Bakı. 6 yanvar. REPORT.AZ/ Qlobal bazarda neft qiymətlərinin artması 2000-ci illərdən başlayaraq Azərbaycanda sənaye sektorunun inkişafını sürətləndirib. "Report" xəbər verir ki, sənaye sektorunun 2016-cı ilin ilk 11 ayında ÜDM-də xüsusi çəkisi 2002-ci ilin səviyyəsinə geriləyib. Neft qiymətlərinin dinamikasına paralel olaraq sənaye sektorunun ÜDM-də xüsusi çəkisi dəyişiklik göstərib. Aşağıdakı qrafikdə 2000-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sektorlar olan sənaye, ticarət, tikinti, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xalis vergilər kimi parametrlərin ÜDM-də xüsusi çəkiləri göstərilib.
Qrafikdən də göründüyü kimi, sənaye sektoru 2008-ci ildə neft qiymətlərinin sürətlə artığı dövrdə ÜDM-in demək olar ki, 60%-ni təşkil edib. Daha sonra isə ABŞ-da "Lehman Brothers" bankının iflası zamanı neftin qiymətinin qısamüddətli də olsa kəskin düşməsi sənaye sektorunun payının 50%-dən aşağı düşməsinə səbəb olub. Növbəti bir neçə ildə sənaye sektoru yenidən sürətlənsə də, 2012-ci ildən etibarən sənaye sektorunun ÜDM-də xüsusi çəkisi azalmağa başlayıb və 2016-cə ilin yanvar-noyabr aylarında ÜDM-in cəmi 37%-i təşkil edib.
Son 6 ildə sənaye sektorunun ÜDM-də xüsusi çəkisinin azalması əsasən tikinti sektorunun payının artması ilə balanslaşdırılıb. Əslində, tikinti sektoru əvvəllər də sürətlə inkişaf etsə də, sənaye sektorunun yaratdığı əlavə dəyər daha yüksək olduğundan, bir o qədər də nəzərə çarpmayıb. Lakin qrafikdən göründüyü kimi son iki ildə tikinti sektorunun ÜDM-də xüsusi çəkisi azalmağa başlayıb. Belə ki, 2014-cü ilin sonunda 12,5% olan tikinti sektorunun payı 2016-cı il noyabr ayının sonuna 10,3%-ə kimi geriləyib.
Son 6 ildə ticarət sektoru ÜDM-də payını 6,3%-dən 10,7%-ə çatdırıb. Diqqət çəkən məqam isə kənd təsərrüfatı sektorunun ÜDM-də xüsusi çəkisinin aşağı olması ilə bağlıdır. Belə ki, 2016-cı ilin 11 ayında kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi 5,4% təşkil edib. 2015-ci ilin yekununda isə bu göstərici 6,2% olub. Xatırladaq ki, 2004-cü ilə qədər kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi 10%-dən yuxarı olub.
"Report"un analitik qrupu bildirir ki, neft qiymətlərinin cari səviyyədə qalarsa, sadalanan iqtisadi sektorların ÜDM-də yaratdığı əlavə dəyərin xüsusi çəkisi dəyişməyəcək. Sənaye sektoru 40%, ticarət sektoru 10%, tikinti 10%, kənd təsərrüfatı isə bir qədər artaraq 7-8%, nəqliyyat və rabitə 7%, xalis vergilər isə bir qədər artaraq 10%-ə çata bilər. Belə ki, ticarət və tikinti sektorları bilavasitə sənaye sektorunun yaratdığı əlavə dəyərdən asılı olaraq inkişaf edir. Azərbaycan Mərkəzi Bankının sərt monetar siyasət proqramı tətbiq edəcəyini açıqlaması ticarət və tikinti sektorlarının yavaşlamasına gətirib çıxaracaq.