Nikol Paşinyan hökumət qurmadan Moskvaya niyə çağrılıb? - ŞƏRH

Nikol Paşinyan hökumət qurmadan Moskvaya niyə çağrılıb? - ŞƏRH Paşinyanın Moskva səfərinin gizlinləri
Analitika
447
7 İyul , 2021 15:59
Nikol Paşinyan hökumət qurmadan Moskvaya niyə çağrılıb? - ŞƏRH

Paşinyanın Moskva səfərinin gizlinləri

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfərə gedir. Onun Rusiya prezidenti Vladimir Putinlə, əsasən, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəyinə dair xəbərlər yayılıb. Bununla belə iki liderin müzakirə edəcəyi məsələ detalları ilə ictimaiyyətə bəlli olmur.

İyunun 20-də Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirildi. Bu siyasi kampaniyada Nikol Paşinyanın partiyası 54 faizə yaxın səslə qalib gəldi. Təzə hökuməti yenə də “Mənim addımım” Partiyası formalaşdıracaq. Bu isə Nikol Paşinyanın yenidən baş nazir olması deməkdir. Adətən, belə səfərlər hökumət formalaşdırılandan sonra həyata keçirilir. Ancaq Paşinyanın belə tez, "əlimyandı" səfəri bir az müəmma doğurur. Belə ehtimal etmək olar ki, onu Moskvaya çağırıblar. Başqa sözlə, yeni hökuməti formalaşdırmazdan əvvəl Kremldə təlimatlandırılması üçün onu Rusiyaya işgüzar görüşə dəvət ediblər.

Rusiyanın Paşinyanın yeni hökumətinə xeyir-duası

Çünki Paşinyanın birinci hökumətində anti-Rusiya ovqatlı nazirlər vardı. Onlar Moskvanı narahat edirdi. Sonrakı mərhələdə Paşinyan onları başqa vəzifələrə təyin etməklə Kremlin ürəyinə yol tapmağa çalışdı. Ancaq Rusiya ondan narazı qaldı. Paşinyan hökumətə başçılıq etdiyi 3 ilə yaxın müddətdə Kremlin ondan birmənalı şəkildə razı qalmadığı münasibətlərdə də özünü göstərib. Bu baxımdan, ötən illərin təcrübəsindən çıxış edən Rusiya Paşinyanın formalaşdıracağı yeni hökumətə nəzər yetirmək, yaranacaq Nazirlər Kabinetinə xeyir-dua vermək üçün də onu Moskvaya çağıra bilər.

Bundan başqa, Ermənistan parlamentində ciddi dəyişiklik baş verib. Əvvəllər Rusiyayönlü "Çiçəklənən Ermənistan Partiyası" və Avropa meyilli "İşıqlı Ermənistan Partiyası" parlamentdə təmsil olunurdu. İndi onların yerini "Ermənistan Alyansı" adı altında Robert Koçaryan və “Şərəfim var” bloku ilə Serj Sarqsyan, Artur Vanesyan kimi Moskvayönlü fiqurlar tutacaq. Bu, Paşinyana, komandası və sponsorlarına Kremlin özünəməxsus ismarışı da sayıla bilər.

Paşinyanın üçtərəfli bəyanata laqeydliyi və rəsmi Moskvanın tapşırıqları

Barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi davam edən R.Koçaryan həbsdən azad edildi, parlament seçkilərinə qatıldı və indi də əsas müxalifət lideri kimi təqdim olunur. Bu iki blok Rusiyanın Ermənistan parlamentindəki əsas amil, hökumət üçün isə hədələyici qrupdur. Ona görə də ehtimal etmək olar ki, Kreml Nikol Paşinyanı əvvəllər buraxdığı səhvləri təkrarlamamağı tapşırmaq üçün çağırıb. Məlumat üçün bildirək ki, o, axırıncı dəfə Moskvaya aprelin 7-də səfər etmişdi. Onda Putinlə Paşinyan regional əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

O, Moskvaya Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazisindəki qanunsuz erməni hərbçilərinin Ağdama atəş açmasından bir gün sonra səfər edir. Noyabrın 10-da qəbul edilən üçtərəfli bəyanatın şərtlərindən biri də Azərbaycan ərazisindən Ermənistan qoşunlarının tamamilə çıxarılmasıdır. Ancaq bu şərtə əməl edilmir. Bu maddənin Paşinyanın diqqətinə çatdırılması da gözlənilir. Çünki Rusiyanın təşəbbüsü ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanın qayıtması məsələsi də müzakirə edilən mövzulardan biri sayılır.

Rəsmi Yerevanın davam edən təxribatı

Qeyd edək ki, Azərbaycan 1993-cü il sentyabrın 24-dən 1999-cu il aprelin 2-dək bu qurumun üzvü olub. Ancaq Ermənistanın işğalçılığı səbəbindən təşkilatı tərk edib. Ehtimal etmək olar ki, Azərbaycanın şərtləri tam ödəniləcəyi halda bu məsələ yenidən müsbət həll oluna bilər. Hələlik Ermənistan bu istiqamətdə ləng hərəkət edir. Zəngəzur dəhlizi, qoşunların Azərbaycan torpaqlarından çıxarılması və iki ölkə arasında dövlət sərhədi məsələsinin həllində rəsmi Yerevan təxribatla məşğuldur. Bu baxımdan Moskva təmsilçiləri Paşinyanla bu istiqamətdə də danışıq apara bilər.

Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Putinlə Paşinyanın görüşündə müzakirə olunacaq məsələlərdən bəhs edərkən deyib: “Liderlər vacib saydıqları məsələləri müzakirə edəcəklər. Əlbəttə, indiki şərait nəzərə alınmaqla təhlükəsizlik sahəsində məsələ müzakirə olunacaq”. Onun sözlərinə görə, tərəflər seçkilərdən sonra gələcək əlaqələri dərinləşdirmək üçün atacaqları addımları müəyyənləşdirəcəklər.

Deməli, Paşinyan Moskvaya öz təşəbbüsü ilə deyil, Kremlin çağırışı ilə səfər edib. Bunun səsi iyulun 17-də keçiriləcəyi gözlənilən Ermənistanın yeni parlamentinin ilk iclasından sonra çıxacaq.

Son xəbərlər

Orphus sistemi