Moskva ilə Yerevanın top kimi oynatdığı Koçaryan - keçmiş prezident yenə həbsdə - ŞƏRH

Moskva ilə Yerevanın top kimi oynatdığı Koçaryan - keçmiş prezident yenə həbsdə - ŞƏRH Koçaryandan sonra növbə erməni qanı üzərində prezident olmuş Serj Sarqsyanındır
Analitika
27 İyun , 2019 13:06
Moskva ilə Yerevanın top kimi oynatdığı Koçaryan - keçmiş prezident yenə həbsdə - ŞƏRH

Atalar sözüdür: “Hay-hayla gələn, vay-vayla gedər”, yaxud “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”. Bu müdrik kəlamları Azərbaycanın keçmiş vətəndaşı, Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımının törədilməsinə başçılıq edənlərdən biri Robert Koçaryana şamil etmək olar. 1998-2008-ci illərdə Ermənistana başçılıq etmiş Koçaryan indi əməllərinin cəzasını çəkməkdədir. O, Yerevanla Moskva arasında oyunun topuna çevrilib. İki ölkənin münasibətlərini onun vəziyyəti ilə də müəyyən etmək olar. Qeyd edək ki, R.Koçaryan mayın 18-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının indiki və keçmiş başçısı Bako Saakyan və Arkadi Qukasyanın qoyduğu girov qarşılığında zaminə buraxılmışdı. Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Bu arada Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub. Koçaryan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaqda ittiham olunur. Onun zaminə buraxılması qərarına Ermənistanın Baş Prokurorluğu etiraz etmişdi. Bu qurumun şikayəti əsasında mayın 25-də Koçaryan yenidən həbs edilib. O, məhkəmənin qərarından sonra Yerevandakı “Kentron” təcridxanasına aparılıb. Keçmiş prezident yenidən həbs olunduqdan sonra Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistanın baş prokuroru Artur Davtyanla görüşüb. Görüşdə tərəflər hüquqi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. S.Kopırkin iki ölkə arasında hüquqi sahədə təmasların güclənməsi üçün səfirliyin bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirib. Görüşdə korrupsiyaya qarşı mübarizəyə dair məsələlər də müzakirə olunub. Səfir əlavə edib ki, Ermənistandan çıxarılan vəsaitlərin geri qaytarılması üçün beynəlxalq tərəfdarlarla əməkdaşlıq tədbirləri həyata keçiriəcək. İyunun 26-da isə S.Kopırkin Ermənistanın Lori vilayətinin Fioletovo kəndindəki rus-molokan icmasının nümayəndələri ilə görüşüb. Səfir Rusiyanın Ermənistandakı “VTB” Bankının icma nümayəndələrinə infrastrukturun, təhsiul, mədəniyyət və həyat səviyyəsinin qaldırılması üçün dəstək verməyə hazır olduqlarını bildirib. Bir daha vurğulamaq istərdik ki, hər iki görüş Koçaryan yenidən həbs edildikdən sonra reallaşıb.

Yeri gəlmişkən, keçmiş prezident zaminə buraxıldıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ədliyyə sistemini kəskin tənqid etmişdi. Bundan sonra ali məhkəmənin hakimi, ədliyyə naziri və bu sahədə işləyən bir sıra vəzifəli şəxslər istefa vermişdi. Bu günlərdə isə hökumət başçısı ədliyyə və hüquq-mühafizə orqanlarında islahatın tədricən həyata keçməsinin vacibliyini söyləyib. 

Hətta R.Koçaryan zaminə buraxıldıqdan sonra Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsi tez-tez pozmağa başladı. Ölkənin müdafiə naziri David Tonoyan isə bir az da qabağa gedərək işğal altında olan Azərbaycan torpaqlarında təxribat törədən erməni hərbçiləri mükafatlandırdı. Bu nə demək idi? Paşinyan Qarabağdakı separatçı rejimin başçılarını dəyişmək istəyir. Bununla da Azərbaycanın bu bölgəsinə öz adamını erməni icmasına rəhbər görmək niyyətini gizlətmir. Bako Saakyan isə özündən əvvvəlkilər kimi birbaşa Moskvanın göstərirşi ilə fəaliyyət göstərir. Elə Koçaryanın zaminə buraxılmasında separatçı rejimin indiki və keçmiş başçısının fəallığı da bunu təsdiqləyir. Ermənilər Qarabağda atəşkəsi rəsmi Yerevana tabe olmayacaqlarını nümayiş etdirmək üçün bölgədənxaric havadardan və ya havadarlardan tapşırıq alarkən poza bilər. 

Hər halda Koçaryanın zaminə buraxılması Ermənistan və Qarabağdakı Rusiyayönlü erməniləri ruhlandırsa da, onların sevinci uzun sürmədi. Keçmiş prezidenti Nikol Paşinyanın məhkəməsi yenidən həbs etdi. Səfirin baş prokurorla görüşünün əsas sualı isə belə ola bilər: “Koçaryanın sərbəst buraxılması qarşılığında nə istəyirsiniz”. Xəbərdən də göründüyü kimi, bu istəklərdən biri Ermənistandan çıxarılan maliyyə vəsaitlərinin geri qaytarılması idi. Rusiya bu məsələdə Yerevana yardım edəcəyinə boyun olub. Əslində, Ermənistandakı imkanlıların, demək olar ki, hamısı Rusiyanın kölgəsində var-dövlət yiyəsi olublar. Paşinyan Qərbyönlü sayıldığından onların vəsaitlərini bu bloka aid ölkələrə aparılması müəyyən mənada çətinliyə səbəb ola bilərdi. Odur ki, onlar üçün ən uyğun yer Rusiya idi. Bundan başqa, erməni əsilli rusiyalı iş adamları risk faktoruna görə Ermənistana sərmayə qoya bilmirlər. Görünür, Kopırkin baş prokurora bu sahədə də yarıdm göstərə biləcəklərini vəd edib. Odur ki, səfir Rusiya prezidenti Vladimir Putinin dostu Koçaryanın vəziyyətini və qarşı tərəfin irəli sürdüyü şərtləri müzakirə etmək üçün Davtyanla görüşüb.

Nəhayət, keçmiş prezident hazırkı hakim siyasi elitanın fəaliyyətinə mane olur. Ona görə də “Görüş yerini dəyişmək olmaz” filminin qəhrəmanı kapitan Jiqlov demiş: “Oğru həbsxanada oturmalıdır”, Koçaryan da cinayətlər törətməkdə ittiham olunduğundan türmədə saxlanılmalıdır. Onun həbsdən çıxması isə Moskva ilə Yerevan arasında anlaşmaların yerinə yetirilməsinin göstəricisi ola bilər. Koçaryan və onun xələfi - keçmiş prezident Serj Sarqsyanın hakimiyyətlərinin təkcə azərbaycanlıların deyil, həm də ermənilərin qanı üzərində qurulduğunu Ermənistan ictimaiyyəti yaxşı anlayır. Xocalıda tökülən qan üzərində Koçaryan və Sarqsyan Ermənistanda hakimiyyətə gəliblər. 2008-ci ilin mart hadisələrində biri iqtidarı qan tökməklə o birinə təhvil verib. Nədənsə, təxminən, 20 il əvvəl baş vermiş bir cinayət hadisəsi unudulur. Axı 1999-cu il oktyabrın 27-də Yerevanda Ermənistan parlamentində avtomat silahlardan atəş açılanda da Koçaryan prezident idi. Həmin adamlar Robertlə görüşməyi tələb ediblər. Onların başçısı Nair Unanyan Ermənistanın o vaxtkı baş naziri Vazgen Sarkisyana üzünü tutaraq “yetər qanımızı içdiniz” demiş və onu güllələmişdi. Həmin hadisə nəticəsində parlament sədri və müavinləri, nazir, deputatlar daxil olmaqla 8 nəfər ölmüş, 30 nəfər yaralanmışdı. Bu qətl hadisəsinin səbəbi və günahkarlar, sifarişçilər hələ də dəqiq məlum deyil. Ancaq hadisənin sifarişçisi kimi Koçaryanın adı hallanır.

Beləliklə, Robert Koçaryanın bir cinayət hadisəsi üzrə deyil, üç cinayət faktına görə mühakimə edilməsi daha ədalətli olar: 1992-ci il fevralın 26-sı, 1999-cu il oktyabrın 27-si və 2008-ci il martın 1-i.

Atalar deyib: “Haqq nazilər, ancaq üzülməz”. İndi Moskva ilə Yerevan Koçaryanı top kimi o yana bu yana atır. Bunu anlayan üçün böyük dərs olar. Koçaryandan sonra növbə erməni qanı üzərində prezident olmuş Serj Sarqsyanındır. Törətdikləri qanlı əməllərə görə onların Azərbaycan və Ermənistan ictimaiyyətindən üzr istəməsi hələ gec deyil. 

Son xəbərlər

Orphus sistemi