Doqquz aylıq yeni Ermənistan - hökm sürən özbaşınalıq - ŞƏRH

Doqquz aylıq yeni Ermənistan - hökm sürən özbaşınalıq - ŞƏRH İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın vətəndaşları Dağlıq Qarabağda qeyri-döyüş şəraitində ölür
Analitika
13 Fevral , 2019 14:35
Doqquz aylıq yeni Ermənistan - hökm sürən özbaşınalıq - ŞƏRH

Bakı. 13 fevral. REPORT.AZ/ Ermənistanda hakimiyyət dəyişikliyindən 9 ay keçdi. Ancaq yeni siyasi qüvvələr hələ də, sadəcə, çıxışlar edib vədlər vermək, sülhdən danışıb onu əngəlləməklə məşğuldurlar.

Gəlin, Nikol Paşinyan hökumətinin başçılıq etdiyi 9 aylıq Ermənistanda vəziyyətə nəzər salaq. Ölkənin milli valyutası dram devalvasiyaya uğrayıb. Nəticədə gündəlik tələbat malları, o cümlədən çörəyin qiyməti bahalaşıb. Məlumatlara əsasən, Ermənistanda milli valyuta devalvasiyaya uğrayan andan unun qiyməti qalxıb. Bu da, öz növbəsində, başqa un məmulatlarının da bahalaşmasına səbəb olub. Belə bir vəziyyət Ermənistan əhalisinin aztəminatlı təbəqəsinin dolanışığına mənfi təsir göstərib. Qeyd edək ki, yoxsullar ölkə əhalisinin 32-35 faizini təşkil edir.

Yeri gəlmişkən, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın vətəndaşları Dağlıq Qarabağda qeyri-döyüş şəraitində ölürlər. Azərbaycanın işğal altında olan bu ərazisində 2000-ci il təvəllüdlü Frunzik Tamazyan qaraciyər və ürək çatışmazlığından ölüb. Bu göstərir ki, Ermənistan işğal altında saxladığı Qarabağa sağlamlığında problem olan vətəndaşlarını "hərbi xidmət"ə göndərir. Başqa sözlə, ölkə vətəndaşları işğal altında olan Azərbaycan torpaqlarında qulluq etmək istəmir. Ona görə də rəsmi Yerevan aztəminatlı, xəstə və kasıb Qarabağa yollayır. Çünki imkanlılar övladlarını Qarabağda "hərbi xidmət"dən yayındıra bilir, oğullarının fitnə və başqalarının hikkəsinin qurbanı olmasını istəmirlər. Ümumiyyətlə, Ermənistan ordusunda mənəvi aşınma hökm sürməkdədir. Hərbi xidmətə yeni gələn gənclərə işgəncə verilir. Buna dözməyən əsgərlər komandirlərini öldürməkdən belə çəkinmirlər. Ermənistan ordusunun sıravi əsgəri pulemyotdan atəş açaraq 1985-ci il oktyabrın 18-də anadan olmuş baş leytenant Mesrop Qriqoryanı bilərəkdən öldürüb. Bundan başqa, Ermənistan ordusunda itkilərin sayının ictimaiyyətdən gizli saxlanıldığı da məlum olub. Yeni il gecəsi müqavilə əsasında hərbi xidmət keçən Edqar Qriqoryan adlı hərbçi odlu silahdan açılan atəş nəticəsində aldığı yaradan ölüb. Onun ölüm faktını Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi yaymayıb. İctimaiyyət hadisə barədə KİV-dən xəbər tutub. Başqa bir məlumata əsasən, 2018-ci il dekabrın 31-də Qarabağda Ermənistan hərbçisinin qumbaradan ehtiyatsız davranması səbəbindən S.Torosyan, M.Manukyan və A.Marabyan adlı hərbçilər yaralanıb. Məlumatı Ermənistan İstintaq Komitəsi ötən gün təsdiqləyib.

Bu arada yerli mətbuatın yazdığına görə, Ermənistanın Armavir vilayəti administrasiyasının binası az qala hər gün etiraz aksiyasının iştirakçıları tərəfindən mühasirəyə alınır. Bildirilib ki, vilayətin Aykaşen, Arşaluys, Vardaşen və başqa kəndlərin sakinləri yerli hakimiyyət başçılarından şikayət ediblər: “Sakinlər ədalət tələb etməkdən artıq yorulub. Onlar bildirirlər ki, doğrudan da ölkədə heç nə dəyişməyib. Sadəcə olaraq, əvvəlki əldalətsizlik yeni adamlar tərəfindən davam edir”. Qeyd edək ki, fevralın 4-də Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlərlə polis əməkdaşları arasında toqquşma olmuşdu. Sakinlər Ermənistan müdafiə nazirinin keçmiş müavini, general, keçmiş deputat, hazırda həbsdə olan Manvel Qriqoryanın qardaşı oğlu, kəndin icra nümayəndəsinin başçısı Zarzand Qriqoryanın istefasını tələb ediblər. Başqa bir etiraz aksiyasını isə Ararat vilayətinin Nerkin Dvin kədinin sakinləri keçiriblər. Onlar “Şimal-Cənub” avtomobil yolunu bağlayaraq kənd yolunun təmirini tələb ediblər. 

Əslində, Kreml-Yerevan münasibətləri normallaşmayıb. Ermənistan iqtisadiyyatının daha çox Rusiyadan asılı olduğu sirr deyil. Rusiyanın “Qazprom” dövlət şirkətinin adıçəkilən ölkədə “Qazprom-Armeniya” adlı törəməsinin fəaliyyət göstərməsi də bunu təsdiqləyir. Rusiyanın Ermənistana satdığı təbii qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək bahalaşdırması isə iki ölkə arasındakı münasibətin göstəricisidir. Halbuki 9 ay əvvəl rəsmi Yerevan Rusiya ilə bu yanacağın qiymətinin daha aşağı salınması istiqamətində danışıqlar aparırdı. Nikol Paşinyan oxşar cəhdi isə "mavi yanacağ"ın 15 dollar bahalaşması ilə nəticələndi. Yanvarın 25-də Ermənistanın Baş naziri Rusiyaya səfər etdi. Ancaq Rusiya Prezidenti Vladimir Putin onunla görüşməyə ehtiyac duymadı. Baş nazir Dmitri Medvedev Nikol Paşinyanla görüşdü. Bu da soyuq münasibətlərin hələ istiləşmədiyindən xəbər verən amildir. Rusiya tərəfi “Cənubi Qafqaz Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin konsessiya idarəetməsindən imtinanı müzakirəyə çıxarıb. Qeyd edək ki, 2008-ci il oktyabrın 13-də Yerevanda “Ermənistan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 100 faiz "Rusiya Dəmir Yolları" MMC-nin törəmə qolu olan "Cənubi Qafqaz Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansına verilib. Bu şirkət uzunmüddətli effektivliyi və maliyyə qaynaqlığının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Ermənistanda nəqliyyatın imkanlarının artırılması, Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi kimi öhdəliklər götürüb. Bu da tərəflər arasında münasibətin xoş olmadığına dair başqa bir nümunə sayıla bilər. 

Deməli, Ermənistandakı 9 aylıq yeni hökumət isə Rusiyaya sədaqətli olduğunu nümayiş etdirmək üçün yeni-yeni cəhdlər edir. Bir müddət əvvəl Moskvanın Yerevandan Suriya məsələsində mövqeyini nümayiş etdirməsini istədiyi barədə məlumatlar yayılmışdı. Çünki Serj Sarqysan hakimiyyətində Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə birlikdə Suriyaya göndərilən humanitar yardımlarda iştirak etmişdi. Nikol Paşinyan fevralın 8-də 83 nəfərlik qrupu və humanitar yardımı Suriyaya göndərib. Ölkə ictimaiyyəti bunu hökumətin özbaşınalığı, “avantürası” kimi dəyərləndirir. Bildirilir ki, məsələ parlamentdə müzakirə edilməyib: “Paşinyan bu hərəkəti ilə Ermənistan qanunvericiliyini kobud şəkildə pozub”. Erməni şərhçilərin qənaətincə, “Müdafiə haqqında” qanunun 5-ci hissəsinin 5 maddəsində bildirilib ki, Ermənistan silahlı qüvvələri ölkə ərazisindən xaricdə sülhməramlı, yaxud hərbi əməliyyatlarda yalnız beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərə bilər. Onların iddiasına görə, belə bir müqavilə mövcud deyil. Bu məsələdə hökumət başçısı və Müdafiə Nazirliyinin fərqli bəyanatla çıxış etdikləri vurğulanır. “Ermənistan hökumətinin Suriya “blefi”, yoxsa erməni bayrağı ilə Putinə yaltaqlıq?” başlıqlı yazıda Nikol Paşinyanın Suriyaya özbaşına hərbçi göndərməsi pislənib. Eyni zamanda ABŞ Dövlət Departamenti də Nikol Paşinyanı beynəlxalq müqavilələrdən kənar özfəaliyyətini dəstəkləmədiyini bildirib: "ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır. Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya silahlı qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşşar Əsəd rejimi ilə əməkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”. 

Deyəsən, yeni Ermənistanla bağlı əsas söz özbaşınalıqdır. Bu hökumət və başçısı öz ölkəsinin parlamentini saya salmır. Beynəlxalq normalara məhəl qoymur. Nikol Paşinyanın məsuliyyətsizliyi Qarabağla bağlı çıxışlarında da özünü göstərir. Əslində, belə də olmalıdır: öz ölkəsinin qanunları və ali qanunverici orqanına hörmət etməyən, qeyri-döyüş şəraitində əsgər və hərbçi itkilərini vətəndaşlarından gizlədən, adi kənd sakinlərinin səsini eşitməyən, Ermənistan cəmiyyətini aldadan, ermənilərə dövlət quran Rusiyaya nankorluq edəndən başqasının təbii və qanuni hüquqlarına münasibətdə həyasızlıqdan başqa heç nə gözlənilməz. Bir də Dağlıq Qarabağ və oranın azərbaycanlı icması barədə gülünc və məntiqsiz danışan Nikol Paşinyanın idarə etdiyi dövlət yəqin belə olurmuş. Ona demokrat demək bu anlayışı təhrif etməkdir. Demokrat həm də ədalətli, başqasının haqqını tapdamayan mənasını daşıyır. Nikol Paşinyan isə bu ölçüyə uyğun gəlmir. Hökumət başçısı ötən gün parlamentdə iqtisadiyyatı gücləndirməkdən danışdı. Sual olunur: hansı vəsaitlə, yoxsa Paşinyan ABŞ və Avropa ölkələrində Ermənistana yardım məqsədilə keçirilən telemarafonlarla bu ideyasını gerçəkləşdirmək niyyətindədir. Ermənistan iqtisadiyyatının sabit inkişafı Qarabağın işğaldan azad olunmasından keçir. Telemarafonlarla Nikol Paşinyanın arzuladığı iqtisadiyyatın qurulmayacağını indidən proqnozlaşdırmaq olar. Odur ki, son zamanlar baş verənlər 9 aylıq yeni Ermənistanda özbaşınalığın hökm sürdüyünü söyləməyə əsas verir.  

Son xəbərlər

Orphus sistemi