ABŞ-ın Türkiyəyə sanksiyası – Rusiyanın güclənən əli

ABŞ-ın Türkiyəyə sanksiyası – Rusiyanın güclənən əli Onlar müqavilə müddətinin uzadılmasının mümkünsüzlüyünü müxtəlif bəhanələrlə izah etdilər.
Analitika
17 Dekabr , 2020 17:11
ABŞ-ın Türkiyəyə sanksiyası – Rusiyanın güclənən əli

Türkiyə bölgənin və dünyanın etibarlı və aparıcı dövlətidir. Onun müttəfiqləri əsasən Osmanlı dövlətini süquta uğradanlar olub. Onların arasında ABŞ və Böyük Britaniya Türkiyənin ən etibarlı müttəfiqləri sayılıb. 1940-cı illərdən 1990-cı illərədək rəsmi Ankaranın xarici siyasət kursunda daha çox durğunluq müşahidə edilib. Ölkə daxilində hərbi yolla hakimiyyət çevrilişləri, siyasi-ideoloji fikir ayrılığı, keçmiş SSRİ-nin kommunist ideologiyası ilə ölkə ictimaiyyətini parçalaması, xarici sərmayə və texnologiyadan asılılıq və başqa belə neqativ hallar Türkiyənin inkişafına və xarici siyasətdə öz sözünü deməsinə mane olub.

Ancaq sovet ittifaqının çökməsi Türkiyəni siyasi-ideoloji cəhətdən cəbhələrə bölən mənbənin sıradan çıxması demək idi. 90-cı illərdən Türkiyənin xarici siyasət kursunda müəyyən fəallıq baş verdi. Azından türk respublikalarının müstəqilliyi onun bu istiqamətdə fəaliyyətinə təbii olaraq müsbət təsir göstərdi.

Sonrakı illərdə ərazi bütövlüyü və təhlükəsizliyi təhdid olunduğundan Türkiyə regionda daha da fəal olmağa başladı.

Bəs Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı genişləndirməsi necə baş verdi? Bu məsələnin kökü Türkiyənin hava məkanının etibarlı şəkildə qorunması ehtiyacından irəli gəlir. Rəsmi Ankara, ilk növbədə, NATO-dan olan müttəfiqlərinə məsələ ilə bağlı müraciət etdi.

2012-ci ilin noyabrında Türkiyə Suriya ilə sərhədinin yaxınlığındakı ərazisində “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı NATO-ya ərizə ilə müraciət etmişdi. Şimali Alyans rəhbərliyi kimyəvi hücum təhlükəsinə görə həmin ilin dekabr ayında raketlərin göndərilməsi ilə bağlı qərar qəbul etdi.

2012-ci ilin dekabr ayının sonunda NATO Suriya ərazisində orta mənzilli operativ-taktik raket buraxılışının müşahidə olunduğunu açıqladı.

“Patriot” kompleksləri Ankaraya Şimali Alyans üzrə müttəfiq ABŞ, Almaniya və Niderland tərəfindən ayrılmışdı. “Patriot” raket-zenit kompleksləri Türkiyədə 2013-cü ilin yanvarında gətirilmişdi. Bu sistemlərin Türkiyə ərazisində yerləşdirilməsində məqsəd Suriya tərəfindən mümkün hücumların qarşısını almaqdır.

Müttəfiqlər bu müdafiə sistemini Türkiyəyə icarəyə vermişdi. Həmin razılaşmanın müddəti 2015-ci ilin yanvarın sonunda başa çatdı. Onlar müqavilə müddətinin uzadılmasının mümkünsüzlüyünü müxtəlif bəhanələrlə izah etdilər. Məsələn, Niderlandın Müdafiə Nazirliyinin açıqlamasında bildirilirdi ki, sistemlər fasiləsiz rejimdə işləyir və bu səbəbdən onların əsaslı təmirə ehtiyacı var. Təmirin yerində aparılmasının mümkünsüz olduğu vurğulandı: “Suriya ərazisindən təhlükə hələ də sovuşmayıb. NATO-nun qalan vaxt ərzində Niderlandın bu komplekslərinə əvəz tapacağına ümidvarıq”.

Amsterdamın ardınca ABŞ və Almaniya “Patriot”ları Türkiyə ərazisindən çıxartdı. Buna alternativ olaraq heç bir təklif irəli sürülmədi.

Ancaq Rusiyanın Suriyada müharibəyə aktiv şəkildə müdaxiləsi, o cümlədən döyüş təyyarələrindən istifadəsi rəsmi Ankaranın dövlətin hava məkanının təhlükəsizliyinin təmin edilməsi məsələsini yenidən gündəmə gətirdir. 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24” qırıcılarının Suriya ərazisindən uçaraq Türkiyənin hava sərhədini pozması nəticəsində vəziyyət gərginləşdi.

Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ ilə hələ də danışıqlar aparır, göndərdiyi sorğunun cavabını gözləyir. Düz bir il əvvəl 2019-cu ilin dekabrın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən XIX Doha Forumunda demişdi: “Biz hələ də ABŞ-ın Türkiyənin müttəfiqi olduğuna inanırıq. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz. Bu, razılaşma artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Həmin sistem artıq Türkiyədə quraşdırılıb, sınaqdan keçirilib.

Bu saziş rəsmi Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb edib. Əks-təqdirdə ABŞ Türkiyəyə “F-35” qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb. Onu da qeyd etmək lazımdır ki, Türkiyə “F-35” layihəsinin 9 həmmüəllifindən birdir. Bu proqrama milyardlar dollar sərmayə qoyub.

Qərbdən və NATO-dan olan müttəfiqlərinin laqeydliyi Türkiyənin Rusiya ilə hava hücumunda müdafiə sistemi üzrə əməkdaşlığına səbəb oldu. Müttəfiqlər təhlükəsizliyinin təmini məsələsini tezləşdirib, onunla bu istiqamətdə əməkdaşlıq etməkdənsə, əksinə, ABŞ-ın Xəzinə Nazirliyi Türkiyənin Müdafiə Sənayesi Nazirliyini, qurumun başçısı İsmayıl Dəmiri, nazirliyin məsul şəxslərindən Mustafa Alpər Dənizi, Sərhat Gencoğlunu və Faruk Yigiti sankasiya siyahısına daxil edib.

Dünyanın siyasi quruluş elə qurulub ki, heç bir dövlət, hətta İran və terrorçu təşkilatlar belə ABŞ ilə münasibəti korlamaq istəmir. Çünki həm doğru, həm də oğru bu və ya başqa şəkildə ABŞ ilə ticarət sahəsində əməkdaşlıq edir. Bu baxımdan, ABŞ və NATO-nun regiondakı ən yaxın müttəfiqi Türkiyənin də bu ölkə ilə geniş iqtisadi-ticarət əlaqəsi var. 2019-cu ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20,64 milyard dollar təşkil edib. Türkiyə bu əməkdaşlığı 5 dəfə artırmağı hədəf kimi müəyyənləşdirib. Bu il “G-20”liyin zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp iki ölkənin ticarət həcmini 100 milyard dollara çatdırmaq istiqamətində fəaliyyət göstərəcəklərini bildirmişdilər.

2019-cu ildə Rusiyadan Türkiyəyə ixracatın həcmi 17,75 milyard dollar, Türkiyədən Rusiyaya isə ixracat 15,4 milyard dollar olub. Ankara və Moskva bu əməkdaşlığı 100 milyard dollara çatdırmaq istədiklərini açıqlayıblar.

Göründüyü kimi, Türkiyə münasibətlərin qurulmasında üstünlüyü, ilk növbədə, Qərb siyasi blokundan olan müttəfiqlərinə verib. Rusiya ilə münasibətlər daha çox regional əməkdaşlığa əsaslanır. Bundan başqa, Moskva Suriya məsələsində Türkiyənin maraqlarının daha çox nəzərə almağa çalışır. Ancaq ABŞ 2017-ci ilin mayında terrorçu PKK/YPG-PYD-yə verdiyi silahların toplanması ilə bağlı öhdəliyi yerinə yetirməyib. Bölgədə belə terrorçu qruplaşmaların fəaliyyəti isə Türkiyə rəhbərliyini ölkənin təhlükəsizliyini gücləndirməyə məcbur edir. Elə “S-400” və “Patriot”ların satın alınması səbəblərindən biri də budur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaraya tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib: “Bu sanksiya ilk dəfə NATO üzvü olaraq ölkəmizə tətbiq olunub. Bu necə ittifaqdır, necə müttəfiqlikdir?! Bu qərar ölkəmizə qarşı açıq hücumdur. Buna bəhanə kimi Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemini alması göstərilir. ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satışına icazə vermir. “F-35”in minə yaxın parçasını Türkiyə istehsal edir. Ehtiyacımızı başqa yerdən qarşıladığımız üçün ABŞ sanksiya silahını üstümüzə yönəldib. “S-400” mövzusunda narahatlığınız varsa, texniki araşdırma qrupu yaradıb problemi həll edək təklifini verdik. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. S-400 məsələsi olmasaydı, başqa bir bəhanə ilə bənzər şeyi edəcəkdilər. Bizi təhdidlə yolumuzdan döndərməyə çalışırlar”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə artıq hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb: “Müdafiə sənayemizdən yeni müjdələr alırıq. Milli və yerli “HİSAR A”nın sınaqları keçirilib. Son sınaq bir neçə ay gecikib. Normalda xaricdən alınan hissəyə embarqo qoyuldu. Lazım olan hissəni qısa zamanda hazırladıq, raketə birləşdirdik”.

Deməli, Türkiyəyə qarşı təzyiqlər NATO-nun etibarına şübhə yaradır. Bu sanksiyalar ABŞ-ın müttəfiqlərinə yanaşmasının göstəricisidir. Vaşinqton, yaxud NATO müttəfiqinin təhlükəsizliyinin təmin olunmasına yardım etmirsə, deməli, bir təşkilat daxilində ikili standart mövcuddur. Məsələn, Almaniya və ya Britaniya Türkiyənin üzləşdiyi təhdidlərlə qarşılaşsaydı, o zaman NATO və ABŞ hansı addımı atardı? Heç şübhəsiz, təbii və haqlı olaraq müttəfiqini müdafiə edərdi.

ABŞ və NATO üzvü olan başqa dövlətlər Rusiyanın silah və hərbi texnikasının satışına sanksiya tətbiq etməyib. Habelə Türkiyənin NATO-ya üzv, o cümlədən ABŞ qarşısında Rusiya ilə hərbi texnika sahədə ticarət etməyəcəyinə dair öhdəliyi yoxdur. Azından belə bir razılaşma ictimaiyyətə məlum deyil.

ABŞ Dövlət Departamentinin sanksiya ilə bağlı yaydığı açıqlama daha təzadlıdır. Departamentdən bildirilib ki, S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı tətbiq olunan sanksiyalar əslində Türkiyəyə deyil, Rusiyaya qarşı yönəldilib. Bu zaman suallar doğur: Rusiyanın hərbi sənaye kompleksinə niyə sanksiya tətbiq edilmir? Rusiyanın Müdafiə Nazirliyinə qarşı niyə məhdudlaşdırıcı tədbirlər görülmür? Rusiyanın silah satışına qadağanın qoyulmamasının səbəbi nədir?

Qərbdən olan müttəfiqlərinin hansısa lobbi və ya dövlətin könlünü xoş etmək üçün Türkiyəyə qarşı tətbiq etdikləri belə sanksiyalar, yaxud təzyiqlər son nəticədə Rusiyanın əlini gücləndirir. Bu isə Moskvanın Qərbin tətbiq etdiyi sanksiyalara müqavimətini artırır, onun güclənməsinə, regional münaqişələrdə fəaliyyətini artırmasına səbəb olur.

Son xəbərlər

Orphus sistemi