Yuxarı

Vətəndaşların kreditləri hansı məzənnə ilə ödəyəcəyinə aydınlıq gətirilib - ŞƏRH

Ödəniş vasitəsi müqavilənin predmeti ilə eyniləşdirilməməlidir

Bakı. 23 fevral. REPORT.AZ/ Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı qərarı son günlər cəmiyyətdə narahatlıq yaradıb. Kredit təşkilatlarına və Mənzil-Tikinti Kooperativlərinə vaxtaşırı pul ödənişləri edən vətəndaşlar arasında bu narahatçılıq özünü daha çox göstərir.

Vəkil Sadiq Əfəndiyev mövzunu "Report"a şərh edib.

Kredit təşkilatları ilə kredit münasibətlərində olan vətəndaşları ilk maraqlandıran sual onun kredit borcu kimi ödədiyi pulun köhnə yaxud yeni məzənnə ilə ödəməli olmasıdır: "Burada vətəndaşları yanıldan əsas məsələ onların ABŞ dolları ilə götürdükləri kredit borclarını manatla ödəmələridir. Lakin ödəniş edən vətəndaşlar nəzərə almalıdırlar ki, burada vacib olan kredit borcunun hansı valyuta ilə ödənilməsi yox, kredit müqaviləsinin predmetinin hansı valyutada ifadə olunmasındadır. Başqa sözlə, ödəniş vasitəsi müqavilənin predmeti ilə eyniləşdirilməməlidir. Predmeti xarici valyutada (məsələn ABŞ dollarında) ifadə olunmuş kredit müqaviləsi üzrə ödənişin manatla aparılması sadəcə qanunvericiliyin tələbindən irəli gələn məsələdir. Belə ki, AR Konstitusiyasının 19-cu maddəsinə görə AR-nin ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Beləliklə də kredit təşkilatından ABŞ dolları ilə kredit götürüb manatla ödəniş edən vətəndaş ABŞ dollarının məzənnəsinin artması halında məzənnəyə uyğun ödənişini davam etdirəcəkdir.

Bununla bağlı bir şeyi nəzərə almaq lazımdır ki, AR Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri (pul ödənişi edən və ya ödənişi alan) xarici fiziki və ya hüquqi şəxsdirsə qanunla qadağan edilmədiyi hallarda tərəflər pul öhdəliklərini xarici valyuta ilə müəyyənləşdirə bilərlər. Bu o deməkdir ki, yerli hüquqi və fiziki şəxslər xarici valyuta ilə ifadə olunmuş müqavilələr bağlaya bilməzlər. Əks təqdirdə, maraqlı tərəf müqavilənin etibarsızlığı barədə məhkəmə qaydasında tələb irəli sürüb müqaviləni etibarsız hesab etdirə bilər.

Bundan başqa ola bilər ki, vaxtaşırı ödənilməli olan pul öhdəliyi ilə bağlı müqavilənin predmeti milli valyuta ilə, yəni manatla göstərilmiş olsun, manatın məzənnəsinin ABŞ dollarına münasibətdə aşağı düşməsi ilə əlaqədar ödənişi qəbul edən kreditor (məsələn, Mənzil-Tikinti Kooperativi) məzənnə fərqini ödənişlərin üzərinə hesablasın. Bu halda yaxşı olar ki, ödəniş etməyə hazırlaşan şəxs müqavilə şərtlərinə nəzər salsın. Əgər müqavilədə manatın məsələn, ABŞ dollarına nəzərən  devalvasiyası halında kreditorun ödənişlərə müvafiq fərqi əlavə etmək hüququ nəzərdə tutulmuşdursa, ödənişlər həmin fərq üzərinə gəlinməklə ödəniləcək, yox əgər, müqavilədə belə bir şərt nəzərdə tutulmamışdırsa, baş vermiş  devalvasiya ödənişin məbləğinə təsir etməyəcəkdir. Yəni ödənişlər köhnə qaydada davam edəcəkdir. Belə ki, bu məsələni tənzimləyən Mülki Məcəllənin 439.7-ci maddəsi ödənişlər zamanı məzənnənin nəzərə alınıb alınmamasını dispozitiv qaydada tərəflərin öhdəsinə buraxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi