Oleq Kuznetsov: "Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir" - ŞƏRH

Oleq Kuznetsov: "Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir" - ŞƏRH "Ermənilər "Metsamor" AES-də Çernobıldakına oxşar kiçik nüvə partlayışı ilə üzləşə bilər"
Analitika
29 Aprel , 2016 16:21
Oleq Kuznetsov: Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir - ŞƏRH

Bakı. 29 aprel. REPORT.AZ/ "Yaxın gələcəkdə Ermənistanı enerji kollapsı gözləyir. Çünki ölkənin enerji sistemində resurslar ildən-ilə azalır". Bunu "Report"a açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov "Metsamor" Atom Elektrik Stansiyasının (AES) regiondakı rolu və təhlükəsini şərh edərkən deyib.

"Metsamor" AES Ermənistan iqtisadiyyatında bir çox cəhətdən həlledici və hətta müəyyən mənada aparıcı rola malikdir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirməsinə görə, Ermənistanın enerji tələbatının 35-40%-ni məhz nüvə energetikası ödəyir. Başqa sözlə, hazırda fəaliyyət göstərən "Metsamor" AES-in bir bloku ölkənin enerji istehlakının üçdə birindən çox hissəsini qarşılayır. Burada söhbət təkcə elektrik enerjisindən deyil, həm də istilik enerjisindən gedir", - deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik standartlarına əsasən, AES-in ehtiyat gücü orta enerji istehlakından ən azı 25% çox olmalıdır, amma "Metsamor"la bağlı halda isə bu AES-in payına çox böyük hissə düşür. Politoloq qeyd edib ki, ona görə də stansiya Ermənistan energetikasının əsas obyektlərindən biridir, sadəcə, onun texniki resursu artıq bitib: "Böyük ölçüdə o, artıq ötən il bitib. Amma layihələndirilmiş "ehtiyat"la bir neçə il keçinmək olar. Sonra isə ya 10-12 il sonra yenidən istifadəyə verilmə ilə bərpa işləri, ya stansiyanın qalıqlarının konservasiyası ilə bağlı planlı bağlanış, ya da Çernobıl və ya Fukusimada olduğu kimi, kiçik nüvə partlayışı olmalıdır".

Ermənistanda yeni AES-in tikintisi üzrə layihəni Rusiya tərəfinin maliyyələşdirməsindən danışan politoloq başqa bir ölkənin iqtisadiyyatına belə böyük investisiya yatırımının həmişə siyasi qərarın nəticəsi olduğunu qeyd edib.

"Təbii ki, birbaşa qonşusu ilə müharibə vəziyyətində olan ölkə iqtisadiyyatına heç kim bu cür irimiqyaslı investisiya yatırmaz. Atom energetikasına kapital yatırımı uzun müddət gözləməyi tələb edir, yalnız 10-15 il sonra mənfəət əldə etməyə başlayırsan. Bu gün heç kim Ermənistanın bir neçə il sonra siyasi gələcəyinin necə olacağını ehtimal edə bilməz, o ki, qalmışdı 10-15 ilə. Dağlıq Qarabağdakı vəziyyətdə istənilən radikal dəyişiklik bu və ya digər dərəcədə Ermənistanın təsərrüfatına təsir edəcək. Belədə Ermənistan investisiyaların problemli obyektindən tamamilə əlverişsiz ölkəyə çevriləcək", - deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, bu gün heç kim "Rosatom"un 50 il sonra mənfəət əldə edəcəyinə təminat verə bilməz və əgər təminat yoxdursa, deməli, yeni AES-in tikintisinə investisiya yatırımı barədə danışmaq mənasızdır.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi təqdirdə Azərbaycanın enerji resurslarının Ermənistana çatdırılmasının mümkünlüyünü vurğulayıb: "İşğal olunmuş torpaqlar dinc yolla qaytarılarsa və Yerevanda siyasi rejim dəyişərsə, Azərbaycanın Ermənistanı güzəştli və bəlkə də dempinq qiymətlərlə enerjiylə təmin etməsi mümkündür. Amma bu münaqişə növbəti dəfə "dondurulsa", onda Azərbaycanın Ermənistanı enerji blokadasında saxlamağa davam etməsindən başqa çarəsi qalmır. Hazırda rəsmi Yerevan bunu etiraf etsə də, etməsə də, Ermənistanda əsrin üçdə bir hissəsindən artıq müddətdə modernləşdirmə üçün investisiya ayrılmayan enerji sistemi çöküşə doğru gedir. Yumşaq desək, üfüqdə bu ölkəni enerji kollapsı gözləyir"

Son xəbərlər

Orphus sistemi