Laçın haqqı

Laçın haqqı İyirmi səkkiz il davam elədi o iztirab, intizar. Hər anı ah-nalə ilə keçən bir həsrət, özləm.
Analitika
18 May , 2023 17:50
Laçın haqqı

İyirmi səkkiz il davam elədi o iztirab, intizar. Hər anı ah-nalə ilə keçən bir həsrət, özləm.

Bəlkə də iki rəqəmdən yaranan bu zaman kəsiyi tarix üçün heç nə ifadə etmir və etməyəcək də.

Amma iyirmi səkkiz il bir insan ömrü baxımından zamanı silib-süpürüb apara bilən qədər uzun müddətdir.

Qartal vüqarlı dağların qoynundan didərgin düşən laçınlılar hər il mayın 18-də konfrans zallarında, iclas otaqlarında, Şəhidlər xiyabanında toplaşırdı, boynu bükük, gözləri yaşlı, dərd-qəm içində.

Laçın həsrəti ilə dünyadan köçən əzizlərinin qəbirlərini ziyarət edirdilər laçınlılar, Laçın olmadığına, qibləgah itdiyinə görə.

***

Hamımız ölü olurduq həmin gün, ruhumuz bədənimizdən çıxmış formada, dəli-divanə dolaşırdıq.

Bir an olsun yaddan çıxmayan, həsrəti bitməyən Laçınsızlıq dərdinin tüstüsü ərşə dirənirdi hər il mayın 18-də.

İnsanların əlinin qabarı, alnının təri ilə tikdiyi, erməni quldurlarının yandırdığı evlərimizin tüstüsü ərşə dirəndiyi kimi.

Ehsan verirdilər, ən əziz adamlarını yenicə itirmiş kimi yasda olurdular, laçınlılar.

Mayın 18-də hər yerdə - evdə, məhəllədə, toyda, yasda söhbət ancaq Laçından gedərdi, amma yalnız həmin gün deyil...

Yeni nəsil yetişirdi, Laçını görməyən, dağlarında at çapmayan, bulaqlarından su içməyən, havasını udmayan nəsil. Onlar üçün Laçın insanların simasında, xatirələrində vardı.

İşğal gününün tədbirləri həm də Laçınsız böyüyən laçınlıların görüş yeri, bir-birini tanımaq fürsəti idi.

Əmioğlular tanış olurdular, qucaqlaşıb görüşürdülər, təsəlli verirdilər bir-birlərinə...

***

“Hər qaranlıq gecənin bir aydınlıq sabahı var” deyib atalarımız.

Laçın, laçınlılar üçün sübh açıldı, aydınlıq doğdu, bu gün Laçın azaddır, abadlaşır, gözəlləşir.

El köçə hazırlaşır.

Laçından zənglər gəlir, əmioğlular harada olduqlarını soruşurlar bir-birilərindən. “Güləbirdi keçdim, rayona çatdım, abidənin yanındayam, Qorçuya gedirəm, Minkənd istisusuna qalxacağam...” cavabını verirlər ayağı Laçın torpağında, başı sevincdən buludlara dəyən laçınlılar. Xoşbəxt, bəxtəvər, qalib, vüqarlı laçınlılar.

Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlıq hissi ilə addımlayırlar doğma yurdda laçınlılar...

Şəhidlərin əziz xatirəsini unutmadan...

***

Laçın nemətləri gəlib süfrəmizə, balı, qaymağı, pendiri, meşə armudu, yarpızı, cincilimi, qırxbuğumu, kəklikotusu, qantəpəri.

Ağzımız dada gəlib, bal kimi olub.

Üzərlərinə tökülən Laçın torpağı, suyu ilə daha da nurlu olub laçınlıların məzarı...

***

Laçının azadlığının gətirdiyi hərbi, siyasi, iqtisadi möcüzələri zaman getdikcə daha aydın görəcəyik.

Laçının işğalı Vətənimiz, xalqımız üçün böyük bəlaların başlanğıcı olmuşdu, 28 illik bir qara zolağa düşmüşdük.

Artıq zülm bitib. Ermənilər üçün "koridor" "dəhliz", azərbaycanlılar üçün Vətən, ziyarətgah, qibləgah olan Laçın azaddır. Bundan sonra ermənilər heç keçə də bilməyəcəklər bizim yurdumuzdan.

Laçın Azərbaycanın bu günü və sabahına günəş kimi doğacaq, dörd bir yanını nura boyayacaq.

Artıq Laçının işğal günü yoxdur, azadlıq günü, abadlıq günü var.

1992-ci ilin mayın 18-ni unutmuruq, amma 2020-ci il dekabrın 1-ni daha üstün tuturuq, bu günə şükür edirik...

Son xəbərlər

Orphus sistemi