İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı - Azərbaycanın uğuruna sevinənlər - ŞƏRH

İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı - Azərbaycanın uğuruna sevinənlər - ŞƏRH Azərbaycanın 44 günlük döyüşlərdəki qələbəsi İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müttəfiqləri tərəfindən bir daha alqışlandı
Analitika
117
5 Mart , 2021 13:49
İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı - Azərbaycanın uğuruna sevinənlər - ŞƏRH

Azərbaycanın Vətən müharibəsində qələbəsi İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müttəfiqləri tərəfindən bir daha alqışlandı.

Belə ki, martın 4-də ECO-nun videoformatda XIV Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri İmran Xan, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak ediblər. Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar toplantıya müşahidəçi ölkənin rəhbəri kimi qatılıb. Qeyd edək ki, ECO hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı sayılır. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Türkmənistan ECO-ya qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var. ECO-nun genişləndiyi həmin gün təşkilatın təqvimində “ECO günü” kimi qeyd edilir.

Əslində, ECO regional təşkilat olduğundan üzv dövlətlərin problemləri bir-birinə təsir edə bilir. Onlar həm də təhlükəsizlik məsələsini bir qayda olaraq önə çəkirlər. Üzv dövlətlər bu istiqamətdə bir-birini dəstəkləyirlər. Zirvə toplantısında Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin 44 günlük döyüşlərdə Azərbaycanın uğurlarını bir daha vurğulamaları da bu fikri təsdiqləyir.

İmran Xan
İmran Xan

Sammitə sədrlik edən Pakistanın Baş naziri İmran Xan Azərbaycanı qələbə münasibətilə təbriklərini çatdırıb: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin uğurla azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”. İmran Xan bununla iki ölkə arasında ənənəvi əməkdaşlıq və əlaqələrin yüksək səviyyədə olduğunu bəyan edib. Bu, Pakistanın dövlət olaraq Azərbaycana münasibətinin birmənalı olduğunu yenidən sübut etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın 44 günlük döyüşlərdəki qələbəsini dastanvari adlandırmaqla qardaş dövlətin sevincinin böyüklüyünü nümayiş etdirdi: “Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanvari zəfərlə azad edib. Bölgədə yeni dövrün qapılarını açıb. Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin olunmasına yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycanla həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı sülh addımları ilə regional sabitliyin parçası olacağına ümid edirik”.

Məhəmməd Əşrəf Qani
Məhəmməd Əşrəf Qani

Əfqanıstan tarixən Azərbaycanla hərtərəfli əməkdaşlıq edib. Silahlı qarşıdurmanın davam etməsinə baxmayaraq, bu dost dövlət həmişə Azərbaycanın yanında olub. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış edərək deyib: “Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur Azərbaycanı parlaq qələbə münasibətilə təbrik edərək deyib: “Gəlin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək”.

Hadi Suleymanpur
Hadi Suleymanpur

Prezident İlham Əliyev cavab çıxışında deyib: “Əvvəlcə, mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim”.

Yeri gəlmişkən, Azərbaycan ECO-ya üzv ölkələrlə başqa beynəlxalq təşkilatlarda da bir yerdə fəaliyyət göstərir. Bu baxımdan həmin dövlətlərin bir-birinin problemlərinin həllinə yardım etməsi bir ənənəyə çevrilib.

2020-ci il həm də pandemiya ilə yadda qaldı. Odur ki, bu üzv dövlətlər arasında iqtisadi əlaqələrə də təsirsiz ötüşməyib. 2019-cu ildə Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb. Azərbaycanda xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. 2017-ci illə müqayisədə 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 37 faiz artıb.

İlham Əliyev
İlham Əliyev

2021-ci il yanvarın 16-da Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalanıb.

Azərbaycan Pakistanla bütün sahələr üzrə əməkdaşlıq edir. Rəsmi Bakı Kəşmir probleminin həllində həmişə Pakistanı müdafiə edib. Məhrum prezident Heydər Əliyev 1996-cı il aprelin 9-da Pakistanda səfərdə olarkən iki ölkə liderləri Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişdilər. “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”, - o mətbuat konfransında vurğulamışdı. Prezident İlham Əliyev bu il martın 3-də çıxışında bildirib: “Azərbaycan Kəşmir daxil olmaqla bütün məsələlərdə Pakistanı dəstəkləyir”. Bu, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin vurğuladığı “Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi” açıqlamasını bir daha təsdiqləyir.

Pakistanla əlaqələrin əhatəli olduğunu daha bir fakt da təsdiqləyir. 2008-ci ildə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binasının açılış mərasimi olub. Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş yeni bina Azərbaycan xalqının dost Pakistan xalqına hədiyyəsidir. 2015-ci il martın 11-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub.

Beləliklə, Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin Prezident İlham Əliyevi Vətən müharibəsində qələbə münasibətilə təbrik etməsi həmin ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsi, Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir. Azərbaycanın 44 günlük döyüşlərdəki qələbəsi regional əməkdaşlıqlar üçün də yeni imkan, şərait yaradıb. Bu şərait Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstanı və onların müttəfiqlərini bir-birinə daha yaxınlaşdıracaq. Bu ölkələrin əməkdaşlığı isə beynəlxalq təhlükəsizliyin təmininə, iqtisadi əlaqələrə, nəqliyyat daşımalarının inkişafına müsbət təsir edəcək. Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin Azərbaycanı təbrik etmələri dünya üçün dost və müttəfiqliyə örnək də sayıla bilər.

Son xəbərlər

Orphus sistemi