“Kölgə iqtisadiyyatı”ndan sağlam rəqabətə doğru

“Kölgə iqtisadiyyatı”ndan sağlam rəqabətə doğru Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması ilə bağlı nikbin nəticələr var. Son zamanlar biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar bunu deməyə əsas verir. Görünən odur ki, Azərbaycanda sahibkarlar leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə meyillidir. Çünki sahibkarlar rəqabətin təmin edilməsinin, qanunsuz sahibkarlığın qarşısının alınmasının, leqal fəaliyyətin daha səmərəli nəticələr verdiyini görürlər. Report hökumətin buna necə nail olduğunu araşdırıb.
Analitika
4 Mart , 2020 10:41
“Kölgə iqtisadiyyatı”ndan sağlam rəqabətə doğru

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması ilə bağlı nikbin nəticələr var. Son zamanlar biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar bunu deməyə əsas verir. Görünən odur ki, Azərbaycanda sahibkarlar leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə meyillidir. Çünki sahibkarlar rəqabətin təmin edilməsinin, qanunsuz sahibkarlığın qarşısının alınmasının, leqal fəaliyyətin daha səmərəli nəticələr verdiyini görürlər. "Report" hökumətin buna necə nail olduğunu araşdırıb.

İlk addımlar...

Qanunlara əməl etmək, leqallaşma, sağlam mühit, sağlam rəqabət şəraitidir və bu, yerli istehsalçılar üçün əhəmiyyətli amildir. Bu barədə dəfələrlə fikirlər səsləndirilib. Lakin son zamanlar aparılan islahatlar sahibkarlara qanun çərçivəsində işləməyin müsbət tərəflərini əyani olaraq göstərdi. İlk növədə onlar üçün real güzəştlər paketi hazırlandı və vergi qanunvericiliyində ciddi dəyişikliklər edildi. Sahibkarlara yeni qaydalara uyğunlaşmaq üçün vaxt verildi. 2019-cu il yanvarın 1-dən kiçik və orta sahibkarlar üçün vergi yükü iki dəfə azaldıldı. Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azad edildi. Bundan əlavə, sadələşdirilmiş verginin dərəcəsi aşağı salınaraq 2 faizə endirildi.

Dürüstlük şəffaflığın açarıdır

Bu islahatlar vergi orqanlarının biznesin gəlir əldə etməsində, daha yaxşı işləməsində, daha çox qazanmasında və fayda götürməsində maraqlı olan tərəf kimi çıxış etdiyini göstərdi. Sahibkarlar dövlətin onlara verdiyi güzəştə uyğun olaraq daha vicdanla yanaşmağa və fəaliyyətlərini şəffaflaşdırmağa başladılar. Bu, ilk növbədə onların büdcəyə ödədikləri vergidə və dövriyyələrin olduğu kimi göstərilməsində əks olundu. 2019-cu ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 7 milyard 672,6 milyon manat vergi daxil edilib, əvvəlki illə müqayisədə 3 257,1 milyon manat çox vəsait toplanıb. Ödənilən vergilərin 70,8 faizi qeyri-neft-qaz sektorunun, 29,2 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 2018-ci ilə nisbətən 9,2 faiz artıb. 2019-cu il ərzində qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. 2018-ci illə müqayisədə daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (32,7 faiz), kənd təsərrüfatı sahəsində (29,5 faiz), rabitə sahəsində (29,3 faiz), tikinti sahəsində (9,5 faiz), ticarət sahəsində (7,2 faiz), nəqliyyat sahəsində (6,3 faiz), xidmət sektorunda (4,9 faiz), sənaye sahəsində (0,2 faiz) və digər fəaliyyət sahələrində (20,6 faiz) qeydə alınıb. Ötən dövr ərzində ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft-qaz sektorunun dövriyyələrində artımlar, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artması və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətləndiyini göstərir. Hazırda vergi ödəyicilərinin 91 faizi vergini könüllü formada vergi ödəyir. Digər tərəfdən sahibkarlıqla məşğul olmaq istəyənlərin sayında da artım var. Rəqəmlərə nəzər salsaq aktiv vergi ödəyicilərinin sayı 2019-cu ildə 12,3%, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayı 37,5% artıb.

google.az
google.az

İçki bazarı “ağarır”

Azərbaycanda aksizli mallar sahəsində problemlər daim gündəmə gətirilib. Qaçamalçılıq yolu ilə ölkəyə daxil olan spirtli içkilər, kustar formada hazırlanan alkaqollu məhsullar, nəzarət funksiyasını yerinə yetirən orqanlardan gizlədilən siqaretlər və s... Şəffaflaşma bu sahələri də əhatəyə alıb. Aksiz vergilərinin həcmi əhəmiyyətli dərəcədə artıb. Məsələn, ötən il alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz, aksiz ödənişlərlərinin həcmi 1,6 dəfə artıb. 2019-cu ildə 2018-ci illə müqayisədə tütün məmulatlarının istehsalçıları üzrə dövriyyələr 12,7 dəfə, aksiz ödənişlərinin həcmi 18,1 dəfə artıb. Bu sektorda artımlar əsasən yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub. Yeri gəlmişkən, bu sahədə görülən işlər yerli istehsala müsbət təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayı ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq ayına nisbətən 2 dəfə artaraq 288,9 min dekalitr təşkil edib. O cümlədən, 2020-ci ilin yanvar ayında ölkədə 15 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 60,7% artım deməkdir. Digər spirtli içkilərin də istehsalında əsaslı artımlar var. Bu artımlar, üzüm şərabı üzrə 75,2 faiz, alkoqolsuz içkilər üzrə 90,5 faiz, pivə üzrə 2,5 dəfə təşkil edib.

Yenidən başlamaq mümkün oldu...

Bütün bu göstəricilər onu deməyə əsas verir ki, dövlət və biznes arasında bir-birini başa düşmək məsələləri artıq həllini tapmaqdadır. Məsələn vergi ödəyicilərini ən çox narahat edən hallardan olan yoxlamalar xeyli azalıb. Həm səyyar yoxlamaların, həm də operativ nəzarət tədbirlərinin sayı kəskin surətdə aşağı düşüb. Son iki ildə bu azalma 7 dəfəyə qədər olub. Səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 2 dəfəyə yaxın azalıb. Bəziləri düşünərdi ki, vergi daxilolmaları da azalacaq. Vergilər Nazirliyinin rəsmiləri verdikləri açıqlamalarda bildirirlər ki, əvvəllər vergi daxilolmalarının 10-12%-i məhz bu yoxlamaların nəticəsində olurdu. Amma daxilolmalar artıb. Deməli, bu gün bizneslə aparılan tərəfdaşlıq və etimad yanaşması öz nəticələrini verməkdədir.

“Vətəndaş məmnuniyyəti çox önəmlidir”

Sahibkarların şəffaf fəaliyyəti, nəticə etibarilə dövlət büdcəsinə əlavə gəlirlərin yaranmasına gətirib çıxarır. Bu isə bir daha təsdiq edir ki, iqtisadi sahədə uğurlar vətəndaşların həyat səviyyəsində, dövlətin apardığı sosial dəstək siyasətində öz əksini tapır. Ölkə üçün iqtisadi artım qədər əhalinin rifahı da vacibdir. İqtisadi artımların faydasını vətəndaşlar həm birbaşa, həm də dolayı görür. Məsələn, dövlət büdcəsindən əhali üçün sosial əhəmiyyət daşıyan dövlət proqramlarının maliyyələşdirirlir. Məsələn icbari sığortanın tətbiqi, məşğulluğun təmin edilməsi və s. dövlət proqramları sosial xidmətlərin təkmilləşməsinə təkan verir. Bu öz növbəsində yeni iş yerləri deməkdir, məşğulluğun təmin edilməsidir. Bu zəmində özünəməşğulluq tədbirləri geniş vüsət alır. Rəsmi açıqlamalara görə, 2018-ci ildə əhalinin özünəməşğulluq proqramına cəlb olunması təxminən 6 dəfə genişləndirilib, 7 minə yaxın vətəndaş bu proqrama cəlb olunub. Sosial xidmətlərin təkmilləşdirilməsi, əhalinin yaxşı yaşamasının təmin edilməsi dövlətin güclü deməkdir. Güclü dövlətin vətəndaşı olmaq həm bizim, həm də gələcək nəsillər üçün faydalıdır. 

Son xəbərlər

Orphus sistemi