Yuxarı

Politoloq: "Rusiya təyyarəsinin vurulmasının bütün region üçün çox xoşagəlməz nəticələri ola bilər" - ŞƏRH

Hansı şəraitdə baş verməsindən asılı olmayaraq, digər dövlətin hava məkanının pozulması cavab tədbirləri tələb edir

Bakı. 25 noyabr. REPORT.AZ/ "Suriya-Türkiyə sərhədində Rusiyanın "Su-24" təyyarəsinin vurulması beynəlxalq və regional siyasət üçün çox xoşagəlməz nəticələr verə bilər". Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

"Tarixi analogiyalar gətirsək, görərik ki, Rusiya-Türkiyə qarşıdurması və müharibələri hər zaman qonşu dövlətlər üçün acı nəticələrə səbəb olub. Qarşıdurma sahəsi Balkanlardan Xəzər dənizinə qədər böyük ərazini əhatə edib", - analitik bildirib.

Onun sözlərinə görə, zaman-zaman regiona aid olmayan qüvvələr bu vəziyyətdən öz məqsədləri üçün istifadə edib. Qonşu regionun dövlətləri isə öz maraqlarını bu və ya digər ölkənin maraqlarına uyğunlaşdırmağa məcbur qalaraq kiminsə tərəfini tutmalı olub: "İndiki şəraitdə bunu etmək çətin olacaq. Nəzərə alaq ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi bir sıra ölkələrin xarici siyasətinə zərər vura bilər. Xüsusilə də əlavə ziddiyyətlər bu bölgədə mövqeləri güclənə biləcək ümumi düşmən - İŞİD-lə mübarizədə mənfi təsirini göstərəcək".

İ.Vəlizadə qeyd edib ki, bu insident beynəlxalq təhlükəsizlik məsələlərinin həllində ciddi problemlərin olduğunu göstərib: "Hansı şəraitdə baş verməsindən asılı olmayaraq, digər dövlətin hava məkanının pozulması beynəlxalq hüquqla cavab tədbirləri tələb edir. Görünür, Rusiya tərəfinin bu duruma öz baxışı olsa da, Türkiyə məhz bu hüququndan istifadə edib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi