Koreya münaqişəsi həll olur - III Dünya müharibəsini alovlandıra biləcək ocaq söndürülür - ŞƏRH

Koreya münaqişəsi həll olur - III Dünya müharibəsini alovlandıra biləcək ocaq söndürülür - ŞƏRH Hər halda Koreya yarımadasında yaranacaq sülh dünyaya bir dərsdir
Analitika
177
12 Mart , 2018 15:04
Koreya münaqişəsi həll olur - III Dünya müharibəsini alovlandıra biləcək ocaq söndürülür - ŞƏRH

Bakı. 12 mart. REPORT.AZ/ Dünyadakı məlumatlar heç də Suriya, İraq, Yəmən, Əfqanıstan ərazisindəki silahlı qarşıdurmalar və nahaq qan axıdılması ilə bağlı deyil. Beynəlxalq aləmdə ürəkaçan hadisələr də olur. Hətta ötən həftə üç belə xoş xəbər də yayıldı. Bu o deməkdir ki, münaqişələrin sayı azalacaq, insan itkisi, qaçqınlıq olmayacaq.

Həmin hadisələrdən birincisi Şimali Koreya lideri Kim Çen Inın ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətində olması ilə bağlıdır. O, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Cənubi Koreyanın nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.

İkinci hadisə Kubada Kastroların 59 illik hakimiyyətinin, nəhayət, başa çatmaq üzrə olması, Vaşinqtonla Havana arasında münasibətlərin normallaşmağa doğru getməsidir. Martın 12-də Kubada parlament seçkiləri keçirilib. Bu il aprelin 19-da isə yeni parlament Kuba Dövlət Şurası və Nazirlər Şurasının sədrini seçəcək. Kubanın yeni liderinin 57 yaşlı Migel Mrio Dias-Kanel Bermudes olacağı gözlənilir. Yeri gəlmişkən, Fidel Kastro 1959-cu il fevralın 16-dan 2008-ci il fevralın 24-dək Kubaya başçılıq edib. O, yerini qardaşı və partiya silahdaşı Raul Kastroya təhvil verib, sonuncu da 2008-ci il fevralın 24-dən hakimiyyətə gəlib və 2018-ci il aprelin 19-dək ölkəyə rəhbərlik edəcək.

Fidel Kastro

Üçüncü hadisə isə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin son 18 ildə ilk dəfə Tacikistana rəsmi səfər etməsidir. Özbəkistanın mərhum prezidenti İslam Kərimov sonuncu dəfə 2000-ci ilin iyununda Düşənbəyə gedib, Emomali Rahmon isə 1998-ci ilin yanvarında Daşkəndi ziyarət edib. Ş.Mirziyoyevin səfəri çərçivəsində iki ölkə arasında 27 sənəd imzalanıb. Görüşdən sonra prezidentlər bildiriblər ki, Özbəkistanla Tacikistan arasında həll edilməyən heç bir məsələ qalmayıb. Dövlət başçıları və işgüzar dairələrdə aparılan danışıqlar nəticəsində iki ölkə arasında ticarət dövriyyəsini bir milyard dollar səviyyəsinə çatdırmaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, Tacikistandakı vətəndaş müharibəsi zamanı (1992-1997-ci illərdə) Özbəkistan İslam adı altında fəaliyyət göstərən silahlıların ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün iki dövlət arasında sərhədi minalamışdı. Hətta Özbəkistan 1992-ci ildə birtərəfli qaydada Tacikistanla aviareysləri dayandırmış, qonşu ölkənin vətəndaşlarına viza rejimi tətbiq etmişdi. Bundan başqa, Tacikistan müxtəlif səviyyələrdə Özbəkistana qarşı ərazi iddiaları irəli sürür. Ona görə də iki ölkə arasında regional su, energetika və Roqun Su Elektrik Stansiyası, Tacikistan Alüminium Zavodunun tikintisi, infrastruktur və nəqliyyat layihələrinin həyata keçməsində problemlər yaranıb. Nəticədə müstəqillik illərində yüzə yaxın hökumətlərarası razılaşma imzalansa da, onlar faktiki olaraq yerinə yetirilməyib. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 126 milyon dollar olub.

Özbəkistan-Tacikistan münasibətlərinin normallaşması, Kubada yeni qüvvələrin hakimiyyətə gələcəyi xəbəri beynəlxalq ictimaiyyət üçün xoş xəbərlərdən sayılsa da, fikrimizcə, Şimali Koreya ilə ABŞ arasında münasibətlərin normallaşacağı məsələsi daha aktual və daha əhatəlidir. Daşkənd-Düşənbə, Vaşinqton-Havana münasibətləri daha çox regional mahiyyətli sayılsa da, hər iki ölkə nüvə silahına malik olduqlarından Şimali Koreya ilə ABŞ-ın əlaqələrinin qurulacağı xəbəri daha qlobal xarakter daşıyır. Bundan başqa, Vaşinqton-Pxenyan məsələsində birbaşa marağı olan dövlətlərin sayı daha çoxdur: Rusiya, Yaponiya, Çin, Cənubi Koreya, Şimali Koreya və ABŞ. Odur ki, sırada birinci hadisəni həftənin əsas xəbəri də saymaq olar. Martın 15-17-də Cənubi Koreyanın xarici işlər naziri Kan Gyon Xva ABŞ-ın dövlət katibi Reks Tillersonla danışıqlar aparmaq üçün Vaşinqtona gedəcək. Tərəflər Koreya yarımadasındakı dəyişən vəziyyəti, Şimal və Cənubi Koreya arasındakı danışıqları və Vaşinqton-Pxenyan təmasını müzakirə edəcəklər. Yeri gəlmişkən, martın 5-6-da Cənubi Koreya prezidentinin köməkçisi Çon Iy Yön və Milli Təhlükəsizlik Xidmətinin direktoru So Xun Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla 4 saatlıq danışıq aparıblar. Çon In Yön bildirib ki, Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazırdır: “Mən prezident Donald Trampa Şimali Koreya liderinin Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu söylədiyini bildirdim. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyinə söz verib”. Məlumalara əsasən, şimallı liderin yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır. Bundan əvvəl isə Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. O, Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. Görüşün vaxtı və yeri razılaşdırılacaq. Koreya yarımadasında vəziyyətin normallaşacağı həm də yeni bir dünya savaşından yayınmaq deməkdir.

