Yuxarı

​Merkel-Olland-Putin görüşündən gözləntilər - ŞƏRH

Qərbin elçiləri Moskvaya yenilənmiş Minsk protokolu aparır

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Moskvaya səfər edəcək.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, onların Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Ötən gün Ukraynadakı mövcud vəziyyət üç toplantının aparıcı mövzusu olub.

Müzakirələr NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin yığıncağında, ABŞ dövlət katibi Con Kerrinin, eləcə də Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Kiyevə səfəri zamanı aparılıb.

Görüşlərin nəticəsi olaraq ötən il sentyabrın 5-də Rusiya və ATƏT-in iştirakı ilə imzalanmış 12 maddəlik Minsk protokolunun yeniləndiyi bildirilir.

Həmin sənəddə Ukraynanın ərazi bütövlüyünün və atəşkəsin təmin olunması, əsirlərin dəyişdirilməsi kimi maddələr öz əksini tapıb.

Moskva görüşü ilə bağlı ehtimallardan öncə fevralın 5-də NATO-nun keçirdiyi toplantının nəticələri ilə də bağlı bəzi məqamlara toxunmaq istərdik.

Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Şərqi Avropada təhlükəsizliyin təmin edilməsi üçün çevik hərbi qüvvələrin sayını 13 mindən 30 minədək artıracaqlar. Həmin qüvvələr isə Şərqi Avropanın Ukrayna və Rusiya ilə sərhəd ölkələrinin ərazisində - Baltikyanı ölkələr, Polşa, Bolqarıstan, Rumıniyada yerləşdiriləcək.

NATO rəsmisi Rusiyadan birbaşa təhlükə gözləmədiklərini bildirsə də, Avropanın şərqində Rusiyanın "davranışına görə" Alyansın həmin bölgələrdə mövcudluğunu gücləndirmək istədiyini vurğulayıb. Ukraynanın şərqindəki vəziyyətə xüsusi diqqət yetirən baş katib bildirib ki, Rusiya separatçıları müasir silahlarla təchiz etməklə beynəlxalq hüququ pozur.

Ukraynada baş verən hadisələr heç şübhəsiz dünyanın təhlükəsizliyi baxımından da önəmlidir. Bu baxımdan Moskvanın bu məsələdə tutacağı mövqe dünyanın bir sıra bölgələrindəki qaynar nöqtələrə də təsirsiz ötüşmür.

Avropa Birliyi liderlərinin Moskva səfəri siyasi yükünə görə bu baxımdan da əhəmiyyətlidir.

Qeyd edək ki, ötən ilin fevralından, Ukraynada proseslər başlayandan həm Qərb, həm də Rusiya öz təhlükəsizliyinin təmin olunması ilə bağlı bəyanatlar verir. Ötən bir ilə yaxın müddət ərzində tərəflər təhlükəsizlklərinin təmini ilə bağlı əməkdaşlıq sahəsində elə bir ciddi addım atmayıblar. Əksinə, Ukraynanın şərqində vəziyyət gündən-günə gərginləşib. Krımın isə rusiyalaşdırılması yönündə Moskva xeyli işlər görüb.

Bu səfərdə də təhlükəsizliklə bağlı məsələnin aparıcı olacağı istisna edilmir.

Merkel və Ollandın Moskvaya apardığı sənədi şərti olaraq "yenilənmiş Minsk protokolu" da adlandırırlar.

Avropalı liderlərin Rusiyaya səfəri öncəsi bir məsələyə diqqəti çəkmək istərdik. ABŞ Ukraynadakı problemin həllində hələlik elə fəal görünmür. Düzdür, o da ATƏT-in üzvüdür. Ancaq vasitəçi kimi daha çox Avropa Birliyinin çıxış etdiyini görürük. Avropalılar isə hələ də bəhs etdiyimiz ölkənin ərazi bütövlüyünün təmin olunmasında heç bir irəliləyişə nail olmayıblar.

Rusiya rəsmilərinin bəyanatlarına və Ukraynanın şərqində baş verənlərə əsasən demək olar ki, Moskva sözügedən problemin həllində öz mövqeyindən geri çəkilmək niyyətində deyil.

Bu baxımdan belə bir vəziyyətdə keçiriləcək Moskva görüşünün nəticəsi ilə bağlı bəzi ehtimalları irəli sürmək olar:

- Qərbin elçisi kimi Avropa liderləri Rusiyadan Ukraynanın ərazi bütövlüyünün tanınmasını, ölkənin şərqindən separatçıların çıxarılmasını, Rusiyanın həmin qüvvələri silah və başqa hərbi texnika ilə təmin etməsini dayandırmasını istəyəcək;

- Heç şübhəsiz, terrorçuluğa qarşı mübarizə, o cümlədən Suriyadakı vəziyyət, İŞİD-in fəaliyyəti də danışıqlarda qeyd ediləcək;

- Avropalılar Kreml rəsmisinin diqqətinə yeni sanksiyaların tətbiqini, SWIFT beynəlxalq maliyyə şəbəkəsindən Rusiyanın çıxarıla biləcəyini çatdıracaqlar və s.

- Rusiya separatçıların irəli sürdüyü iddiaları müdafiə edəcək;

- Terrorçuluğa qarşı mübarizədə Qərblə eyni mövqedən çıxış etdiyini bildirsə də, Suriyada Bəşşar Əsəd hakimiyyətini müdafiə edəcək, bu ölkədəki xaosda əks tərəfi qınayacaq;

- Rusiya təhlükəsizliklərini sanksiyaların tətbiqindən yaranan problemlərdən üstün tutduğunu bildirəcək.

Beləliklə, Merkel-Olland-Putin görüşü ciddi nəticə verməzsə, o zaman avropalıların Moskva səfərini Rusiyaya qarşı perspektivdə daha ciddi addımların atılacağı ilə bağlı xəbərdarlıq siqnalı da saymaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi