Mərkəzi Asiyada yeni "intriqa"lar - bölgə uğrunda mübarizə yenidən başlayır - ŞƏRH

Mərkəzi Asiyada yeni "intriqa"lar - bölgə uğrunda mübarizə yenidən başlayır - ŞƏRH Nəzərə almaq lazımdır ki, həmin ərazi karbohidrogen ehtiyatları ilə zəngindir
Analitika
30 Oktyabr , 2015 14:20
Mərkəzi Asiyada yeni intriqalar - bölgə uğrunda mübarizə yenidən başlayır - ŞƏRH

Bakı. 30 oktyabr. REPORT.AZ/ Tacikistanın Əfqanıstanla sərhədinə Rusiyanın qoşun yeridəcəyi, eləcə də Moskvanın Əfqanıstanda antiterror əməliyyatı keçirəcəyi haqda müxtəlif səpkili xəbərlər yayılmaqdadır.

Bundan başqa, oktyabrın sonu noyabrın əvvəlində ABŞ dövlət katibi Con Kerrinin Mərkəzi Asiya ölkələrindən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistana səfərinin planlaşdırılması bölgə haqda xəbərlərin və hadisələrlə bağlı irəli sürülən ehtimalların təsadüfən yayılmadığını təsdiqləməkdədir.

Öncə qeyd edək ki, Tacikistanla Əfqanıstan arasında sərhədin uzunluğu 1344 km-dir. Sərhədboyu Pənc çayı axır. Keçmiş SSRİ zamanında bu sərhədin təhlükəsizliyini 25 min sovet əsgəri təmin edirdi. Sovetlər dağılandan sonra həmin ərazidə 13 il 19 min Rusiya hərbçisı xidmət edib. 2005-ci ildən sərhədə Tacikistan əsgərləri nəzarət etməyə başlayıb. Bununla belə Rusiyanın 200-ə yaxın hərbi məsləhətçisi sərhəddə xidmət edən Tacikistan əsgərlərinə təlim keçir. Onu da nəzərə almaq lazımdır ki, Moskvanın Tacikistanda 201 saylı həbri bazası yerləşir.

Rusiyanın Tacikistan-Əfqanıstan sərhədinə yenidən qayıdacağı haqda məlumatların yayılması əsassız deyil. Bunun səbəbləri aşağıdakılar da ola bilər:

- MDB-nin Astanada keçirilən sammitində MDB-yə üzv ölkələrin terrorçulardan birgə qorunmaq haqda sənədin imzalanması;

- Rusiya prezidenti Vladimir Putinin "Kunduzla Tacikistandakı Rusiyanın hərbi bazası arasında 121 km məsafə var" deməsi;

- Moskvanın Suriyada hava əməliyyatlarına başlaması;

- Suriyada əməliyyatlardan sonra Vladimir Putinin dediyi bu fikirlər: "Leninqrad küçəsi mənə bir qaydanı öyrədib: əgər dava qaçılmazdırsa, o zaman birinci vurmaq lazımdır. Terrorçular prinsip etibarı ilə Rusiyaya nifrət edirlər. Onlar bizə qarşı mübarizə aparır. Onda bizə orada onlara qarşı vuruşmaq daha yaxşıdır, nəinki burada (Rusiyanı nəzərdə tutur - S.İ.)";

- İslamabadın keçmiş və indiki rəsmilərinin "Taliban" hərəkatının Pakistan tərəfindən Rusiyaya qarşı mübarizə aparmaq üçün hazırlanmasını etiraf etməsi;

- "Taliban"ın Tacikistanla sərhədə qüvvə cəmləməsi və s.

Oktyabrın 29-da isə Rusiya prezidenti Vladimir Putin MDB xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə əsasən Suriya və Əfqanıstanda təlim keçmiş terrorçulara qarşı mübarizə məsələlərinin müzakirə edildiyi haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Moskvada MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclası keçirilib. Tədbir iştirakçıları nəqliyyat sahəsində terror təhlükəsinə dair məlumat mübadiləsi və 2017-2019-cu illər üçün ekstemizmlə mübarizə üzrə əməkdaşlıq proqramının layihəsini müzakirə ediblər.

36 ildən artıqdır Əfqanıstanda üçüncü əllərin iştirakı ilə vətəndaş savaşı davam etməkdədir.

Tacikistanda isə iç savaş SSRİ dağılandan sonra təxminən 1992-ci ildə başlayıb və haradasa 5-6 il sürüb.

