Yuxarı

Metyu Brayza: "Putin Qərbin niyyətlərinin ciddiliyinə inanmayanadək səylər əbəsdir"

Ukraynada sülhün əldə olunmasının yolu - müharibə davam edərsə, onun dəyərinin dözülməz olacağını Putinə aydın izah etməkdir

Bakı. 12 fevral. REPORT.AZ/ "Güman edirəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi, eləcə də Krımı zəbt etməsi bu ölkənin əyalətlərindəki bütün həssas regionlarda gərginliyi gücləndirib. Ukraynada yeni dondurulmuş münaqişə yaratmaqla, görünür ki, Rusiya digər münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində kömək etmək qabiliyyətində deyil". 

Bu barədə "Report"a ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzində ekspert kimi çalışan Metyu Brayza bildirib.

Ukrayna böhranı haqqında danışan M.Brayza qeyd edib ki, Putin "Rusiyanın Ukrayna ərazisinə daxil olaraq oranı işğal etdiyinə görə yüksək qiymət ödəcəyinə" dair Qərbin niyyətlərinin ciddi olmasına inanmayana qədər, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin səyləri boşa çıxacaq.

Bu ciddiliyi nümayiş etdirmək üçün Aİ və ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməli, eləcə də NATO-nun Pribaltika ölkələri, Polşa, Bolqarıstan və Rumıniya ərazisində əvvəlcədən əldə olunan razılaşmaya əsasən hərbi kontingentinin yerləşdirilməsi  tələb olunacaq. Transatlantik alyans həmçinin Ukrayna, Azərbaycan və Gürcüstan kimi Şərq Tərəfdaşlığı proqramının əsas tiştirakçı ölkələrini özündə birləşdirəcək kollektiv təhlükəsizlik konsepsiyasının genişləndirilməsini müzakirə etməlidir.  Lakin Putinin separatçıları dəstəklədiyi və Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirərərək bu ölkəyə qoşun yeritdiyi bir vaxtda danışıqların aparılması yalnız Moskvanın militarist avantürizmini gücləndirir".

Rusiyanın Ukraynadakı separatçıları dəstəkləməkdən əl çəkməsi üçün danışıqlar zamanı nələrin təklif oluna biləcəyi sualına cavab verən M.Brayza bildirib ki, Ukraynada rusdilli əhalinin hüquqlarının  qorunması və Donbasın vahid Ukrayna tərkibində muxtariyyat alması, eləcə də Ukraynanın Aİ ilə assosiativ müqaviiləsinin bu ölkənin Rusiya və AİB ilə iqtisadi münasibətlərini pozmaması Putin üçün zəmanət ola bilər: "Belə zəmanətlərdən  biri də NATO-nun Ukraynada qoşun yerləşdirməməsi də ola bilər. Lakin Ukraynada sülhün bərqərar olmasının  əsas yolu - qonşuya (və qardaş slavyan ölkəsinə) qarşı davam edəcək müharibənin dəyərinin getdikcə artacağını və dözülməz olacağını Putinə aydın şəkildə izah etməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi