​Nəticəsiz Bern görüşündən sonra Vyana danışıqları - ŞƏRH

​Nəticəsiz Bern görüşündən sonra Vyana danışıqları - ŞƏRH Görüşün səmərəli olub-olmaması Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi haqda hər hansı sənədin qəbulu ilə ölçüləcək
Analitika
13 May , 2016 15:39
​Nəticəsiz Bern görüşündən sonra Vyana danışıqları - ŞƏRH

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində aprelin 2-5-dəki dördgünlük döyüşlərdən 41 gün sonra ABŞ və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri mayın 16-də Avstriyanın paytaxtı Vyanada görüşəcəklər.

Görüşdə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirak edəcəyi gözlənilir. 

Bu görüşdən əvvəl ATƏT-in Minsk qrupunun birgə bəyanatı yayılıb: "Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb".

Qeyd edək ki, ötən il dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Dövlət başçılarının təkbətək görüşü bir saat davam edib.

Həmin görüşdən sonra Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməməsi danışıqların nəticəsiz başa çatdığı haqda deyilənləri bir daha təsdiqlədi.

Rəsmi Bakı və münaqişənin həllində vasitəçi olanlar məsələnin dinc yola həllini istədiklərini vurğulayırlar.

Vasitəçilər, işğalçı və separatçılar bunun əksini sübut etməyə çalışır. Aprel döyüşündən sonra ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı məsələni bir neçə dəfə telefonla müzakirə ediblər. Bu, Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyünün təmin olunacağı, status kvo-nun bundan sonra belə qalmayacağına dair təsiredici amil də sayıla bilər. Prezidentlərin görüşü diplomatların danışıqlarının nəticəsində reallaşacaq. Bu da erməni işğalına son qoyulacağına, Azərbaycan torpaqlarının azad ediləcəyinə dair ümidləri artırır. 

Deməli, görüşün təşəbbüskarları sübut etdi ki, ABŞ və Rusiya Dağlıq Qarabağın Ermənistanın işğalından azad edilməsi məsələsində razılığa gəlsə, Azərbaycanın ərazi bütövlüyünün pozulması halı çox qısa zamanda aradan qaldırılar, məsələ öz həllini tapa bilər.

Ermənistanın müharibə ilə bağlı bəlağətli çıxışları, Dağlıq Qarabağı "öz torpaqları" kimi təqdim etmələri və s. danışıqlara və prezidentlərin görüşü ərəfəsində təzyiq vasitəsi sayıla bilər. Başqa sözlə, bu, Azərbaycan torpaqlarının danışıqlardan sonra işğaldan azad edilməyəcəyinin anonsu da sayıla bilər.

Əslində isə Ermənistan və onun havadarlarının Dağlıq Qarabağı və ona bitişik Azərbaycan torpaqlarını bundan sonra da işğal altında saxlamaq üçün siyasi, sosial, hərbi imkanları məhduddur. Ona görə də onlar belə görüşlərlə əlavə vaxt qazanıb vəziyyəti olduğu kimi saxlamaqda maraqlı görünürlər.

Azərbaycan hakimiyyəti və ictimaiyyətinin işğalçı Ermənistandan və vasitəçilərdən bir tələbi var: işğalçılar torpaqlarımızdan çıxmalıdırlar. Bu, baş verməyibsə, müzakirə üçün irəli sürülən təkliflər ciddi və məntiqli görünmür.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ay İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII sammitindəki çıxışında bu məsələni bir daha açıq-aşkar şəkildə vurğulayıb: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Ancaq işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır".

Çox təəccüblüdür, Ukrayna ərazisi olan Krımı ilhaq etdiyi, ölkənin şərqindəki separatçıları dəstəklədiyi, Suriyada Bəşşar Əsəd rejiminə yardım etdiyi üçün beynəlxalq ictimaiyyət Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi haqda BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, nə Ermənistana, nə də onun havadarına qarşı heç bir beynəlxalq yasaq qoyulmayıb. 

Beləliklə, dövlət başçılarının Vyana görüşündən nə gözləmək olar? Bu formatda - prezidentlərin, ABŞ dövlət katibi və Rusiya xarici işlər nazirinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüş son illərdə ilk dəfə keçiriləcək.

Həmin görüşün səmərəli olub-olmaması Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi haqda hər hansı sənədin qəbulu ilə ölçüləcək.

Beynəlxalq vasitəçilər isə daha çox təmas xəttində gərginliyin olmamasını istəyirlər. Elə ATƏT-in Minsk qrupunun birgə bəyanatında da buna açıq şəkildə işarə edilib: "Bir müddət əvvəl təmas xəttində müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb. Xarici işlər nazirlərinin əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq".

Birgə bəyanatdan da göründüyü kimi,  Vyana görüşündə əsas məqsəd atəşkəs rejimini gücləndirmək, münaqişə edən tərəflər arasında etimad yaratmaqdır. Ona görə də ehtimal etmək olar ki, Vyana görüşü də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində elə bir ciddi dönüş yarada bilməyəcək. Ancaq Azərbaycan tərəfi beynəlxalq vasitəçilər və işğalçının gələcəkdə bəhanələr irəli sürməməsi üçün bu addımı atmaqda haqlıdır. Çünki münaqişənin danışıqlar yolu ilə həllini qarşı tərəfdən çox rəsmi Bakı dəstəkləyir. Ancaq atalar sözü də unudulmayıb: "Donuz yalvarmaqla çıxmaz darıdan".

Son xəbərlər

Orphus sistemi