Bu baxımdan, ölkədə potensial "taliban"çıların olduğu istisna edilmir. Elə bu yaxınlarda Tacikistan müdafiə nazirinin müavini general Abduxalim Nazarzodanın tərəfdarlarına qarşı əməliyyat fikrimizi təsdiqləyir.

Yeri gəlmişkən, əməliyyat nəticəsində öldürülən nazir müavini Tacikistan Müxalifət Birliyinin aparıcı fiqurlarından olub. Ölkədə vətəndaş müharibəsini başa çatdırmaq üçün 1997-ci ildə bu qruplaşma ilə hakimiyyət arasında saziş imzalanıb.

Ancaq bütün hallarda rəsmi Düşənbə ölkə sərhədlərinin qorunması üçün Moskvaya müraciət etməyib. Digər tərəfdən isə əgər Rusiya buna ehtiyac duyarsa, müraciətə ehtiyac da olmayacaq. Çünki Tacikistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvüdür və ölkə ərazisində Rusiyanın 201 saylı hərbi bazası var. Rusiya ölkədəki mövqeyindən istənilən vaxt hüquqi əsaslar göstərmək və faktlar sadalamaqla sərhədi qoruya və ya Əfqanıstan ərazisinə daxil ola bilər.

Moskvanın belə addım ata biləcəyini təsdiqləyən xeyli faktlar var. Tacikistanın Dövlət Təhlükəsizlik Komitəsi bildirib ki, 2015-ci il başlayandan ölkə hərbçiləri Əfqanıstan tərəfdən 19 dəfə silahlı basqının qarşısını alıb. Silahlı toqquşma nəticəsində 10-u Əfqanıstan vətəndaşı olmaqla 16 sərhəd pozucusu zərərsizləşdirilib. Onlardan 500 odlu silah və çoxlu sayda sursat götürülüb.

Rusiyanın Xairici İşlər Nazirliyi isə bildirib ki, İŞİD Əfqanıstanın 34 əyalətindən 25-də artıq yerləşib.

ABŞ mediası isə Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzayın artillieriya, "Mi-35" helikopteri və silah-sursat tədarük üçün Rusiyaya müraciət etdiyi haqda məlumat yayıb.

Əfqanıstan prezidentinin birinci müavini Əbdül Rəşid Dostumun bu yaxınlarda Moskvada səfərdə olması, Əfqanıstanın baş naizir Abdulla Abdullanın terrorçuluğa qarşı mübarizəyə "istənilən yardımı alqışlayırıq" deməsi, Moskvanın Kabuldakı səfiri Aleksandr Mantitskinin "hakimiyyət əfqan tərəfin təqdim etidiyi siyahıya baxır" söyləməsi belə bir müraciətin olduğunu istisna etmir.

Əfqanıstan da daxil olmaqla Rusiyanın Mərkəzi Asiyada fəallaşması heç şübhəsiz ABŞ-ı narahat etməkdədir. Dövlət katibi Con Kerrinin bölgəyə səfər etməsi, ABŞ senatoru, Vyetnam müharibəsinn iştirakçısı Con Makkeynin ötən gün yayılan bəyanatı bu ehtimalı irəli sürməyə əsas verir.

C.Makkeyin hesab edir ki, ABŞ tərəfindən Yaxın Şərqdə saxlanılan boşluğu İran və Rusiya doldura bilər: "Əfqanıstan rəhbərliyi silahla bağlı Rusiyaya ona görə müraciət edir ki, Barak Obama bu ölkədəki hadisələrə müdaxiləni məhdudlaşdırıb. ABŞ-ın İraq, Suriya, Ukrayna və dünyanın başqa yerlərində liderliyi əldən verməsi növbəti dəfə boşluq yaradır və həmin boşluğu rəqiblərimiz doldurur".

Beləliklə, Mərkəzi Asiyada yeni "intriqa" başlayır. Bunun əsas səbəblərindən biri, heç şübhəsiz Rusiyanın bölgədə fəallıq etmək istəyi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, həmin ərazi karbohidrogen ehtiyatları ilə zəngindir. Bundan başqa bölgədə terror təhlükəsi, təhdidi var. Həmin təhlükənin əsas oyunçuları Mərkəzi Asiyadan kənardadır. Ona görə də perspektivdə yarana biləcək təhlükələrdən və təhdidlərdən qorunmaq üçün Qərb və ya Rusiyaya müraciət də istisna edilmir. Bölgə dövlətləri yaranacaq belə şəraitdə kimə müraciət edəcək? Kiminlə müttəfiq olacaq? Bu sulların cavabı sanki yenidən başlayan yarışın nəticəsindən sonra veriləcək.

Son xəbərlər

Orphus sistemi