Yuxarı

​Parisdəki atışmada İŞİD izi - ŞƏRH

Baş verənlər Avropada mühacirlərə qarşı yeni etiraz dalğasının başlayacağını da ehtimal etməyə əsas verir

Bakı. 8 yanvar. REPORT.AZ/ Yeni ilin ən səs-küylü hadisəsi Parisdə nəşr edilən "Charlie Hebdo" həftəlik satirik jurnalın redaksiyasına silahlı basqın sayıla bilər.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, yanvarın 7-də avtomat "Kalaşnikov"la silahlanmış üç maskalı jurnalın redaksiyasına basqın edərək, atəş açıblar. Hadisə nəticəsində 2-si polis olmaqla 12 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Bundan başqa, "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı basqından bir neçə saat sonra sinaqoqun qarşısında avtomobil partlayıb.

Paris hökumətinin ilkin məlumatına görə, partlayış heç bir şəkildə jurnal redaksiyasına hücumla əlaqəli deyil.

Fransa prezidenti Fransua Olland redaksiyada olub. O, baş vermiş hadisənin "terror aksiyası" olduğunu bildirib.

Hadisə ilə bağlı dövlət başçısı televiziya vasitəsilə xalqa müraciətində 8 yanvar tarixinin ümummilli matəm günü olacağını deyib: "Biz, öldürülənlərin naminə ideal azadlığın müdafiəsini davam etdirəcəyik".

Fransanın dövlət müəssisələrindəki bayraqlar üç gün ərzində endiriləcək.

Xatırladaq ki, 2012-ci ilin sentyabrın 19-da "Charlie Hebdo" jurnalında Məhəmməd peyğəmbərin karikaturası çap olunmuşdu. Karikatura "Fundamentalizm" rubrikasında "Məhəmməd kino çəkir" başlığı altında dərc edilmişdi.

Onda Paris məscidinin məsulu Dalil Bubaker baş verən hadisə ilə bağlı narahatlığını və təəssüf hissi keçirdiyini bildirmiş, bunun "müsəlman dünyasında narazılıqları daha da artıracağını" söyləmişdi.

Onu da qeyd edək ki, "Charlie Hebdo" oxşar karikaturaları 2006-2011-ci ildə də nəşr edib. Həmin vaxt  jurnalın saytı dağıdılmış, jurnalistlərin ünvanına çoxsaylı tənqid və hədələr gəlmişdi.

Terror aksiyasının törədilməsi ilə bağlı ehtimallardan ikisini diqqətinizə çatdırmaq istərdik.

Bu günlərdə ölkə przedenti Fransua Olland İŞİD-ə və Suriyadakı rejimin başçısı Bəşşar Əsədə qarşı çıxış edib.

O, yerli radioya müsahibəsində demişdi: "2013-cü ildə Suriyada kimyəvi silahdan istifadə olunarkən müdaxilə etmədiyimiz üçün peşmanam". İŞİD-ə qarşı mübarizədə Suriyadakı hökumətin başçısı B.Əsədlə əməkdaşıq edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Belə əlaqələrdən yayınmaq daha yaxşı olar. Şeytanla bir yerdə hərəkət etdiyiniz zaman Allahın yardım etməsi çox nadir haldır".

Həmin müsahibədə F.Olland İraq və Suriyada sabitliyin yaranması üçün İranın önəmli ortaq olduğunu vurğulayıb.

Suriyada müxalifəti dəstəkləmək məcburiyyətində qaldıqlarını deyən Fransa prezidenti bunları söyləyib: "2013-cü ildə Suriyada kimyəvi silahdan istifadə olunarkən müdaxilə etmədiyimiz üçün peşmanam. Həmin vaxt müdaxilə gerçəkləşmədi. İndi isə qarşımızda İŞİD var. İŞİD-in isə B.Əsədlə əlaqəsinin olmasını araşdırırıq".

Onu da qeyd etmək yerinə düşər ki, ötən ilin son günlərində Fransanın Dijon şəhərində bir nəfər "Allahu əkbər!" deyərək, avtomobili insanların üstünə sürmüşdü. O zaman 11 nəfər yaralandığı haqda məlumat yayılmışdı. Hadisəni törədən həbs edilib.

Bundan sonra Fransa hökuməti polislərdən ibarət özəl qrup yaradıb. Həmin dəstə ölkədə "Allahu əkbər!" şüarı verilən yerlərə cəlb ediləcək.

Son günlər Almaniyada da "Avropanın islamlaşdırılmasına qarşı" aksiya keçirilib. Aksiya iştirakçıları Avropaya mühacir axınına qarşı çıxış edib, qitənin "müsəlmanlaşmasından" narahat olduqlarını bildirib.

Düzdür, Almaniyada bu tədbirə qarşı çoxminlik yürüş də keçirildi.

Bütün bünlarla yanaşı hadisədən bir neçə saat öncə jurnalın twitter hesabından İŞİD lideri Bağdadiyə həsr edilən karikatura yayımlanıb. Orada yazılıb: "Bu arada xoş arzularımızla". Karikaturada Bağdadinin "xüsusi sağlıq" dediyi də görünür.

Beləliklə, "Charlie Hebdo"un redaksiyasına basqının bu karikatura ilə əlaqəsinin olması ehtimalı daha çoxdur. Çünki peyğəmbərlə bağlı material 2 ildən artıqdır çap olunub. Hadisənin o şəkillə əlaqəsinin olması az inandırıcıdr. Ona görə də, ehtimallarımıza əsasən, teraktı həm "İŞİD", həm də Bəşşar Əsədə bağlı qüvvələrin gerçəkləşdirdiyini deyə bilərik.

Fransa və Almaniyada baş verənlər Avropada "mühacirlərə" qarşı yeni etiraz dalğasının başlayacağını da ehtimal etməyə əsas verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi