Oğul Paşinyanı oğurlamağa cəhd: Nikola xəbərdarlıq, yoxsa təxribat - ŞƏRH

Oğul Paşinyanı oğurlamağa cəhd: Nikola xəbərdarlıq, yoxsa təxribat - ŞƏRH Azərbaycan və Türkiyə ilə sülh, normallaşma prosesinə qarşı çıxışlar, fəaliyyət Ermənistandan qaynaqlanır.
Analitika
18 May , 2023 13:22
Oğul Paşinyanı oğurlamağa cəhd: Nikola xəbərdarlıq, yoxsa təxribat - ŞƏRH

Azərbaycan və Türkiyə ilə sülh, normallaşma prosesinə qarşı çıxışlar, fəaliyyət Ermənistandan qaynaqlanır.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın 23 yaşlı oğlu Aşotu günorta saatlarında İrəvanda oğurlamağa cəhd göstəriblər. Hadisə ilə bağlı cinayət işi başlanılıb və sənədlər Ermənistan Respublikası İstintaq Komitəsinə göndərilib.

Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar. Hadisə zaman Aşot Paşinyan avtomobillə vurulub və o yaralanıb.

Qeyd edək ki, “Oğulların çağırışı” İctimai Birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. “Oğulların çağırışı” İctimai Birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Aşotun oğurlanmasında 44 günlük müharibədə ölən Ermənistan hərbçisinin anası Qayane Melikyan şübhəli şəxs qismində saxlanılıb.

Əslində, bu, Aşot Paşinyanla bağlı ilk hadisə deyil. Bu il aprelin əvvəlində də ona hücum olub. Onda parlamentin sədri Alen Simonyan hadisə ilə bağlı təfərrüatları şərh etmədən bildirmişdi ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir. O, oxşar hadisələrin əvvəllər də baş verdiyini söyləmişdi.

Ermənistanda dövlət xadimlərinə qarşı terror hadisəsi baş verib. 1999-cu il oktyabrın 27-də ölkə parlamentinə edilən silahlı hücum və onun nəticəsində o vaxtkı Prezident Robert Koçaryanın rəqiblərinin öldürülməsini də nümunə olaraq göstərmək olar.

Aşotun yenidən qaçırılmasına cəhdin Ermənistan baş nazirinin son zamanlar verdiyi açıqlamalarla əlaqəsi ola bilər. Qeyd edək ki, hadisə baş verən gün Nikol Paşinyan İslandiyada səfərdə olub. O, Avropa Şurasının Reykyavikdə keçirilən 4-cü Sammitində çıxışı zamanı deyib: “Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz (mayın 14-də Prezident İlham Əliyevlə görüşü nəzərdə tutur - S.İ.) irəliyə doğru daha bir addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr, Azərbaycan isə 29,8 min kvadratkilometr daxilində Ermənistan ərazisini tanıyır”. Bu həm də o deməkdir ki, Ermənistan Azərbaycana qarşı yersiz və əsassız ərazi iddiasından imtina edir. Hadisə Nikol Paşinyanın bu açıqlamasından sonra baş verib. Hadisə zamanı işğalçı Ermənistan ordusunun tərkibində Azərbaycanda ölən erməni hərbçisinin anasının iştirakı da bir avantüradır. Ermənistanda və ondan xaricdəki revanşistlər, Azərbaycana qarşı düşmən mövqedə olanlar bununla Nikol Paşinyanın yuxarıda bəhs etdiyimiz açıqlaması ilə razılaşmadıqlarını nümayiş etdirməyə cəhd göstərirlər. Bu həm də beynəlxalq ictimaiyyətə ermənisayaq təsir göstərmək vasitəsidir. Çünki ermənilər Türkiyəyə və Azərbaycana qarşı iddialarını reallaşdırmaq üçün ASALA və başqa adda terrorçu qruplar vasitəsilə türk diplomatları qətlə yetirmək, Bakıda metroda partlayış törətmək kimi cinayətlərə əl atıblar. Odur ki, “Oğulların çağırışı” kimi qruplar Nikol Paşinyana və Azərbaycana qarşı əsassız iddialardan əl çəkmək yolunu tutanlara adam oğurluğu ilə təzyiq etməyə cəhd göstəriblər.

Nəhayət, bu hadisə həm də sübut edir ki, Ermənistan, dünya erməniləri saxta və əsası olmayan iddialarla tərbiyə ediliblər. Onlara “dənizdən dənizə”ni, “Böyük Ermənistan”ı təbliğ edənlər indi onun acı nəticələrini Ermənistan cəmiyyətinə yaşadırlar. Qayane Melikyan və onun kimi analar “Azərbaycan torpaqlarında oğullarının nə işi var idi” sualı ətrafında niyə düşünmürlər? Ermənistan hərbçiləri Azərbaycanın Xankəndi və ətraf bölgələrinə niyə yerləşdirilib? Sülhməramlı adı altında Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya hərbçiləri bölgədəki ermənilərə niyə silah-sursat daşıyır, yaxud onu təşkil edir?

Beləliklə, Aşotun qaçırılmasına cəhd Ermənistan cəmiyyətində 30 ildir hakim olan yalanı yenidən reallaşdırmağa səy göstərənlərin uğursuz əməlidir. Bu həm də Ermənistanın regional təhlükəsizliyə təhdid mənbəyi olduğunu təsdiqləyir.

Son xəbərlər

Orphus sistemi