​OPEC daxilində rəqabət neft qiymətlərini aşağı çəkir - RƏY

​OPEC daxilində rəqabət neft qiymətlərini aşağı çəkir - RƏY Yaxın 2-3 ildə neft qiymətlərinin 30-60 dollar/barel diapazonunda qalacağı ehtimal edilir
Analitika
21 Oktyabr , 2015 14:50
​OPEC daxilində rəqabət neft qiymətlərini aşağı çəkir - RƏY

Bakı. 21 oktyabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələr arasında rəqabət qızışıb. Neftin qiymətlərinin yüksək olduğu vaxtlarda təşkilata üzv olan ölkələr öz aralarında razılaşaraq qiymətləri tənzimləyirdilərsə, hazırda, neftin qiymətlərinin kəskin azalması fonunda üzv ölkələr əlavə endirimlər və dempinqlərlə bazar paylarını qorumağa çalışırlar. 

"Report" xəbər verir ki, mərkəzi Londonda yerləşən maliyyə konsalting şirkəti olan "Energy Aspects"in son hesabatı OPEC-də yaranmış duruma həsr olunub. 

Konsaltinq şirkətinin yaydığı son hesabatda deyilir: "OPEC daxilində nəinki təşkilata daxil olmayan ölkələrlə (əsasən Rusiya, Braziliya və ABŞ nəzərdə tutulur), hətta öz aralarında da genişmiqyaslı müharibə gedir. Əsas "döyüşlər" Asiya - Sakit okean regionu uğrundadır". Beynəlxalq Energetika Agentliyinin" (İEA) məlumatına əsasən 2015-ci ildə bu regionun payına dünya neft istehlakının 34%-i düşüb. Sadəcə Çin, dünya neft istehlakının 25%-nə cavabdehdir. Agentliyin proqnozlarına görə Asiya - Sakit okean regionunun 2016-cı ildə neftə olan tələbinin artmasına görə dünyada lider olacağı bildirilib.

Hazırda İraq "barsan" tipli ağır neftini Səudiyyə Ərəbistanının analoji neftindən 3,70 dollar/barel ucuz satır. Qətər isə nefti analoji Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi "murban sortu" neftindən 1,20 dollar/barel ucuz satır. OPEC üzvü ölkələr tətbiq etdikləri endirimlərlə yeni müştəriləri ilə uzunmüddətli müqavilələr bağlamağa cəlb edirlər. Onlar İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə İran neftinin bazara daxil olmasından və Çin başda olmaqla dünya iqtisadiyyatındakı inkişafın yavaşlaması səbəbindən neftə tələbin azalmasından ehtiyatlanırlar. Britaniyanın "KBC Advanced Technologies" konsaltinq şirkətinin məlumatlarına əsasən, İrana sanksiyaların aradan qaldırılması ilə birlikdə İran ilk 6 ayda hasilatını gündəlik 800 min barel artıracaq və endirimlər tətbiq edərək müştəri toplamağa başlayacaq. 2020-ci ilə qədər isə İranın gündəlik hasilatı 4,5 mln. barelə qədər artırması proqnozlaşdırılıb.

Orta Şərq ölkələri yeni bazarlar axtarışına davam edirlər. Belə ki, Səudiyyə Ərəbistanı dempinq tətbiq edərək Rusiyanın nüfuz dairəsində olan Polşa bazarını ələ keçirməyə çalışır. Avropalı treyderlər ərəb neftinin rus neftindən xeyli ucuz təklif edildiyini bildiriblər. 

Qeyd edək ki, 1970-ci illərdə Səudiyyə Ərəbistanı hasil etdiyi neftin yarısını Avropaya satırdı. Daha sonra Asiya ölkələrindən tələbin artması ilə ərəb neftinin əsas bazarı dəyişib. Səudiyyə Ərəbistanı 2009-cu ildə Avropa bazarında 5,9% paya sahib idisə, 2013-cü ildə bu göstərici 8,6%-a yüksəlib.

"Report" Analitik Qrupunun proqnozlarına əsasən neft qiymətinin dəyişmə tendensiyası əsasən Çin iqtisadiyyatının inkişaf tempinə və İran neftinin bazara çıxacağı tarixə bağlı olacaq. OPEC hasilatı azaltmayaraq neft qiymətlərini aşağı salmaqla ona nail olub ki, ABŞ-ın şist tipli neft hasil edən şirkətləri hasilatlarını azaldıblar. Amma, Orta Şərq ölkələrində neft hasilatı sürətlə artır. Hətta OPEC 30 mln. barel/gün limitini aşaraq gündə 31,6 mln. barelə yaxın neft hasil edir. Bu tendensiya ilə yaxın aylarda brent tipli neftin qiymətinin WTI (Texas markalı neft) tipli neftin qiymətindən aşağı düşəcəyi proqnozlaşdırılır. Yaxın 2-3 ildə neft qiymətlərinin 30-60 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi