"İŞİD Xorasan" Əfqanıstanda fəallaşır - "Taliban"a qarşı yeni müxalifət formalaşır

"İŞİD Xorasan" Əfqanıstanda fəallaşır - "Taliban"a qarşı yeni müxalifət formalaşır Avqustun 26-da Kabildə Həmid Kərzay Beynəlxalq Hava Limanında terror törətməklə İŞİD qruplaşması özünü yada saldı.
Analitika
30 Avqust , 2021 15:20
İŞİD Xorasan Əfqanıstanda fəallaşır - Talibana qarşı yeni müxalifət formalaşır

Avqustun 26-da Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında terror törətməklə İŞİD qruplaşması özünü yada saldı. Bu terrorçu qruplaşmanın törətdiyi terror aktı nəticəsində 15 ABŞ hərbçisi olmaqla 200-ə yaxın insan ölüb. Bu qanlı hadisənin məsuliyyətini İŞİD-in Əfqanıstandakı "İŞİD Xorasan" adlı qruplaşması öz üzərinə götürüb.

Əslində, "İŞİD Xorasan"ın bununla bir sıra ismarışlar verdiyini ehtimal etmək olar:

- hakimiyyətdə təmsil olunmaq istəyir;

- Əfqanıstanın bir hissəsinə iddia edir;

- mövcudluğunu bildirir.

Çünki Əfqanıstanda Xorasan adlı bölgə mövcud deyil. Bu adda İranda əvvəllər bir əyalət olub. 2004-cü ildə bu əyalət mərkəzi Bocnurd olan Şimali Xorasana, mərkəzi Bircend olan Cənubi Xorasana və mərkəzi Məşhəd olan Xorasan-Rezaviyə bölündü. Tarixi Böyük Xorasana isə İran, Tacikistan, Əfqanıstan, Özbəkistan və Türkmənistan daxil olub. "İŞİD Xorasan" bu ərazilərdə “xilafət” yaratmağa iddia edir. Onların hədəfi "Xorasandan başlayıb Qüdsədək hərəkət" etməkdir.

Ümumiyyətlə, ideoloji baxımdan oxşar olsalar da, "Taliban"la "İŞİD Xorasan"ı bir-birindən bu kimi ideyalar fərqləndirir. "Taliban" Əfqanıstanda, "İŞİD"in adıçəkilən qruplaşması isə bütün müsəlman ölkələrini “bir xilafətdə” birləşdirmək uğrunda mübarizə apardığını bildirir. Bu qruplaşma 2015-ci ildə "Taliban"la Əfqanıstanda Nanqarhar, Gilmend, Fərəh və Zabul əyalətlərində toqquşmuşdu. Onda hər iki tərəf itki vermişdi. Həmin toqquşmadan sonra “Taliban”ın sıralarından çıxaraq “İŞİD Xorasan”a qoşulanların olduğuna dair xəbərlər yayılmışdı. Bu ay (2021-ci ilin avqustu) “tələbələr” Kabili ələ keçirəndən sonra Əfqanıstan Milli Təhlükəsizlik Direktorluğunun həbsxanasından İŞİD-çilər istisna olmaqla bütün məhbusları sərbəst buraxmışdı. İŞİD qruplaşmasının 9 liderini, o cümlədən Əbu Ömər Xorasani təxəllüslü terrorçubaşını da edam etmişdi. Bu kimi hadisələr "Taliban"la "İŞİD Xorasan" arasında ziddiyyətin olduğunu ehtimal etməyə əsas verir. Yeri gəlmişkən, “Əl-Qaidə” terror qruplaşması da “tələbələr”ə yuxarıdan aşağı baxır, onları “savadsız” sayır.

Deməli, "İŞİD Xorasan" Əfqanıstanda gərginliyin davam etməsi və yeni toqquşma üçün mənbə ola bilər. ABŞ iddia edir ki, “xorasançılar"ın mövqelərini pilotsuz uçuş aparatları ilə vurub. Bu isə deməyə əsas verir ki, onların Əfqanıstanda mövcudluğu Birləşmiş Ştatlara çoxdan məlumdur. Onda İŞİD-in yenidən zühurunda hədəflərdən biri də İran daxil olmaqla “Böyük Xorasan”a aid dövlətləri və Rusiyanı təhdid etməkdir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Tacikistan ərazisində hərbi bazası var. Regionda üçüncü dövlətdə İslam adı altında yenidən hakimiyyət formalaşdırılacaq. Pakistan və İrandan sonra "Taliban" yenidən Əfqanıstanda buna cəhd edəcək. Pakistan İslam Respublikası demokratik dəyərlərə daha çox üstünlük verən, siyasi rəqabətli, daha çox inkişaf etmiş, tolerant dövlətdir və s. İran İslam Respublikası isə məzhəb prinsipləri ilə idarə edilən, İsrail və ABŞ-ın məhv olmasını hədəfləyən hakimiyyətdir. "Taliban" Əfqanıstanda bu iki qonşu dövlətdən hansının modelini götürəcək? Məlumata görə, “tələbələr” qarşıdan gələn iki həftə ərzində yeni hakimiyyətin tərkibini açıqlayacaq. Onlar artıq Əfqanıstanın 34 əyalətindən 33-nə yeni vali təyin ediblər. Yeni hakimiyyətdə ölkədəki bütün etnik qrupların liderlərinin təmsil olunacağı bildirilir. Yeri gəlmişkən, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar bildirib ki, keçmiş dövlət başçısı, puştun etnik qrupunun nümayəndəsi Həmid Kərzai və sabiq xarici işlər naziri, tacik etnik qrupundan olan Abdullah Abdullahın ev dustağı olmaları barədə yayılan məlumatlar əsassızdır və hər iki siyasətçi fəaliyyətini davam etdirir. "Taliban" bildirib ki, yeni hökumətdə ilk növbədə ədliyyə, daxili təhlükəsizlik, müdafiə, xarici işlər, maliyyə, informasiya sahələrinə dair nazirlər və Kabil şəhərinin işləri üzrə xüsusi administrasiya təyin olunacaq.

Belə ehtimal etmək olar ki, türklərin lideri marşal, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdül Rəşid Dostum və taciklərin başçısı Əhməd şah Məsudun oğlu Əhməd Məsud, yaxud onların təmsil etdiyi siyasi qüvvə də koalisiyada iştirak edəcək. Çünki hər iki qüvvənin “tələbələr”ə qarşı silahlı müqaviməti dayandırması onlara vədlər verildiyini düşünməyə əsas verir. Fikrimcə, Türkiyənin "Taliban"la münasibəti həm də onların türklərə yanaşmasından daha çox asılı olacaq.

Beləliklə, Əfqanıstanda yeni hakimiyyətin formalaşacağı elan olunub. ABŞ Kabil hava limanında terror törədənlərə xəbərdarlıq edib. Prezident Cozef Bayden deyib: “Bu hücumu edənlər, Amerikaya kin-nifrət bəsləyənlər onları bağışlamayacağımızı bilirlər. Biz sizi izləyib əvəzini ödəməyə məcbur edəcəyik”.

Cozef Bayden
Cozef Bayden

Bu baxımdan ABŞ "İŞİD Xorasan"ı izləmək məqsədilə Əfqanıstanda "Taliban"a yardım edə bilər. Amerika və NATO-dakı müttəfiqləri Əfqanıstanı tərk etməyə başlayandan sonra “tələbələr” fəallaşdı və üç ay ərzində mərkəzi, legitim hakimiyyəti devirərək Əfqanıstana nəzarəti ələ keçirdi. Bununla yanaşı, "İŞİD Xorasan" da ölkədə fəallaşdı. Belə çıxır ki, bu qruplaşma "Taliban"a müxalifət rolunda çıxış edəcək, onun İran və antiqərb blokuna yaxınlaşmasına mane olacaq. Zatən Əfqanıstanın da siyasi tarixində bu ziddiyyət çox ciddi amil olub. Hələ ki "Taliban" ölkədə vəziyyəti sabitləşdirməyə, gərginliyi azaltmağa çalışır.

Son xəbərlər

Orphus sistemi