Lavrovun Yerevan səfəri, ermənilərin atəşkəsi pozması - ŞƏRH

Lavrovun Yerevan səfəri, ermənilərin atəşkəsi pozması - ŞƏRH Təəssüf ki, ermənilərin bu sayaq saxtakarlığı da onların havadarlarının, hətta bəzi məqamlarda BMT-nin də mənafeyinə uyğun gəlir
Analitika
25 Aprel , 2016 14:46
Lavrovun Yerevan səfəri, ermənilərin atəşkəsi pozması - ŞƏRH

Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin əvvəlində Azərbaycanın işğal altında olan torpaqlarındakı qoşunların təmas xəttində ermənilərlə dördgünlük döyüşlər həm Ermənistanın, həm də onun havadarlarının iç üzünü bir daha göstərdi.

Həmin hadisələrdən ötən 20 gün ərzində Yerevanda Rusiya səfirliyinin binası qarşısında Kremlə qarşı 4 etiraz aksiyası keçirilib. Bunların hamısı Azərbaycan torpaqlarının ermənilər və havadarları tərəfindən işğalda saxlanması müddətinin, yaxud Dağlıq Qarabağ problemi ilə bağlı mövcud vəziyyətin saxlanılmasına, status-kvonun uzadılmasına xidmət edirdi.

Ermənistanın və ermənilərin arxasında əsasən Kremlin durduğunu nəzərə alsaq, bu aksiyalarla bağlı da Moskva ilə Yerevan arasında razılığın olduğunu ehtimal etmək mümkündür.

Aprelin 5-də atəşkəslə bağlı razılığa gəlinəndən sonra ermənilər rəsmi Moskvadan Azərbaycana silah satışının dayandırılması tələbi ilə etiraz askiyası keçirdi. Düzdür, Moskva rəsmiləri Azərbaycanla Rusiya arasında mövcud müqavilələr əsasında silah satışının həyata keçirildiyini bildirdi.

Rusiya rəsmiləri Yerevana 200 milyon dollarlıq silah satışı üçün nəzərdə tutulan razılaşmanı həyata keçirməyə də hazır olduqlarını bəyan ediblər. Elə ötən həftənin sonu Ermənistan hökumətinin həmin kredit layihəsini təsdiqləməsi bunun sübutudur. Görünür, Rusiyada indiki iqtisadi vəziyyətdə Ermənistana bu planın təsdiqlənməsinə qarşı çıxan qüvvələr olub. Elə etiraz aksiyasından sonra məsələnin sürətlə həlli də bunu təsdiqləyən amillərdən sayıla bilər.

Ermənilər Qarabağdakı silahlıların əsas sponsorlarından biri, məşhur dələduz Levon Ayrapetyanıın azadlığa buraxılması tələbi ilə keçirdikləri aksiya da Ermənistanın Rusiyaya qarşı naz eləmə sayağı etirazı idi.

Nəhayət, Ermənistana gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu da Yerevanda etiraz aksiyası ilə qarşıladılar. Onlar Lavrovun özü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “anti-erməni planı” gətirdiyini, Azərbaycana silah satışının dayandırılmasını bildirərək, "Rusiyanın əlini Qarabağdan çəkməsi"ni tələb ediblər.

Ermənilər Lavrov Ermənistandan gedəndən bir gün sonra - aprelin 23-də, axşam saatlarında Dağlıq Qarabağda qoşunların təmas xəttində atəşkəs rejimi yenidən pozuldu. Hansı ki, atəşkəslə bağlı razılıq aprelin 5-də Moskvanın vasitəçiliyi əsasında əldə olunub. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, ermənilər Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutublar. Aprelin 24-də gecə saatlarında düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Azərbaycan ərazisi Ermənistandan da atəşə tutulub.

Odur ki, ermənilərin son günlər ictimai-hərbi fəallığını artırması çətin təsadüfi olsun.

Çünki Yerevana səfərdən təxminən bir həftə öncə S.Lavrov Bakıda səfərdə olmuşdu. Kreml təmsilçisi Azərbaycan ictimaiyyətinə ümidverici mesajlar vermişdi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tez zamanda həllində maraqlı olduğunu da gizlətməmişdi.

Ancaq nə baş verdi? O, Yerevandan gedəndən bir gün sonra ermənilər atəşkəsi tankla pozub və Azərbaycanın yaşayış məskənlərini atəşə tutub.

Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında özlərini belə arxayın aparması Rusiya XİN başçısının Yerevan səfərində apardığı gizli danışıqların bir məqamının üzə çıxdığını ehtimal etməyə əsas verir. Başqa sözlə, Ermənistanda rəsmi Yerevana və Moskvaya etimadın azalmasını aradan qaldırmaq üçün atəşkəsi ermənilər tankla pozub.

Deməli, Lavrov ermənilərə ictimai, siyasi və hərbi baxımdan ruh vermək üçün Yerevanda səfərdə olub. Elə onun Ermənistandan Türkiyədəki Ağrıdağın (ermənilər ona Ararat deyir) fotosunu çəkməsi də buna xidmət edir.

Ancaq təəssüflər olsun ki, ermənilər atəşkəsi Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ərəfəsində pozub. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması və işğal altındakı torpaqların azad edilməsi haqda 4 qətnaməsinə məhəl qoymayan Ermənistan işğal faktını boşboğazlıq etməklə ört-basdır etməyə çalışır.

Təəssüf ki, ermənilərin bu sayaq saxtakarlığı da onların havadarlarının, hətta bəzi məqamlarda BMT-nin də mənafeyinə uyğun gəlir.

Beləliklə, son 20 gündə ermənilər beynəlxalq ictimaiyyətə saxtakarlığını sırımağa cəhd göstəriblər. Aprelin 24-də dünyanın bir sıra şəhərlərində ermənilər "soyqırım" aksiyası keçirməklə də Azərbaycan torpaqlarını işğal etdikləri faktını gizlədərək, dünyanın gözündə özünü "məzlum, əzilən xalq" kimi göstərdilər. Bu məsələdə havadarları ilə birlikdə təkcə Azərbaycanı deyil, Türkiyəni də hədəfə aldılar. Qondarma "erməni soyqırımı"nın növbəti ildönümü ilə bağlı aprelin 24-də Yerevanda keçirilən yürüşdə Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da yandırıblar. Hər il qondarma soyqırım tədbirlərini izləyən Qərb mətbuatının məlumatına görə, ermənilər belə mərasimdə ilk dəfədir Azərbaycan bayrağını yandırıblar. Bu isə onu göstərir ki, Ermənistan və onun havadarları münaqişəni yeni müstəviyə keçirirlər. 

Ermənistan rəsmilərinin "bizim arxamızda heç kim yoxdur" deməsi, S.Lavrovun Yerevanda Dağlıq Qarabağda münaqişənin həlli ilə bağlı Türkiyənin sülhsevər mövqeyini tənqid etməsi də bunu təsdiqləyir.

Nə qədər qəribə səslənsə də, son 20 gündə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanın dostu elə dost, düşməni elə düşməndir. Deməli, bu istiqamətdə heç kimin marağı dəyişməyib. 

Son xəbərlər

Orphus sistemi