Baş nazirin yalanları - Ermənistan yeni hadisələrə hazırlaşır - ŞƏRH

Baş nazirin yalanları - Ermənistan yeni hadisələrə hazırlaşır - ŞƏRH Əhalinin sosial rifah halında müsbətə doğru kəskin, inqilabi dəyişiklik baş verməyib
Analitika
12 Dekabr , 2019 14:10
Baş nazirin yalanları - Ermənistan yeni hadisələrə hazırlaşır - ŞƏRH

Ermənistanda etiraz aksiyası dalğası nəticəsində hakimiyyətə gələn yeni siyasi qüvvələrin başçısı Nikol Paşinyan seçicilərinə yalan danışır. Deməli, bu günlərdə parlamentdə ölkənin dövlət büdcəsi müzakirə olunub. Ermənistanın baş naziri Nikol Paşinyan iclasda iştirak və çıxış edib. O deyib ki, Ermənistan iqtisadiyyatına xarici sərmayə 27 faiz artaraq 2,2 milyard dollar təşkil edib. Ancaq ölkə vətəndaşı olan iş adamları və siyasətçilər bunun əksini bildirirlər. Nikol Paşinyanın rəqəmləri dollar və dramla deməsi də ictimaiyyəti çaşdırmaq üçündür. Maliyyə vəsaiti az olanları dramla, bir az artıq olanları isə dollarla ifadə edib.

Əslində, Ermənistan iqtisadiyyatının əsasını kənd təsərrüfatının təşkil etdiyi sirr deyil. Nikol Paşinyan bu sahədə geriləmənin olduğunu vurğulayıb. Bir ölkənin iqtisadiyyatının əsasını təşkil edən sahədə geriləmə varsa, onda hansı inkişafdan danışmaq olar? Bu və digər faktlar Ermənistan baş nazirinin yalan danışdığını və rəqəmləri şişirtdiyini təsdiqləyir. Təbii ki, yalanlar və avantüra ilə dolu olduğundan məqsədimiz onun məruzəsini təhlil etmək deyil. Ermənistandakı sərmayə mühitini, xarici investorlara münasibəti ölkədəki sahibkarların fəaliyyəti ilə göstərmək istəyirik.

Deməli, Çiçəklənən Ermənistan Partiyası və ya "Sarukyan" parlament fraksiyasının deputatı Gevork Petrosyan ölkəsindəki vəziyyət barədə jurnalistlərə açıqlamasında bildirib: “Ermənistanda hökumət ictimaiyyətə ardıcıl olaraq məhkəmə prosesi və həbslər yedizdirir, ancaq əhali hakimiyyəti belə şoulara baxmaq üçün deyil, yaxşı yaşamaq üçün dəyişdirib”. Hakimiyyət dəyişikliyində Nikol Paşinyana və onu dəstəkləyən qüvvələrə dəstək vermiş Çiçəklənən Ermənistan Partiyası və ya "Sarukyan" parlament fraksiyasının, əsas müxalifətin lideri, sahibkar Qaqik Sarukyan Ermənistana sərmayə qoymaq üçün mövcud mühitdən razı qalmadığını bildirib. O, iş adamlarının sənədləri tərtib etməsi üçün süründürməçiliyin mövcudluğundan danışıb: “Mən baş nazirə hörmət edirəm. Məni düzgün başa düşün, sərmayə qoymaq üçün, əsasən, bir pəncərə lazımdır”. Q.Sarukyan Ermənistanda texnologiya sahəsində mütəxəssis qıtlığından da şikayətlənib: “Bütün yaxşı mütəxəssislər işləmək üçün Avropa və Rusiyaya köçüb”. O, Paşinyanın iqtisadi inqilab ifadəsi ilə razılaşmadığını deyib: “İqtisadi inqilab üçün, ilk növbədə, qanunlar dəyişdirilməli, sərmayə qoyuluşuna əlverişli, səmərəli şərait yaradılmalı, vergilər azaldılmalıdır”. Eyni zamanda Q.Sarukyan dövlət büdcəsi layihəsini araşdırdıqlarını bildirib. O həmçinin Birləşmiş Ərəb Əmirlikləri kralının oğlunun Ermənistana sərmayə qoyması üçün şəraitin yaradılmamasından da şikayətlənib: "Ərəb iş adamı Ermənistana biznes-proqramla gəlib: “Kralın böyük və ya kiçik oğlu olmasının, onun cinsdə olmasının nə dəxli var. Biz xalqın etimadını doğrultmalıyıq. Biz onlara alma göstəririk, onlar isə reallığı təhrif edərək qarpız olduğunu deyir”. 

Yeri gəlmişkən, Sarukyan Paşinyana yarınan iş adamlarının olduğunu da gizlətmir. Deputat-sahibkar qudası Xaçatur Sukiasyanla yola getmir və onu baş nazirə yarınmaqda ittiham edir. Qeyd edək ki, Sarukyanın qızı Sukiasyanın oğlu ilə ailə qurub. Xaçatur Sukiasyan “Konsernlərin gücü” şirkətinin sahibidir. Hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın dövründə üç dəfə 1999, 2003 və 2007-ci illərdə deputat olub. 

