Yuxarı

Politoloq: "Obama, Merkel və Olland "yaxşı və pis polis" rolunu oynayırlar" - ŞƏRH

Ekspertlər Fransa və Almaniyanın Ukrayna böhranının həlli məsələsində vasitəçilik perspektivləri haqqında fikir bildirib

Bakı. 9 fevral. REPORT.AZ/ "Normand dördlüyü" liderləri fevralın 11-də Minskdə Ukrayna münaqişəsinin həlli üzrə görüş keçirmək haqqında razılığa gəlib.Ötən həftə Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Anqela Merkel həmin məsələ ilə bağlı danışıqları davam etdirmək üçün Kiyev və Moskvaya səfər edib. Ekspertlər "Report"la  Fransa və Almaniyanın Ukraynanın cənub-şərqindəki münaqişənin həlli məsələsində Rusiya və Ukrayna arasında vasitəçilik perspektivləri haqqında fikirləri ilə bölüşüblər. 

Rusiyalı politoloq Konstantin Kalaçev əminliklə bildirib ki, müharibəni heç kim istəmir, lakin belə vəziyyətdə heç kim geri çəkilməyi özünə rəva bilmir. 

"Buna görə də Obama bir tərəfdən və Merkellə Olland digər tərəfdən "yaxşı və pis polis" rolunu oynayırlar. Bir təfədən kompromis təklifi olduğu halda, digər tərəfdən - Ukraynaya silah göndərmə təhlükəsi var", - Konstantin Kalaçev bildirib. 

Ekspert qeyd edib ki, ABŞ və Avropanın taktiki cəhətdən mövqeləri fərqlidir, lakin onlar strateji cəhətdən üst-üstə düşür. O, əlavə edib ki, Avropa dövlət sərhədlərinin yenidən baxılması presedentinin yaranmasından çəkinir. 

K.Kalaçev vurğulayıb ki, Rusiya Ukraynada öz təsirini saxlamaq niyyətindədir və onun ərazisini məsuliyyət zonası kimi dəyərləndirir. 

Qərb tərəfindən kompromis və güzəştlər ehtimalı haqqında damışan ekspert qeyd edib ki, Qərbin xüsusi vasitələri yoxdur: "Yalnız status-kvonun bərpa edilməsi və sanksiyaların aradan qaldırılması arzusu mövcüddur. Putin sona qədər getmək niyyətindədir. Ukrayna da səhvlərdən nəticə çıxarmır. Buna görə də danışıqların taleyinə mən bir o qədər də ümidlə baxıram, lakin istənilən danışıqlar gərginliyin artmasından yaxşıdır. Ola bilsin ki, bu münaqişənin həlli deyil, lakin onu lənğitmək üçün bir cəhddir. Zaman keçdikcə hər şey öz yerini tapacaq", - politoloq söyləyib. 

Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Vladimir Kornilov hesab edir ki, Berlin və Paris Poroşenkonu sülhə məcbur etmək üçün maksimal səy göstərəcək, çünki  Avropada ABŞ silahının nəzarətsiz yayılmasından Almaniya və Fransanın narahatlığı çox yüksəkdir. 

"Unutmaq olmaz ki, Merkel ABŞ-a yollanıb. Burada ona güclü dəlillər gətiriləcək və müharibəyə məcbur edəcəklər. Yəni Minsk danışıqlarına Merkel Vaşinqtonda "emal olunmuş" vəziyyətlə gələcək. Ağ Evin Merkel barəsində bilavasitə bu müharibə ilə bağlı olmayan, həm siyasi, həm də iqtisadi təsir vasitələri çoxdur", - mərkəzin direktoru bildirib.

"Ukrayna siyasəti" Fond-İnstitutu layihələrinin rəhbəri Aleksey Voronenko Fransa və Almaniya rəhbərlərinin Rusiya prezidenti ilə görüşlərinin Ukraynada münaqişənin həlli məsələsində hər hansı bir irəliləyişə gətirə biləcəyinə şübhə ilə yanaşdığını bildirib. "Ümumiyyətlə, bu cür görüş formatı Ukrayna üçün olduqca təhqiredicidir! Merkel özü deyib ki, bu görüşün nəticələrindən əmin deyil", - Voronenko hesab edir. 

Onun fikrincə, bu məsələdə Qərbin təsir göstərmək üçün istifadə edə biləcək bütün vasitələri tükənib. "Aİ Avropada Rusiya ilə sülh və əməkdaşlıq etmək istədiyi haqqında fikirlər səsləndirir. Buna görə də, mənə elə gəlir ki, indi yalnız kompromislər axtarılacaq. Düşünürəm ki, sanksiyalar çox yavaş-yavaş, lakin mərhələ-mərhələ aradan qaldırılacaq. Rusiyanın sanksiyalara qarşı cavabları da Aİ iqtisadiyyatına zərbə vurur. Buna görə də nə Rusiya, nə də Avropa üçün heç də sevinmək vaxtı deyil", - Voronenko hesab edir. 

Öz növbəsində Konstantin Kalaçev hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrovun bəyanatlarına görə, Ukrayna böhranı super güc olduğu üçün Rusiyanın leyinə həll olunacaq. "Lakin super gücün ambisiyalarını yalnız silahla möhkəmləndirmək olmaz. Rusiyanın Qərbi özünə uyğunlaşdırmaq cəhdi böyük səhv ola bilər", - politoloq qeyd edib. 

Onun fikrincə, Ukrayna böhranının həllində irəliləyiş gözlənilmir.

"Tarix təkrarlanır. Bu gündəlik ştampdır. Lakin ən qorxulusu odur ki, tarix bu dəfə əks ardıcıllıqla təkrarlanır. Onda: Krım, Petlyura, Direktoriya, vətəndaş müharibəsinin başlaması, inqilab, dünya müharibəsi...", - politoloq qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi