Yuxarı

Parlamenti götürən Paşinyan - pusquda duran Koçaryan və Sarqsyan - ŞƏRH

Ermənistanda inqilab başa çatmayıb, hələ keçmiş rejimlə vidalaşır

Bakı. 10 dekabr. REPORT.AZ/ Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Bununla da cari ilin aprel-may aylarında başlayan hərəkatın qarşıya qoyduğu əsas hədəflərdən biri də başa çatdı. Buna “Mənim addımım” blokunun, yaxud “Çıxış” fraksiyasının qələbəsi də demək olar. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçki qutularının hamısının bülletenləri sayılıb.

Bu siyasi kampaniyada 2 blok və 7 siyasi partiya - Nikol Paşinyanın başçılıq etdiyi əsasını Vətəndaş Müqaviləsi Partiyası təşkil edən “Mənim addımım”, Respublika və Azad Demokratlar partiyalarından formalaşan “Biz” blokları, keçmiş hakim Respublikaçılar Partiyası, Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan, Sasna Tsrer, Orinats Yerkir (“Hüquqi ölkə”), Daşnaksütyun, Dirçəliş Xristian-Demokratik, Milli Tərəqqi və Vətəndaşın Qərarı Sosial Demokrat partiyaları iştirak ediblər. Hökumət başçısı səlahiyyətlərini icra edən, “Mənim addımım” seçki bloku və “Çıxış” fraksiyasının lideri Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvələr 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43 faizini (səs verən seçicilərin sayı 884 456 nəfər) toplayaraq siyasi kampaniyanın qalibi olublar. Serj Sarqsyan - Robert Köçaryanın başçılıq etdikləri hakimiyyətin devrilməsində Paşinyanı dəstəkləmiş iş adamı, milyarder Qagik Tsarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan 8,27 faiz (103 824), İşıqlı Ermənistan 6,37 faiz (80 024) partiyaları 5 faizlik seçki baryerini aşıblar. Keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası 4,7 faiz səs toplayaraq 5 faizlik baryeri aşa bilməyib. Sağ radikal, yaxud erməni millətçiləri sayılan “Daşnaksütyun” fraksiyası seçicilərin 3,89 faiz (48 811), Sasna Tsrer Partiyası isə 1,82 faiz (22 862) səs toplayıb. “Biz” bloku 2 faiz (25 174), Orinats Yerkir Partiyası (“Hüquqi ölkə”) 0,99 faiz, Vətəndaşın Qərarı Sosial Demokrat Partiyası 0,68 faiz, Dirçəliş Xristian-Demokratik Partiyası 0,51 faiz, Milli Tərəqqi Partiyası 0,33 faiz səslə parlamentə düşə bilməyiblər. Seçkinin nəticələrindən də göründüyü kimi, açıq şəkildə rusiyayönümlü partiyalar, hətta keçmiş hakim partiya belə bir il əvvəlki nəticənin 10 faizini güclə təkrarlayıb. Yeri gəlmişkən, 2017-ci il aprelin 2-də keçirilən parlament seçkilərində Serj Sarqsyanın partiyası 49,21 faiz səs toplamışdı. Bu siyasi kampaniyada isə yalnız “inqilabçılar” qalib gəlib. Başqa sözlə, onlar parlamenti “ələ keçiriblər”.

Serj Sarqsyan və Nikol Paşinyan

Bu arada ötənilki seçkilərdəki "Çıxış" blokunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan, Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan və Respublika Partiyasının başçısı Armen Sarkisyan yaradıb. Bu baxımdan, Edmon Marukyanın "Mənim addımım" blokunun liderinə təzyiq edəcəyi az ehtimal olunur. Ancaq parlamentdə təmsil olunan Tsarukyan bloku - Çiçəklənən Ermənistan Partiyası perspektivdə Nikol Paşinyan üçün başağrısına çevrilə bilər. İş adamı, milyarder Qagik Tsarukyanın keçmiş prezidentlər Koçaryan və Sarqsyanla çox sıx əlaqəsi olub. Onun Rusiya ilə biznes əlaqələrinin olduğu da istisna edilmir. Ona görə də Tsarukyanı parlamentdə lazım gələndə “partladılacaq bomba” kimi də dəyərləndirmək olar.

Əslində, bu seçkidə Ermənistanın keçmiş üç prezidentinin Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan oyundankənar vəziyyətdə qalmış kimi görünür. Belə ehtimal etmək olar ki, oxşar siyasi baxışı təmsil etdiklərindən Levon Ter-Petrosyanın adamları Nikol Paşinyanın kadr bazasını təşkil edə bilər. Koçaryan və Sarqsyanın isə pusquda durub məqam gözləyəcəklərini, başqa sözlə, “revanş”a hazırlaşacaqları da ehtimal olunur. Ancaq bu, daha çox Ermənistanın gələcək hakimiyyətinin tutacağı mövqedən, ən əsası, Rusiyaya münasibətindən asılı olacaq. Nə baş verə bilər? Nikol Paşinyan Kremlə arxa çevirəcəyi halda, Koçaryan və Sarqsyanın adamları, habelə kommunistlər və onlarla bir qrupda təmsil olunanlar ölkəni qarışdıra bilərlər. Bu baxımdan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin iştirakında əsas rolları oynamış bu iki fiqurun istifadə müddətini tam bitmiş saymaq olmaz. Seçkidə Rusiyaya qarşı çıxışları ilə seçilən Sasna Tsrer Partiyası da baryeri keçə bilməyib. Ola bilsin, bu, yeni hakimiyyətin Rusiyaya hədiyyəsidir. Başqa sözlə, Nikol Paşinyan öz komandası, yeni qüvvələrlə Kreml(l)ə işləməyə hazır olduğunu nümayiş etdirib.

Ermənistan prezidenti Armen Sarkisyan

Deməli, 2008-ci ildən Ter-Petrosyanın başladığı, 2018-ci ildə Paşinyanın davam etdirdiyi hərəkatın nəticəsi olaraq keçirilən növbədənkənar parlament seçkilərindən sonra açıq-aşkar moskvayönümlü sayılanlar hakimiyyətdə təmsil olunmayacaqlar? Yaxud Rusiya Ermənistandan çıxacaqmı? MDB-nin Sankt-Peterburqda keçirilən sonuncu qeyri-rəsmi sammitində Moskva Nikol Paşinyana və Ermənistanda qurulacaq yeni hakimiyyətə münasibətini müxtəlif davranışlarla təsdiqləyib. Bu, onlara inamsızlığın da göstəricisi sayıla bilər. Hətta MDB təmsilçiləri də Ermənistanda keçirilən seçkini birmənalı şəkildə müsbət qiymətləndirməyiblər. MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyasının nümayəndəsi Mirlan Bakirov seçki məntəqələrində seçici fəallığının zəif olduğunu bildirib.

Yeri gəlmişkən, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan seçkidə seçicilərin 48,63 faizinin iştirak etdiyini bildirib. Başqa sözlə, səsverməyə 2 milyon 570 min seçicinin 1 milyon 260 min nəfəri qatılıb. 2017-ci ildə isə bu rəqəm 60,86 faiz olub. Adi Ermənistan vətəndaşı seçici fəallığını belə səciyyələndirib: “Seçicilərin yarısı evində yoxdur. Onlar Rusiyada asfalt döşəyir, kabab bişirirlər”. Belə çıxır ki, səsvermədə iştirak etməyənlərin adından bülletenlərdən istifadə edilib. Hər halda bu arqument inkar olunmayıb. Xatırladaq ki, Ermənistan Milli Statistika Xidmətinin 2017-ci il yanvarın 1-nə olan məlumatına görə, ölkənin daimi əhalisinin sayı 2 milyon 986,5 min nəfərdir. Builki siyasi kampaniyada seçicilərin sayında da şübhə var. Əhalinin ötənilki sayından seçicilərin builki sayını çıxsaq, təxminən, 416,5 min fərq qalar. Belə çıxır ki, Ermənistanda səsvermə hüququ olmayan vətəndaşların, 18 yaşına çatmayanların sayı bu qədərdir. Bu rəqəm şübhəli görünür. Seçicilərin bir hissəsi qapalı müəssisələrdədir. Əvvəlcədən yayılan məlumatlara əsasən, Ermənistan ordusunun hərbçilərinin, məhbusların Nikol Paşinyana səs verməsi təşkil edilib. Hətta Paşinyan blokuna səs verən əsgərlər valideynləri ilə görüşdürülərək mükafatlandırılıblar. Başqa bir məlumatı da diqqətinizə çatdıraq. Seçki kampaniyasına ən çox xərcləyən “Mənim addımım” bloku olub. Paşinyançılar siyasi kampaniyaya 560 min dollar, keçmiş hakim partiya isə 260 min dollar maliyyə vəsaiti xərcləyib.

Nikol Paşinyan

Deməli, məlumatlar və beynəlxalq təşkilatların gecikən bəyanatları, dünyanın nüfuzlu dövlətlərinin başçılarının gecikən təbrikləri Ermənistanda seçkilərin heç də iddia olunduğu kimi, azad, şəffaf və ədalətli keçmədiyni deməyə əsas verir. Belə hallarda, yəni “demokratik inqilabçıları”, adətən, Qərb dövlətləri hamıdan əvvəl təbrik edir, müşahidəçiləri də hamıdan tez seçkinin nəticələri barədə bəyanat verirlər. Ancaq bunların heç bir hələ olmayıb. Heç Rusiya rəsmiləri də Paşinyanı təbrik etməyə tələsmirlər.

Beləliklə, “inqilab”ın bir mərhələsi də arxada qaldı. İnqilabçıların bundan sonra qarşılarında hökumətin formalaşması, konstitusiya islahatı, indiki prezident Armen Sarkisyana münasibəti müəyyənləşdirmək durur. Ölkənin inkişaf etməsi, siyasi-iqtisadi sabitliyin təmin olunması, regional layihələrdə iştirak etmək, qurulacaq hakimiyyətin ömrü və s. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir. Nəzərə almaq lazımdır ki, 2016-cı ilin aprelində işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan hərbçilərinə qarşı döyüş Sarqsyan hakimiyyətinin gücünü göstərdi, onu ifşa etdi. Həmin hadisələrdən iki il sonra isə onun rejiminin istifadə müddəti bitdi. Odur ki, Ermənistanda inqilab başa çatmayıb, hələ keçmiş rejimlə vidalaşır. Bu baxımdan, Nikol Paşinyan və onu müdafiə edən siyasi qüvvələr hələ dağıdıcılıqla məşğuldur. Onların qabiliyyəti quruculuqda bilinəcək. Nəhayət, Ermənistandakı seçkilər Paşinyanın qələbəsi ilə başa çatdı, həbsdə olan Koçaryan və Sarqsyan isə pusquya göndərildi. Revanş olacaqmı?

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi