44 günlük İkinci Qarabağ müharibəsi 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızı azad etməyimizlə yekunlaşdı. Bu böyük qələbə igid oğullarımızın, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində, canı və qanı bahasına əldə edildi. Xalq da öz ordusunun sonadək arxasında durdu, onu bağrına basdı. Həm şəhid ailələrinin sosial müdafiəsi, həm də cəbhədən qayıdan qazilərimizin müalicəsi, ehtiyaclarının ödənilməsi dövlətin diqqət mərkəzindədir. Bununla yanaşı, vətəndaşlar, ictimaiyyət də onlara əl tutur, problemlərinin həlli üçün əlindən gələni əsirgəmir. Heç şübhəsiz bu istiqamətdə işlər davam etdirilməlidir.
Müharibənin od-alovundan keçib qələbəmizdə payı olan hər kəs diqqət və qayğı ilə əhatə olunmalıdır. Döyüşlərdə peşəkar hərbçilərlə yanaşı, 18-19 yaşlı çağırışçıların, yaxud könüllülərin də iştirak etdiyini də yaddan çıxarmayaq. Yəni müharibəni yalnız kitablardan, filmlərdən tanıyan bu gənclər birdən-birə döyüş bölgəsinin qan-qadasını yaxından görməli, güllə, mərmi altında vuruşmalı oldular. Aydın məsələdir ki, hətta sağ-salamat qayıtsa da, bu gənclərimizin hər biri müharibənin dəhşətlərini yaşayıb, gözü qarşısında yoldaşları ölüb, yaralanıb və bütün bunların izi hafizələrində, daxili aləmlərində uzun müddət, bəlkə həmişəlik qalacaq. Şuşa əməliyyatında iştirak etmiş xüsusi təyinatlılardan biri söhbət edirdi ki, sıldırım qayalardan gülləbaran altında kəndirlə yuxarı dırmaşdıqları, ətrafda yoldaşlarının ipdən qoparaq dərəyə yıxılmaları daima gözlərinin qabağındadır, bu səhnələr kabus kimi onu rahat buraxmır. Unutmayaq ki, qismətinə müharibənin qanlı yollarından keçmək düşənlər adətən bu barədə danışmağı sevməz, çünki bunu xatırlamaq onlara ağır gəlir. Mənim atam da vaxtilə Stalinqrad döyüşlərində iştirak edib və daha sonra Praqayadək gedib çıxıb, amma hər dəfə anam müharibə haqqında bizə danışmağı xahiş edəndə susardı. Yəni ki, qazilərimizin təkcə mənzil, iş problemlərini həll etməklə iş bitmir, onlara həm də mənəvi dəstək olmalıyıq.
Məlum olduğu kimi, müharibə iştirakçılarının məruz qaldığı Vyetnam sindromu deyilən psixoloji fəsadlar çətinliklə dəf edildiyindən müalicəsinə də mümkün qədər tez başlanmalıdır. Əks təqdirdə bu, xroniki səviyyəyə keçə bilər.
ANAMA-da çalışan psixoterapevt Fariz Axundov “Report”a bildirib ki, Qarabağın işğaldan azad olunması uğrunda apardığımız haqlı müharibənin qazilərinin həm psixoloji, həm də sosial reabilitasiyasında bu gün bütün cəmiyyətimizin iştirak etməsi fövqəladə əhəmiyyət daşıyır: “Müharibə mənəvi sarsıntı deməkdir. Hazırda qazilər üçün çox həssas dövrdür. Əgər onlar diqqət və qayğı, yəni empatiya ilə əhatə olunmasa, onlarda travma sonrası sindrom deyilən xroniki tənəzzül başlayacaq. Onlar doğma yurd uğrunda döyüşən, qan tökən, canlarını fəda edən qəhrəmanlarımızdır. Odur ki, onların yanında olmaq, hər işdə onlara əl tutmaq hamımızın, bütün xalqımızın borcudur. Bu kömək dinc həyata qədəm qoyan, həyat yoldaşı, ata, qonşuya çevrilən əsgər və zabitlərimizin sonrakı yaşayışı üçün bünövrədir. Həm də bu igid oğullarımıza verəcəyimiz mənəvi dəstək bütövlükdə cəmiyyətin sağlamlığı baxımdan da mühümdür”.
"Qarabağı işğaldan azad edən qazilərin həm psixoloji, həm də sosial reabilitasiyasında bu gün bütün cəmiyyətimizin iştirak etməsi fövqəladə əhəmiyyət daşıyır"
Fariz AxundovANAMA-da psixoterapevt
Müharibənin psixoloji fəsadlarına tuş gələnlərlə bağlı müxtəlif formada iş qurmaq mümkündür. Əvvəla, həm Birinci, həm də İkinci Qarabağ müharibələri qazilərinin iştirak edəcəkləri ictimai birlik yaradıla bilər. Birinci Qarabağ müharibəsi qazilərinin həm döyüş, həm də həyat təcrübəsi, böyüklük etmələri, ağsaqqallığı gənclər üçün çox mühüm töhfə olar. Belə bir ictimai birlikdə qazilərimiz toplaşaraq yaşadıqlarını bir-birilə bölüşə, paylaşa bilərlər. Bəllidir ki, müharibə iştirakçısı olan hər kəs üçün xatirələrini evdəki yaxınlarla yox, başqa bir döyüşçü ilə bölüşmək, çözələmək daha asandır. Həm də onlar öz aralarında psixiatr, yaxud psixoloq yardımının kimə daha çox gərək olduğunu da daha asan təyin edərlər. Çünki müharibədən dönən kişinin öz doğmalarına içini tökməsi bizdə ayıb sayılır. Döyüşçülər arasında isə başqa məsələ, burada ədəb qaydaları fərqlidir. Buraya kiminsə heysiyyatına toxunmadan həkimləri də cəlb edib kömək etmək olar.
Həkimlərlə yanaşı, psixoloji yardım üçün könüllülər də cəlb edilə bilər. Bu zərurəti təsdiq edən hadisələr də var. Üçüncü kurs tələbəsi Fəridə Rəhimli Vətənin bu çətin məqamında cəbhəyə yollanmaq istəsə də, bu müraciəti qəbul edilmədi. Onda Fəridə çətinliklə də olsa hərbi hospitala könüllü olaraq düzələ bildi. “İnstagram” səhifəsində həmin xəstəxanada müalicə olunan yaralılar haqqında söhbət açıb. Qeyd edək ki, özü həkim olmayan Fəridə həmin yaralı döyüşçüləri müalicə etməyib, onlara bacardığı qədər kömək olub. Onları yedizdirir, söhbətlərilə ağrılı fikirlərdən uzaqlaşdırıb, əməliyyat zamanı yanında durub əlini tuturdu. Fəridəni könüllü qəbul etmiş oftalmologiya şöbəsinin rəisi yaralını yedizdirən Fəridənin şəklini gizlincə çəkib internetdə yerləşdirir. Fəridə ona bununla bağlı narazılığını bildirəndə isə qayıdır: “İstədim ki, səni hamı tanısın. Sən həkimlərin, tibb bacılarının, sanitarların edə bilmədiyini etdin. Yaralıların hər birilə dil taparaq onları dinlədin, könlünü açdın, onlara həyat eşqini qaytardın”.
Fariz həkim də qazilərimizin mənəvi dəstəyə, mehribanlığa, şəfqətə ehtiyacı olduğunu vurğulayıb: “İnsana ən yaxın olan üç peşə var – vəkil, psixiatr, ruhani. Bu gün isə hamımız üçün, Vətən torpaqlarını azad etmək üçün hər şeyini, yəni canını, qanını, rahatlığını, ailəsinin sakitliyini fəda edən bu igidlərimiz üçün hər birimizin empat, yəni yaxın olması bütün cəmiyyət üçün çox mühümdür. Onlara təkcə minnətdar olmamız bəs etmir. Bəzən məsələ heç pulda da deyil, halbuki pul da hər birimizə lazımdır. Axı qazilərimiz məğrur insanlardır, heysiyyatlıdır. Dövlət və ya ictimai təşkilatlaramı, həkiməmi, iş yoldaşınamı üz tutarkən mehribanlıqla qarşılanmaları, mənəvi dəstək görmələri çox əhəmiyyətlidir. Hər şey onlar üçün birinci növbədə olmalıdır”.
Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Qazilərimizə hər şey birinci növbədə! Axı torpaq uğrunda döyüşə onlar birinci getdilər, o torpaqlara birinci qədəm basdılar. Bunu hər birimiz unutmamalıyıq. Onların haqqını verə bilmərik.
Eleonora Abasquliyeva