Müsəlmanların ​yeni ittifaqı - terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil - ŞƏRH

Müsəlmanların ​yeni ittifaqı - terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil - ŞƏRH Ehtimal etmək olar ki, Azərbaycan öz mövqeyində qalaraq terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcək
Analitika
17 Dekabr , 2015 16:52
Müsəlmanların ​yeni ittifaqı - terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil - ŞƏRH

Bakı. 17 dekabr. REPORT.AZ/ İki gün öncə müsəlman dövlətlərin terrorçuluğa qarşı mübarizə ittifaqının yarandığı elan edilib. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qətər, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leona, Sudan, Komor adaları, Mavrtitaniya, Niger, Nigeriya, Yəmən, Qabon, Maldiv adaları, Qvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt daxildir.

Türkiyə terrorçuluğa qarşı mübarizə aparacaq qüvvələrə hərbi təlimlər verməyə hazır olduğunu bildirib. Malayziya hakimiyyəti isə terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcəklərini, ancaq hərbi əməliyyatlarda iştirak etməyəcəklərini vurğulayıb.

İttifaqın yaranmasının təşəbbüskarı Səudiyyə Ərəbistanıdır.

ABŞ və Almaniya belə bir birliyin yaranmasını alqışlayıb. Dövlət Departamentinin təmsilçisi deyib ki, uzun illərdir region dövlətlərini belə bir ittifaq yaratmğa çağırırlar. 

Məlumatlara görə, terrorçu İŞİD-ə qarşı beynəlxalq koalisiyaya 65 dövlət daxildir. Bu ittifaqdakı dövlətlər eyni zamanda həmin koalisiyanın üzvləridir.

Yeri gəlmişkən, bu dövlətlərin çoxu həm də Ərəb Dövlətləri Liqasının üzvüdür. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumda da bir yerdədirlər.

1945-ci ildə yaradılan Ərəb Dövlətləri Liqasının hazırda 22 üzvü var: İraq, İordaniya, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən, Küveyt, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan, Somali, Fələstin, Cibuti və Komor adaları.

Bu ölkələr həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 

Yeni yaranan müsəlman ittifaqı və liqaya üzvlərin siyahısından da göründüyü kimi, eyni dövlətlərin müxtəlif təşkilatlarda bir yerdə olmasına baxmayaraq, onların terrorçuluğa qarşı mübarizəsi yetərincə səmərəli sayılmır. Ola bilsin, bu, həmin təşkilatların mahiyyətindən və ya nizamnaməsindən irəli gəlir. Ancaq əsas məsələ terrorçuluğa qarşı mübarizədə nəticədir. Nəticə isə hələ ki, yoxdur. Suriya və İraqın ərazi bütövlüyü tam pozulub. Oradakı hökumətlər proseslərə təsir edə bilmir. Bu dövlətlərdə pozulan siyasi, iqtisadi sabitlik qonşu ölkələr və bölgəyə ciddi şəkildə təsir etməkdədir.

Ona görə də bu yazıda müsəlman ittifaqının yaranmasının nəyə xidmət edəcəyini cavablandırmağa çalışacağıq.

10-15 il öncə ABŞ-ın "Yaxın və Orta Şərq layihəsi"ndən danışılanda bölgə dövlətləri buna ciddi yanaşmadı. Həmin layihəyə əsasən, dünyanın bu hissəsində demokratikləşmə prosesi getməli, insan haqları, qadın hüquqları təmin olunmalı, iqtisadi və siyasi sahələrdə islahatlar aparılmalı idi. Onda bu sənədi bölgə dövlətlərinin liderləri bəyənmişdi.

2012-ci ildə Barak Obama ikinci dəfə ABŞ prezidenti seçiləndə "Dəyişək" şüarını irəli sürdü. Belə ehtimal etmək olardı ki, Obama bunu öz ölkəsinin vətəndaşlarına və

 ya cəmiyyətinə ünvanlayıb. Şüarın bu məqsədlə irəli sürüldüyü də istisna deyildi. Ancaq dəyişikliyin daha çox Orta Şərqə aid olduğu görünməyə başladı.

Onların ardınca Səudiyyə Ərəbistanı, Bəhreyn, Mərakeş, İordaniya, Küveytdə cəmiyyət və monarxlar silkələndi. Bu ölkələrdə hadisələrin qarşısı alındı. Ancaq Suriya və Yəməndə dəyişiklik fərqli getdi.

Deməli, "dəyişək" şüarının daha çox ərəb dövlətlərinə aid olduğu aşkar görünməkdədir.

İndi Orta Şərqdə mənzərə təxminən belədir - İraq və Suriyanın bir dövlət olaraq mövcudluğu təhlükə qarşısındadır. Misirdə hərbi çevriliş nəticəsində siyasi sabitlik pozulub. Liviyanın ərazisində bir neçə hakimiyyət fəaliyyət göstərir və onun da bölünmə ehtimalı az deyil. Yəməndə hakimiyyətsizlikdir. Tunisdə nisbi sakitlikdir və s.

Onu da vurğulamaq lazımdır ki, bölgədəki terrorçu təşkilatların bir çoxu ərəblərin adı ilə bağlıdır.

Bu baxımdan ərəb dövlətlərinin dünya dövlətləri tərəfindən dəstəklənməyə ehtiyacı olan yeni və geniş hərbi ittifaq yaratması zərurəti ortaya çıxıb. Deməli, ittifaqa üzv olan dövlətlərdə vəziyyət heç də digərlərindən fərqli və qənaətbəxş deyil. Buna örnək olaraq Liviya, Somali, Sudan, Niger və Nigeriyanı göstərmək olar.

Müsəlman ittifaqına üzv dövlətləri ərazi bütövlüyünün pozulması, dövlətçiliyin məhv olması, dövlət quruluşu və hakimiyyət dəyişikliyi kimi təhlükələr gözləyir. Yeri gəlmişkən, bu, ittifaqdan kənarda qalan İrana da aiddir.

Düzdür, bəziləri bunu İslam dininin təriqətləri ilə bağlamağa çalışır, ancaq başlayan proses qarşısıalınmaz görünür. Ona din donu geyindirmək isə azı sadəlövhlükdür.

Heç şübhəsiz bu ittifaqın ilk hədəfi terrorçu İŞİD qruplaşmasıdır. Yeni birlik, o cümlədən ərəb dövlətləri İraq və Suriyanın ərazi bütövlüyünü də müdafiə edir.

Qərb yeni birliyin müttəfiqidir. Bununla belə, NATO İŞİD terror qruplaşması ilə döyüşmək üçün Suriyaya quru qoşunları göndərməyəcək.

Qurumun baş katibi Yens Stoltenberq deyib ki, koalisiya NATO müttəfiqlərinin planlarına daxil deyil: "ABŞ-ın məhdud sayda xüsusi təyinatlı bölməsi var. Ön planda yerli qüvvələrin gücləndirilməsi dayanır. Bu, asan qərar deyildi, amma yeganə seçim idi".

NATO baş katibi vurğulayıb ki, mövcud münaqişə Qərb və İslam dünyasının qarşıdurması deyil: "Bu, ekstremizm və terrorizmə qarşı mübarizədir, bu savaşda ön xətdə müsəlmanlardır. Həm qurbanların, həm də İŞİD-ə qarşı vuruşanların çoxu müsəlmanlardır".

Beləliklə, çoxu ərəb dövlətlərindən ibarət ittifaq özünü elan edib.

Onlar terrorçuluğa qarşı mübarizədə Qərblə bir yerdə mübarizə aparacaqlar. O biri tərəfdə isə Kremlin yaratmaq istədiyi koalisiyadır. Ona isə İran, Bəşşar Əsəd rejimi, Livandakı "Hizbullah" və bu birliyə meyillənən Bağdaddakı Heydər əl-İbadi daxildir. Çin və Hindistanın isə bu bloklar arasında manevr etdiyi görünməkdədir.

Beləliklə, dünyada əsas siyasi oyunlar ərəb dövlətlərinin ərazisində gedir. Oyunlar isə onların yeni siyasi-ictimai, iqtisadi mərhələyə keçməsinə yönəlik sayılır. Odur ki, ərəb dövlətləri bütün sahələrdə ya islahat aparacaq, ya da əraziləri İraq, Suriyaya oxşayacaq. Ona görə də bu ittifaqın daha çox sonuncudan - dağıntı və parçalanmadan qorunmağa yarandığını ehtimal etməyə əsas verir.

Orta Asiya ölkələri bu sayaq prosesə fəal qoşulmurlar. Buna səbəb kimi Kremllə münasibətləri göstərmək olar.

Azərbaycan həm terrorçuluqdan, həm də işğalçılıqdan ziyan görən dövlətdir. Rəsmi Bakı illər uzunudur bu məsələləri bütün beynəlxalq səviyyələrdə bəyan edir. Ancaq hələ də bunun nəticələrinin aradan qaldırılmasında nə Qərb, nə də Kreml əməli addım atmır. Ona görə də ehtimal etmək olar ki, Azərbaycan öz mövqeyində qalaraq terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcək.

Nəhayət, dünya ictimaiyyəti İŞİD, "əl-Qaidə", "Taliban", PKK, "Hizbullah", "Boko Haram" kimi terrorçu təşkilatların əməllərinin əziyyətini çəkməkdədir. Yeni yaranan ittifaqın bu sayaq qruplaşmalara qarşı mübarizədə uğur qazanacağı ehtimal azdır. Çünki terrorçuluğa qarşı mübarizədə hamı bir yerdə deyil. Bu isə bir blokun o birinə qarşı terrorçulardan istifadəsini istisna etmir...

Son xəbərlər

Orphus sistemi