Şimali Koreya lideri Kim Çen In

Məlum olduğu kimi, II Dünya müharibəsi başa çatandan 5 il sonra Şimali və Cənubi Koreya arasında müharibə başlayıb və 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-nə qədər davam edib. Bu münaqişənin başa çatması rəsmi olaraq hələ də elan olunmayıb. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (rəsmi Pekin münaqişədə Çin ordusunun iştirak etmədiyini, “Çin Xalq Könüllüləri” adlanan birləşmənin savaşa qatıldığını bildirir”), SSRİ (rəsmən müharibədə iştirak etməsə də, Şimal koalisiyasının maliyyələşdirilməsini və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdü). Çoxsaylı sovet hərbi məsləhətçiləri və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, BMT sülhməramlı qüvvələrinin tərkibində “NATO qüvvələri” iştirak etmişdilər. Bu müharibə nəticəsində 4,5 milyon nəfərin həlak olduğu ehtimal edilir. Şimali Koreyanın 2,5 milyon sakini, Cənubi Koreyanın 1 milyon, Çinin 1 milyon əsgəri və hərbçisi, o cümlədən Çinin o vaxtkı lideri Mao Tszedunun oğlu Anin, ABŞ-ın 302 483, Türkiyənin 5 190 hərbçisi bu savaşın qurbanı olub. Keçmiş SSRİ-nin 315 vətəndaşının, o cümlədən 168 zabitinin öldüyü bildirilir. Əlbəttə, bu rəqəmlər təxminidir. Onların sayının daha çox olduğu ehtimal edilir. Həmin illərdə ABŞ-la SSRİ arasında “soyuq müharibə” gedirdi və Stalin sağ idi. Ona görə də hər iki tərəf itkiləri gizlətməyə çalışırdı, bununla da daha uğurlu hərbi əməliyyatlar keçirdiyini iddia edirdi. Halbuki 6 illik II Dünya müharibəsi nəticəsində 63 milyon insan həlak olmuşdu. Ancaq bu müharibəyə qatılan dövlətlərin sayını, müddətini və miqyasını nəzərə alsaq, Koreya savaşında daha çox itki verilib. Bu baxımdan, Şimali Koreya ilə bağlı gərginliyin başa çatması cəhdi həm də müəyyən mənada III Dünya müharibəsi üçün bəhanənin aradan qaldırılmasıdır. Koreya yarımadasında vəziyyətin normallaşması bölünmüş bir millətin, qardaşın qardaş, bacının bacı, qardaşın bacı, ata-ananın övlad, sevgilinin sevgili ilə görüşməsi üçün maneələrin aradan qaldırılmasıdır. Bu, Yer kürəsinin uzaq şərqində münaqişənin başvermə ehtimalının azalması, yaxud ləğvi demək olacaq.

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın Prezidenti Mun Ce-In

Hər halda Koreya yarımadasında yaranacaq sülh dünyaya bir dərsdir. Əgər dövlətlər və başçıları istəsə, bütün münaqişələrin ədalətli həlli mümkündür. Çünki Koreya maraqların toqquşması, iddia, hikkə, kin və nifrət nəticəsində parçalanıb. Düzdür, dünyada bu mənəvi keyfiyyətlər qalır. ABŞ, Rusiya (SSRİ-nin varisi), Çin, Yaponiya geri çəkilməyib. Bu məsələdə ən təqdirəlayiq addımı bölünmüş Koreyaların liderləri atıblar. Onun başqaları tərəfindən bəyənilməsi isə yarımadaya və bölgəyə uğurlu gələcək də vəd edə bilər. Heç şübhəsiz, Şimali Koreya bazarı uğrunda mübarizədə Çin və Rusiyanın məğlub olacağı ehtimalı az deyil. Çünki həmin bazarı daha çox Cənubi Koreyanın ələ keçirəcəyi bütün mənalarda gözləniləndir. Cənubi Koreyada şimaldakı rejimə qarşı etiraz aksiyalarının keçiriləcəyi də istisna edilmir. Ancaq, deyəsən, Koreya yarımadasının bütövləşəcəyi, azından orada münasibətlərin normallaşacağı ehtimalı gündən-günə artmaqdadır. Daha çox radikal sayılan Kim Çen Inın xoşməramlı addımından xoşu gəlməyib buna mane olmağa çalışanlar bu hadisələrdə açıq-aşkar görünəcəklər.

Beləliklə, II Dünya savaşından miras qalma, “soyuq müharibə” illərinin yetişdirdiyi bir münaqişə həll olunmaq üzrədir. III Dünya müharibəsini yarada biləcək potensial ocaq söndürülür. 65 illik münaqişə həll olunmaq üzrədir. Deməli, dünya istəsə, savaşsız, qansız-qadasız, münaqişəsiz, qaçqınlarsız, silahsız yaşaya bilər. Lap elə bir gün içərisində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də işğalçıdan güllə atılmadan təmizlənə bilər. Bunu dünyada baş verən hadisələr təsdiqləyir. Cənubi və Şimali Koreyalar, Kuba, ABŞ, Özbəkistan,Tacikistanla bağlı xoş xəbərlər buna örnəkdir. 

Orphus sistemi