Nobel Sülh Mükafatının durumu - Nikol Paşinyanı da laureat etmək istəyirlər - ŞƏRH

Nobel Sülh Mükafatının durumu - Nikol Paşinyanı da laureat etmək istəyirlər - ŞƏRH O, Azərbaycanın işğal altında olan ərazilərinə icazəsiz gəlməklə sülhsevərlikdən uzaq olduğunu göstərdi
Analitika
1 İyun , 2018 16:34
Nobel Sülh Mükafatının durumu - Nikol Paşinyanı da laureat etmək istəyirlər - ŞƏRH

Bakı. 1 iyun. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Erməni mətbuatının yazdığına görə, bu təşəbbüslə Yeravnda akkreditasiya olunan bir neçə xairici ölkənin səfirləri çıxş edib. Hətta təşəbbüsə Nikol Paşinyanın komandası da qoşulub. Onlar iddia edirlər ki, baş nazir yalnız Ermənistana sabitlik gətirməyib, həm də dünyada və bölgədə sülhün bərqərar olmasının təşəbbüsçüsü ola bilər. Düzdür, Nobel mükafatına namizədliyin irəli sürülməsində heç bir maneə yoxdur. Yəni dünya səviyyəsində uğur qazanmış istənilən şəxs bu mükafata iddiaçı ola bilər. Ancaq...

Nobel mükafatları 1895-ci il noyabrın 27-si və 1896-cı il dekabrın 30-da İsveçin paytaxtı Stokholm şəhərində açıqlanan vəsiyyətnaməsinə əsasən Alfred Nobel tərəfindən qurulan fond tərəfindən verilir. Bu, ən nüfuzlu mükafatdır və birincisi 1901-ci ildə verilib. Nobel mükafatının məbləği, təxminən, 1,3 milyon dollardır. Nobel qardaşları var-dövləti, əsasən, Azərbaycanın təbii sərvətləri, o cümlədən nefti hesabına toplayıblar. Bu, tarixi sənədlərdə belə əks olunub: “Nobel ailəsi XIX əsrin sonlarında Azərbaycanda neft ehtiyatlarının inkişaf etdirilməsində olduqca mühüm rol oynayıb. Onların neft emalı sənayesinə gətirdiyi innovativ texnologiyalar Bakının qısa müddət ərzində dünyanın neft mərkəzlərindən birinə çevrilməsinə yardım göstərib. XIX əsrin 80-90-cı illərində Azərbaycan neft sənayesində mühüm mövqe tutan “Nobel qardaşları” şirkəti öz təsir dairəsini genişləndirmiş və XX əsrin əvvəllərində müxtəlif sahələrə aid 20-dən çox firmanı birləşdirən ən iri konsernə çevrilmişdi. 1917-ci ildə bilavasitə Nobel konserninin tərkibinə daxil olan firmaların əsas kapitalının ümumi məbləği 130 milyon rubla, keçmiş “Oyl” trestinin nəzarəti altında olan müəssisələrlə birlikdə isə 215,6 milyon rubla çatırdı. 1879-cu ildə “Nobel qardaşları” şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının (3 milyon rubl) cəmi 3.8 faizinə bərabər olan bu rəmzi “səhm paketi”nin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsveç kronuna çatmışdı. Fondun təsis edildiyi vaxtda mərhum Alfred Nobelin bütün əmlakının dəyəri 31 milyon İsveç kronu olub”.

Deməli, bu mükafat Azərbaycan sərvətlərinin hesabına verilir. Mükafatlardan biri də Nobel Sülh Mükafatıdır. Bu sahə üzrə mükafata ilk dəfə 1901-ci ildə “Beynəlxalq Qırmızı Xaç Komitəsinın təşəkkülündə və Cenevrə Konvensiyasının yaradılmasında roluna görə” isveçrəli sahibkar və ictimai xadim Anri Dünan və “Çoxillik sülhpərvər fəaliyyətinə görə” fransalı siyasi xadim Frederik Passi layiq görülüblər. Nikol Paşinyanın da bu mükafata namizədliyinin irəli sürülməsi təşəbbüsü Nobel laureatı olmuş bəzi şəxsləri yada salır. Halbuki onlar dünyada sülhün bərqərar olmasına çox ciddi töhfə verməyiblər. Həmin adamları xatırlatmaq istərdik: 1978-ci ildə Misirin o vaxtkı prezidenti Ənvər Sadat və İsrailin baş naziri Menahem Beginə “İsrail və Misir arasında əsas sazişlərin bağlanması və hazırlanmasına görə”, 1990-cı ildə keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçova “Sülh prosesində onun aparıcı rolunun tanınmasına görə”, 1991-ci ildə Aung San Su Ciyə “Myanmada (Birma) insan hüquqlarının müdafiəsinə görə”, 2002-ci ildə ABŞ-ın keçmiş prezidenti Cimmi Karterə “Dünyada münaqişələrin sülh yolu ilə həllində göstərdiyi səylərə görə”, 2009-cu ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya “Xalqlar arasında beynəlxalq diplomatiya və əməkdaşlığın möhkəmləndirilməsinə görə” Nobel Sülh Mükafatı verilib.

Gəlin adlarını çəkdiyimiz siyasi xadimlərin fəaliyyətinə nəzər salaq: Sadatla Begin arasında Kemp-Devid müqaviləsi 1978-ci il sentyabrın 17-də imzalanıb. Həmin sənədə əsasən, İsrail Sinay yarımadasından çıxacaq, bunun qarşılığında Misir İsraili rəsmi şəkildə tanıyacaqdı və diplomatik əlaqələr saxlayacaqdı, Qəzza və Qərbi Şəriada yaşayan fələstinlilərə Misir və İordaniyanın müəyyənləşdirəcəyi formada muxtariyyət veriləcəkdi. Üç il sonra Misir-İordaniya-İsrail-Fələstin arasında Qərbi Şəria və Qəzzanın statusunu müəyyənləşdirmək üçün təkrar görüş keçiriləcəkdi, İsrail-İordaniya arasında sülh danışıqları başlayacaqdı. İsrail Fələstində hərbçilərinin sayını azaldacaqdı. Bunlardan da yalnız birinci bəndə əməl olunub.

Mixail Qorbaçov isə mükafat aldığı il yanvarın 20-də Bakıda və bir neçə gün sonra Lənkəran, Neftçalada törədilmiş qırğınların baş memarıdır. O, mükafata layiq görülməzdən bir il əvvəl, 1989-cu ilin aprelində Tbilisidə, laureat olduqdan bir il sonra, 1991-ci ilin yanvarında isə Litvanın paytaxtı Vilnüsə sovet qoşunlarının yeridilməsinə əmr verib. Nəticədə onlarla dinc sakinin ölümünə bais olub.

Aung San Su Ci Myanmada hazırda ən yüksək vəzifəni tutur. O, bu ölkənin dövlət müşaviridir (baş nazir vəzifəsinə uyğundur). Ancaq ona Nobel Sülh Mükafatı veriləndə də, sonralar da Myanmada müsəlmanlara qarşı soyqırımı aparılıb. Ancaq bu laureatın səsi belə çıxmayıb.

Bəs 2002-ci ildə Cimmi Karter dünyada hansı münaqişəni həll edib? Sadəcə, o vaxtlar onun adı Fələstin-İsrail münaqişəsinin həli prosesində vacib rol oynayacaq şəxslərdən biri kimi hallandı. Problem isə yerində qalmaqdadır. Barak Obama 2009-cu ildə mükafata layiq görüldükdən bir il sonra Afrikanın şimalında “ərəb baharı"nın küləkləri əsdi, Suriya və İraqda terrorçu İŞİD qruplaşması peyda oldu, bölgə xalqları arasında düşmənçilik daha da artdı. Bu, hansı diplomatiya və əməkdaşlıqdır? Gürcüstan ərazilərində yeni “dövlətlər"in yaranması, İraqın şimalında separatçılığın artması, Türkiyənin ərazi bütövlüyünü, milli təhlükəsizliyini təhdid edən terrorçuların fəaliyyətinin güclənməsi, yoxsa sonrakı dövrdə Krımın ilhaqına və Ukraynanın şərqində silahlı münaqişəyə xidmət edən diplomatiya və əməkdaşlıq?!. Görürünür, Nobel Sülh Mükafatı bəzi siyasilər üçün bioqrafik məsələdir. O, son zamanlar öz ciddiliyini belə itirməkdədir.

Əslində, Nikol Paşinyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü də qeyri-ciddi məsələdir. Ancaq Mixail Qorbaçova və onun kimi başqa siyasilərə verilirsə, o zaman Ermənistanın baş nazirinin də Nobelə layiq görülməsi ehtimalı çox az da olsa var. Çünki bu işdə də lobbinin rol oynadığı ehtmal olunur. Nikol Paşinyan bölgədə sülhün bərqərar olması üçün heç bir addım atmayıb. Əksinə, hakimiyyətə gələndən sonra başqa bir dövlətin-Azərbaycanın işğal altında olan ərazilərinə icazəsiz gəlməklə sülhsevərlikdən, beynəlxalq hüquq normalarına əməl etməkdən uzaq olduğunu göstərdi.

Nəhayət, Azərbaycan sərvətinin hesabına verilən mükafatların üzərinə kölgə düşür. Əvvəllər başqa sahələrlə də bağlı etirazlar olmuşdu. Ona görə də laureatların mükafata layiq olmaq problemi yaranıb. Yeri gəlmişkən, Şimali Koreya nüvə obyektini ləğv edib. Son aylar ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün olacağına dair xəbərlər yayılır. Koreya yarımadasında vahid Koreyanın yaranmsı təməli atılarsa, o zaman Tramp və Inın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülə bilər. Fikrimizcə, lobbilərə onları müdafiə etmək daha asan olar. Çünki ABŞ prezidenti və Şimali Koreya liderinin işlərinin yanında Nikol Paşinyanın etdikləri görünməyəcək ölçüdə kiçikdir.

Son xəbərlər

Orphus sistemi