri aldatmağa cəhd ediblər. Belə yanlışlıqlar isə Qərbin Azərbaycana yanaşmasında da problemlər yaradır. Artıq beynəlxalq ictimaiyyət də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” adlı münaqişənin olmadığını qəbul etməyə başlayıb. Elə Avropa İttifaqı Şurası prezidentinin Bakıda “münaqişə"dən danışmaması bunu təsdiqləyir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində bu məsələlərə də toxunub: “Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.

Keçmi SSRİ dövründə, Azərbaycan SSR-in mövcud olduğu illərdə Xankəndində yaşamış ermənilər Azərbaycan vətəndaşıdır. Bunu heç kim inkar etmir. Azərbaycan Prezidenti burada 25 min erməninin yaşadığını bir daha açıqlayıb: “Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum”.

Dövlət başçısı ermənilərin və havadarlarının “status” kimi avantürist iddialarına da bir daha açıq-aydın münasibət bildirib: “Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə”. Prezident məsələ ilə bağlı bunu da qeyd edib: “Başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.

İlham Əliyev deyib ki, Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib: “Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur”.

Dövlət başçısı işğaldan azad edilən ərazilərə Azərbaycan dövlətinin tam nəzarət etdiyini də müsahibəsində vurğulayıb: “Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur”. Qeyd edək ki, bu yaxınlarda KİV-də İran İslam Respublikasına məxsus yük və yanacaq dolu avtomobillərin həmin ərazilərdə olduğuna dair videolar da yayılmışdı. Prezident bu çıxışı ilə hadisələrdən məlumatlı olduğunu bildirib. İlham Əliyev bununla Azərbaycana özünü dost kimi sırımaq istəyənlərə də xəbərdarlıq edib.

Prezident Azərbaycan vətəndaşı olan ermənilərin qayıdacağına əmin olduğunu söyləyib: “Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər”.

Beləliklə, İlham Əliev bu müsahibəsində Azərbaycanın mövqeyinin ölkə və beynəlxalq ictimaiyyətə bir daha açıqlayıb. Dövlət başçısının bu çıxışında Ermənistan rəhbərlərinə və erməni ictimaiyyətinə də ismarışlar var. Dövlət başçısı reallığın qəbul edilməsini ən doğru yol olaraq onlara izah edib. Reallıq isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasından, regional əməkdaşlığa başlamasından, qarşılıqlı etimad mühitinin yaranmasından keçir.

Son xəbərlər

Orphus sistemi