Hər halda saxtakarlıq və yerinə yetirilməyən vədlər Ermənistana xarici sərmayənin qoyulmasını riskli edib. Ölkə iqtisadiyyatı daha çox Rusiyadakı erməni iş adamlarından asılı vəziyyətə düşür. Yaranmış şərait ölkədə siyasi gərginliyin də artmasına səbəb olub. Rəy sorğularının nəticəsinə əsasən, hökumətin nüfuzu azalmaqdadır. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun 18 yaşdan yuxarı Ermənistanın 1200 vətəndaşı arasında ölkədə keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 55 faizi hakim “Mənim addımım” blokuna səs verəcəklərini bildiriblər. 2018-ci il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkisində isə seçicilərin 70,43 faizi Nikol Paşinyanın blokuna səs vermişdi. Respondentlərin 19 faizi Sarukyanı dəstəklədiklərini bildiriblər. Ötənilki seçkidə isə əsas müxalifət 8,27 faiz səs toplamışdı. Paşinyanın səslərinin müxalifətə keçməsi isə Ermənistanda yeni siyasi mühitin yarandığını deməyə əsas verir. Bu həm də mövcud hökumətin öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədardır. Rəyi soruşulan vətəndaşların 19 faizi psixoloji vəziyyətlərinin yaxşılaşdığını, 13 faizi isə demokratiyanın qurulduğunu iddia edib. Respondentlərin 27 faizi hökumətin ölkəni bərbad idarə etdiyini bildirib. Bu, cari ilin mayında uyğun məsələ ilə bağlı keçirilən rəy sorğusunun nəticəsindən 5 faiz azdır.

Bu arada Ermənistan vətəndaşı olan politoloq Stepan Danielyan parlament böhranının qaçılmaz olduğunu proqnozlaşdırıb. O iddia edib ki, parlamentin tərkibi qeyri-siyasilərdən ibarətdir: "Ermənistan parlamenti müstəqil siyasi orqan deyil, anti-xalqdır. İndiyədək icraedici orqandan asılı olmayan parlament olmayıb”. Ermənistanın keçmiş prezidenti, 2008-ci il martın 1-də baş verən etiraz aksiyalarının yatırılması ilə bağlı barəsində cinayət işi açılaraq həbs olunan Robert Koçaryan 2020-ci illə bağlı proqnoz verərkən Paşinyanın özünü Xilaskar İsus kimi apardığını deyib. O, hakimiyyətin bir nəfərin əlində uzun müddət qalmasının mümkün olmadığını qeyd edərək söyləyib: “Hökumət başçısının ölkəni idarə edə bilməməsi, fəaliyyətində sistemsizlik, hakimiyyətin legitimsizləşməsini artırıb”. Koçaryanın sözlərinə görə, Paşinyanın fanatikləri demək olar ki, qalmayıb. Onun proqnozuna əsasən, 2020-ci ildə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qaçılmazdır. Xocalı soyqırımının təşkilatçılarından olan Koçaryan bildirib ki, beynəlxalq təşkilatlar da Nikol Paşinyana demokratikləşmə ilə bağlı verdikləri möhlətin bitdiyini elan edəcəklər. O, Rusiyanın Ermənistanda baş verənlərə münasibətini dəfələrlə aydın şəkildə ifadə etdiyini də vurğulayıb.

Beləliklə, Ermənistandakı ictimai-siyasi və iqtisadi şəraiti xarakterizə etməyə çalışdıq. Bütün olanlara əsasən, demək olar ki, ötənilki siyasi hakimiyyət dəyişikliyi ciddi nəticə verməyib. Hökumət daha çox siyasi rəqiblərini sıradan çıxarmaqla məşğul olub. Ölkədə sərmayə mühiti yaradılmayıb. Xarici iş adamları Ermənistana sərmayə qoymaqdan daha çox turist kimi səfər edirlər. Paşinyançıların Ermənistanı Rusiyanın əlindən çıxarmaq cəhdi uğursuzluğa düçar olub. Ölkə iqtisadiyyatına yenə Moskva nəzarət edir. Amerikalı və avropalı iş adamları üçün Ermənistan cəlbedici ola bilməyib. Əhalinin sosial rifah halında müsbətə doğru kəskin, inqilabi dəyişiklik baş verməyib. Azərbaycan torpaqlarını işğal edən bu ölkənin başlıca problemlərindən biri mühacirətdir. Paşinyan sosial vəziyyətini yaxşılaşdırmaq, siyasi təqibdən yayınmaq üçün Ermənistan vətəndaşlarının xaricə köçünün qarşısını ala bilməyib. Rəsmi Yerevanla Kreml arasında tam etimad mühiti yaranmayıb. Bu kimi amillər isə Ermənistanı yeni siyasi hadisələrə hazırlayır.

Son xəbərlər

Orphus sistemi